Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin təsis konfransı keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev təsis olunan Ailə Təsərrüfatları İctimai Birliyinin qarşısında duran vəzifələri diqqətə çatdırıb, fəaliyyət prinsipləri barədə məlumat verib. Qeyd olunub ki, birliyin yaradılmasında məqsəd muxtar respublikada ailə təsərrüfatı ilə məşğul olan şəxslərə informasiyaların verilməsi, maddi dəstək göstərilməsi, həmçinin onların potensialından cəmiyyətin iqtisadi həyatında səmərəli istifadə olunmasını təmin etməkdir. Birliyə muxtar respublikadakı ailə təsərrüfatçıları arasından daha çox fəallıq göstərənlər üzv qəbul edilib. Bildirilib ki, həmin təsərrüfat sahibləri birliyin işində də fəallıq göstərməlidirlər.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov qeyd edib ki, ailə təsərrüfatı məhsullarının tanıdılması məqsədilə ötən dövrdə Naxçıvan Biznes Mərkəzindəki sərgi salonunda 45 ailə təsərrüfatının 108 növdə, 140 çeşiddə məhsulu nümayiş olunub. Eyni zamanda istehsal edilən məhsulların satışı üçün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında “Ailə təsərrüfatı məhsulları” festivalları təşkil olunur. Bu da təsərrüfat sahiblərinin məhsullarının satışına müsbət təsir edir. Nazir ailə təsərrüfatlarına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.
Sonra birliyin idarə heyəti sədrinin, sədr müavini və idarə heyətinin seçilməsi təklifləri irəli sürülüb. Səs çoxluğu ilə Şərur rayonunun Düdəngə kənd sakini, ailə təsərrüfatçısı Mübariz Şirəliyev birliyə sədr, Babək rayonunun Naxışnərgiz kənd sakini, ailə təsərrüfatçısı Qəzənfər Qurbanov sədr müavini seçiliblər. 8 ailə təsərrüfatçısı isə birliyin idarə heyətinə daxil edilib.
Konfransda birliyin nizamnaməsi qəbul olunub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti