Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da mühüm sahələrdən olan aqrar bölmənin inkişafı diqqət mərkəzində saxlanılır.Belə ki, rayonda da daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşdırılıb. Rayonun təbii-coğrafi şəraiti, göstərilən dövlət dəstəyi, zəhmətkeş insanların əməyi ailə təsərrüfatlarının inkişafına stimul verib.
Culfa rayonunda keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı muxtar respublikada ənənəvi olaraq təşkil olunan yarmarka, sərgi-satış və festivalların davamı kimi yadda qalan oldu. Festivalda rayonun 23 yaşayış məntəqəsindən 30-dan çox ailə təsərrüfatı iştirak edib. Ailə təsərrüfatçıları festivala 184 adda 3400 qablaşdırılmış məhsul çıxarıblar. Festivalda müxtəlif növ mürəbbələr, pendir, qatıq, cəviz, meyvə quruları və araqları, eləcə də turşular, çaxırlar, kompotlar, xüsusilə qovurma və dərman bitkiləri alıcılara təklif edilib.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin 165 əl işi də festivalda nümayiş olunub, həmçinin iaşə xidməti də göstərilib. Rayon icra hakimiyyəti nümayəndələrinin, sakinlərin kütləvi çəkildə iştirak etdiyi festivala Culfa Rayon Mədəniyyət Evinin “Çeşmə” İnstrumental Ansamblının kollektivi festivala rəngarənglik qatıb.
Alim AĞAYEV