22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda sığorta işinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib. Maliyyə nazirinin müavini Həsən İsmayılov tədbirdə çıxış edərək sığortanın müasir cəmiyyət həyatındakı rolundan və dövlət maliyyə siyasətinin həyata keçirilməsində onun əhəmiyyətindən danışıb. Bildirilib ki, inkişaf etmiş və yüksək göstəricilərə malik bütün dünya ­ölkələrində dövlət maliyyə sisteminin inkişafında sığorta sahəsi də mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında bildirib ki, muxtar respublikamızda sosial-iqtisadi inkişafın sürətlənməsi ilə sığortaya da olan maraq artmaqdadır. Eyni zamanda insanların həyatı, sağlamlığı və əmlakının qorunması üçün zəruri tədbirlər görülsə də, qaçılması mümkün olmayan hadisələrdən zərər dəyməsi hər zaman baş verə bilər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında sığorta işinin müasir tələblər səviyyəsində qurulması istiqamətində ölkəmizdə qüvvədə olan qanunlara əsasən icbari və könüllü sığorta növləri üzrə bir sıra işlər aparılmaqdadır. Bu baxımdan sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə verilmiş tapşırıqların mühüm əhəmiyyəti olub. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Dövlət Baş Sığorta Agentliyi qarşısında sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması üzrə qoyulan tapşırıqların icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Bildirilib ki, hazırda muxtar respublikamızda müxtəlif sığorta növlərinin geniş yayılması baş verən gözlənilməz hadisələr zamanı sığor­talı vətəndaşlara dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə imkan yaradır.
Vurğulanıb ki, dövlət büdcəsindən maliyyələşən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödənilir.
Tədbir iştirakçılarının diqqətinə sığorta ödənişlərinin verilməsi sahəsində qanunvericiliyin tələbləri də çatdırılıb. Bildirilib ki, dövlət müəssisələrində çalışanlar kollektiv üzvlərini maarifləndirmək və ünsiyyətdə olduğu vətəndaşları sığortanın əhəmiyyəti barədə məlumatlandırmaqla onlara köməklik göstərmiş olurlar.
Tədbirdə büdcə təşkilatlarında işləyən şəxslərin könüllü sığortalara cəlb olunmasının əhəmiyyətinə toxunulub. Qeyd edilib ki, yaradılmış şəraitdən istifadə etməklə sığorta işinin səmərəliliyinin artırılması üçün maarifləndirmə və təbliğat işlərinə geniş yer verilməli, bu barədə muxtar respublikanın hər bir vətəndaşı sığortanın əhəmiyyəti barədə məlumatlandırılmalıdır.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR