Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac etmək imkanlarına malik istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Tabak Tütün Məmulatları İstehsalı və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
2006-cı ildən fəaliyyətə başlayan müəssisədə Böyük Britaniyanın “Molins” və Almaniyanın “Hauni” firmalarından alınmış, istehsal gücü dəqiqədə 2500-3000 ədəd filtrli siqaret olan texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin İngiltərənin “Molins”, “Marden Edvard” və ABŞ-ın “Scandia” şirkətlərinin texnologiyası əsasında quraşdırılmış siqaretpaketləyən istehsal xəttində dəqiqədə 150-180 qutu filtrli siqaret qablaşdırılır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Yaxın vaxtlarda daha 2 adda siqaret istehsalına başlanılması planlaşdırılır. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya, Türkiyə, İran, Pakistan və digər xarici ölkələrdən alınır. İstehsal gücü ayda 10 min böyük qutu olan “Cahan Tabak” bir sıra xarici şirkətlərlə də əməkdaşlıq edir. Eyni zamanda Yaponiyanın “JTI”, Kubanın “Habanos”, Birləşmiş Ərəb Əmirliyinin “Al Fakher”, Cənubi Koreyanın “KT&G” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Müəssisədə istehsal prosesi avtomatlaşdırılmışdır. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan fabrikdə xammal xüsusi avadanlıqlarda hazırlandıqdan sonra istehsal xətlərinə buraxılır və məhsulun çeşidinə uyğun müəyyən ölçülərdə kəsilib ayrı-ayrı qutularda qablaşdırılır. Hazır məhsul satış şöbəsi vasitəsilə sifarişçilərin ünvanlarına, həmçinin topdan və pərakəndə satış obyektlərinə göndərilir. Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir ki, bu da xammal və hazır məhsulların müəyyən olunmuş normalara uyğunluğuna, məhsulun keyfiyyətinə ciddi nəzarət etməyə imkan verir. Burada istehsal olunan məhsullar muxtar respublikanın tələbatını ödəyir. Qalan hissə isə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı şəhərində fəaliyyət göstərən satış mərkəzi vasitəsilə ölkəmizin digər regionlarında satışa çıxarılır. Şirkətdə istehsal prosesinin keyfiyyətli xammal və beynəlxalq standartlara cavab verən texnologiya əsasında aparılması daxili bazarla yanaşı, xarici bazara da çıxmaq imkanı yaradır. Elə bu səbəbdəndir ki, ölkəmizdə və xarici ölkələrdə keçirilən biznes-forumlarda fabrikin nümayəndələri yaxından iştirak edir, tütün məmulatları istehsalı sahəsi üzrə qabaqcıl təcrübəyə malik şirkətlərlə təcrübə mübadiləsi aparılır və xarici əlaqələr genişləndirilir. Hazırda “Cahan Tabak Tütün Məmulatları İstehsalı və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyətinin dünyanın 15-ə yaxın ölkəsinin qabaqcıl şirkətləri ilə iqtisadi əlaqələri mövcuddur.
Daxili bazara müxtəlif çeşiddə yüksəkkeyfiyyətli məhsullar çıxaran və rəqabətqabiliyyətli müəssisəyə çevrilən fabrikə əvvəllər xarici şirkətlərdən bu sahə üzrə təcrübəyə malik mütəxəssislər dəvət olunurdusa, artıq bu problem aradan qaldırılmış, ötən dövr ərzində müasir texnologiyanı mənimsəmiş gənc mütəxəssislər yetişdirilmişdir. Hazırda müəssisədə 36 nəfər yerli mütəxəssis çalışır ki, onlar da yüksək əməkhaqqı və servis xidməti ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan əlverişli biznes mühiti artıq öz uğurlu bəhrəsini verməkdədir. Daxili bazarın tələbatını ödəyən yeni istehsal müəssisələri ilə yanaşı, xarici ölkələrin qabaqcıl şirkətləri ilə iqtisadi əlaqələr qurub yüksəkkeyfiyyətli məhsul istehsal edən yeni istehsal müəssisələri də həyata vəsiqə almışdır. Bu, muxtar respublikanın iqtisadi inkişafının göstəricisi, sahibkarlığa göstərilən dövlət qayğısının məntiqi nəticəsidir.
Kərəm HƏSƏNOV