22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının ən qiymətli sərvəti onun insanlarıdır” fikri əsas götürülərək muxtar respublikada iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən mühüm tədbirlərlə yanaşı, səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi də əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poli­klinikası, Babək, Ordubad, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 37 həkim ambulatoriyası, 53 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

Səhiyyənin inkişafı istiqamətində Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisaslı tibb kadrlarının hazırlanması davam etdirilir. Bununla yanaşı, bu sahədə çalışanların bilik və təcrübələrinin artırılması məqsədilə çoxsaylı seminarların, konfransların keçirilməsi və tibb işçilərinin kurslara göndərilməsi ümumi inkişafa stimul yaradıb.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 31 may tarixli Sərəncamına uyğun olaraq 2018-ci ilin yanvar ayından Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
İnsanların sağlamlığının qorunmasında keyfiyyətli ərzaq məhsulları ilə yanaşı, içməli su təminatı da mühüm rol oynayır. Su ilə yayıla bilən xəstəliklərin azaldılması və su mənbələrinin təmizlənməsi inkişaf edən ölkələrdə əhəmiyyətli sağlamlıq tədbiridir.
Bu istiqamətdə muxtar respublikada yeni kaptajlar tikilmiş, içməli su xətləri çəkilmiş, mövcud kaptajlar və içməli su xətləri bərpa olunmuşdur. Ötən dövrdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kənd­lərinin içməli su və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Muxtar respublikada ekoloji sabit­liyin təmin olunması və ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Geniş vüsət almış yaşıllaşdırma tədbirlərinin nəticəsi olaraq təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada 4820 hektara yaxın sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır ki, bu da əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına da ciddi təkan vermişdir. Belə ki, 2010-cu ildə muxtar respublikada doğulanda gözlənilən ömür uzunluğu 75,1 yaş, o cümlədən kişilərdə 73,2, qadınlarda isə 76,9 yaş təşkil edirdisə, 2018-ci ildə bu göstərici 78,6, o cümlədən kişilərdə 76,6, qadınlarda isə 80,5 yaş səviyyəsində olmuşdur.
Bu istiqamətdə cari ilin yanvar-oktyabr aylarında da mühüm tədbirlər həyata keçirilmiş, Şərur rayonunun Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambu­latoriyası binalarının, Şərur rayonunun Alışar və Babək rayonunun Gülşən­abad kənd­lərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır. Bundan əlavə, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması da həyata keçirilmişdir.
Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamı ilə Şərur rayonunda, 2019-cu il 5 iyul tarixli Sərəncamı ilə Kəngərli rayonunda və 2019-cu il 31 oktyabr tarixli Sərəncamı ilə Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır.
Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin ötən dövründə Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsi istifadəyə verilmiş, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir.
Bundan əlavə, Şahbuz rayonunun Türkeş və Babək rayonunun Gülşən­abad kəndlərində içməli su xətlərinin çəkilişi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində içməli su xəttinin çəkilişi davam etdirilmişdir.
Cari ilin yaz əkini dövründə 183,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 107 mindən artıq ağac və gül kolu əkilmişdir. Babək rayonunda Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleks və “İqlim otağı”, ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılmışdır.
Bütün sahələrdə qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin sağlamlığına və sosial müdafiəsinin gücləndirilməsinə yeni imkanlar yaratmaqla yanaşı, muxtar respublikamızın davamlı inkişafını da sürətləndirmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR