22 Dekabr 2024, Bazar

Ölkəmizin ümumi iqtisadi inkişafında xüsusi çəkiyə malik məqamlardan biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. 

Naxçıvan Muxtar Respublikasında da daxili imkanlar hesabına iqtisadiyyatın şaxələndirilməsi buranın ixrac imkanlarını genişləndirmişdir. Xüsusilə yerli istehsalın həcminin ilbəil artması xarici ticarət əlaqələrinin inkişafına öz töhfəsini verir. Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 351 milyon 390 min 800 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 307 milyon 559 min 300 ABŞ dollarını ixrac, 43 milyon 831 min 500 ABŞ dollarını idxal təşkil etmiş və 263 milyon 727 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. Bu isə yerli istehsalın inkişafı və nəticədə, daxili bazarın xarici məhsullardan asılılığının azalması ­deməkdir.

Muxtar respublikamızda sahibkar­lığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin yaradılması, mövcud olanların isə yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaratmışdır. Belə münbit şərait ticarət əlaqələrinin genişlənməsinə, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının genişlənməsinə imkan vermişdir. Məhz bunun nəticəsidir ki, diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal olunur. Hazırda muxtar respublikada 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Vurğulamaq yerinə düşər ki, ixracyönümlü, Naxçıvan mənşəli məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərinin gücləndirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Almaniya, İran, Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Xorvatiya, Polşa, Çexiya, Avstriya, Fransa, Türkiyə, Koreya Respublikası kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 25 beynəlxalq tədbirdə muxtar respublikadan 101 sahibkar­lıq subyektinin iştirakı təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara bu məqsədlə müxtəlif dəstək mexanizmlərinin tətbiq dairəsi genişlənməkdədir.
Yerli ixrac məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixracatçıların stimullaşdırılması məqsədilə 2019-cu ilin ötən dövründə 11 ixrac əməliyyatı üzrə 4700 manatdan çox ixrac təşviqinin verilməsi təmin edilmişdir.
İnvestisiya mühitinin yaxşılaşdırılması məqsədilə 2019-cu ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən şirkətlərin investisiya qoyuluşları ilə bağlı ümumi dəyəri 31 milyon 548 min manat olan 5 investisiya layihəsinə investisiya təşviqi sənədi verilmişdir.
Bu cür sistemli tədbirlər nəticəsində muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları artırılmaqla iqtisadi əlaqələrimiz daha da genişləndirilmişdir. Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdır. Cari ilin ötən dövrü ərzində muxtar respublikadan 14 xarici ­ölkəyə mineral sular, daş məhsulları, vafli və peçenyelər, plastik borular, tikinti materialları, tütün məmulatları, zinət əşyaları, alüminium külçələr, meyvə-tərəvəz məhsulları ixrac olunmuşdur.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur. Verilən sertifikatlar ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaradır.
Bu gün qarşıda duran əsas məqsədlərdən biri Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaqdır. Bu istiqamətdə atılan addımlardan biri də xaricdə Ticarət Evlərinin yaradılmasıdır. Kiyev, Minsk, Riqa, Varşava şəhərlərində fəaliyyət göstərən “Azərbaycan Ticarət Evləri”ndə muxtar respublika istehsalı olan vafli və digər şirniyyat məmulatları, “Badamlı” və “Sirab” mineral suları nümayiş olunur.
Ötən dövr ərzində yerli istehsal məhsullarının ixrac qabiliyyətinin artırılması və investisiyaların cəlb edilməsi istiqamətində AZPROMO və digər təşkilatlarla mütəmadi olaraq əlaqə saxlanılmış və müzakirələr aparılmışdır.
Sahibkarların mütəmadi olaraq maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi seminar və treninq­lər təşkil olunur. Məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilir.
İxracın artırılması üçün qarşıda duran əsas istiqamət isə rəqabət­qabiliyyətli və yüksəkkeyfiyyətli məhsulların istehsalının təşviqinə, müəssisələrin mövcud potensialının inkişafına, məhsulların daha geniş məkanda təbliğinə və ixracına nail olmaqdan ibarətdir. Gələcəkdə bu istiqamətlərdə həyata keçirilən tədbirlər daha da gücləndiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR