22 Dekabr 2024, Bazar

Ötən həftənin şənbə günü paytaxt şəhərimizin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında xüsusi yer ayrılmış ərazidə çoxlu insanın növbəyə dayandığını gördüm. Maraqlanıb burada təzə balıq satıldığını öyrəndim. Bildirdilər ki, balıq tutulmasına icazə verilən mövsümlərdə buradan təzə balıq almaq mümkündür. Neçə ildir ki, naxçıvanlılar bu imkandan istifadə edirlər...

... Fikrim uzun illər əvvələ, hələ tələbə ikən Naxçıvanda oxuduğum dövrə getdi. Həmin illərdə pərakəndə halda tutulan və sanitar tələblərə cavab verməyən yerlərdə satılan balıqları almaq məcburiyyətində qalırdıq. Ancaq bu, uzun çəkmədi.
Ulu öndərimiz Heydər Əliyev Naxçıvana gəldikdən sonrakı dövrdə bizim üçün xəyal kimi görünən bir çox problem qısa zamanda həll edildi. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, məqsədyönlü islahatların aparılması mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açdı. O cümlədən balıqçılığın inkişaf etdirilməsinə şərait yaradıldı. Arpaçayda, Arazda, su anbarlarında qiymətli balıq növləri yetişdirilməyə başlanıldı. Bu sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər artıq bu qiymətli nemətin çoxaldılmasına imkan verib. Əhalinin keyfiyyətli balıq məhsullarına olan tələbatının ödənilməsi, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır. Ona görə də muxtar respublikada balıq və digər su resurslarının qorunması, bərpa və mühafizəsinə xüsusi diqqət yetirilir.
Bu gün muxtar respublikamızda fəaliyyət göstərən balıqçılıq təsərrüfatları əhalinin balıq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmağa çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. ­Hazırda Naxçıvanda nadir və nəsli kəsilməkdə olan balıq növlərinin əldə edilməsi məqsədilə süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Əvvəllər “akvakultura” adlanan göl balıqçılığı diqqətdən kənarda qalmışdırsa, indi bu balıqçılıq növünə də xüsusi diqqət yetirilir, balıq yetişdirən və balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.
Məhz bunun nəticəsidir ki, 4 il bundan öncə – sentyabr ayının 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklər olub.
Ötən günlərdə bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.

Naxçıvan şəhərində Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə öyrəndik ki, sovetlər dövründə yarıtmaz binalarda, köhnə avtomobillərlə və kiçik imkanlarla fəaliyyət göstərən kollektiv üçün bu gün müasir tələblər səviyyəsində şərait yaradılıb, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb. Məlumat aldıq ki, Naxçıvan “Balıqçılıq Təsərrüfatı”nın əsas ­vəzifəsi balıq ovlanması ilə yanaşı, həm də balıq yetişdirilməsidir. Bunun üçün kompleksdə 40 qapalı hovuzun hər birində 25 min olmaqla, il ərzində 1 milyon balıq yetişdirilməsi nəzərdə tutulub. Hovuzlar balıqların çoxalıb böyüməsi üçün zəruri mikrobioloji mühitlə təmin olunub, bunun üçün avadanlıqlar quraşdırılıb. Bu da imkan verir ki, muxtar respublikanın su hövzələrində balıq artırılması mövcud hövzələrimizin bioloji xüsusiyyətlərinə və əhalinin tələbatına uyğun şəkildə yerli imkanlar hesabına mümkün olsun. Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, muxtar respublikamızın Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır.
Qeyd edək ki, Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bu tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzində lazım olan həcmdə balıq ovlanır. Şəhərdə keçirilən kənd təsərrüfatı yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir. Su hövzələrindən gündəlik ovlanan balıq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır.
Təsərrüfatda 31 nəfər işləyir. Balıq ovu mövsümündə iqlim şəraitinə görə işçilər lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə balıqçılara çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Onların bir neçəsi ilə söhbətimizdə bunları söylədilər:
– İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Çox minnətdarıq ki, bizim üçün bu cür şərait yaradılıb. Əsas ona diqqət yetiririk ki, kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Axı bu sərvət, təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək. Elə buna görə də daim balıq ovunun qaydalarına ciddi əməl edəcəyik.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR