Bu il muxtar respublikada 70 tondan çox quru tütün tədarük edilib
Dünya iqtisadi sistemində gəlirlilik baxımından mühüm yer tutan sahələrdən biri də tütünçülükdür. Tütündən istifadə insan sağlamlığı üçün zərərli hesab edilsə də, ondan imtina azalmır, əksinə, dünya statistikasına görə hər bir ölkənin buna ehtiyacı var. Bu ehtiyacı ödəmək isə tütünçülüyün inkişaf etdirilməsini zəruri edir. Buna görədir ki, hazırda tütün istehsalı ilə məşğul olan ölkələr böyük həcmdə valyutalar qazanırlar. Ölkəmizdə də bu sahənin inkişafı keçmiş SSRİ dövründən diqqət mərkəzində olub. Vaxtilə tütün iqtisadi əhəmiyyətinə görə Azərbaycanda pambıqdan sonra ikinci texniki bitki hesab olunub.
Ötən əsrin 70-80-ci illərində ölkəmiz tütün istehsalına görə keçmiş ittifaq ölkələri arasında Moldova və Ukraynadan sonra üçüncü yeri tuturdu. Məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülük sürətlə inkişaf etdirilərək bu sahənin böyük sənaye potensialı yaradılmışdı. 1986-cı ildə ölkəmizdə 16,7 min hektar sahədən rekord miqdarda – 65 min ton tütün istehsal olunmuşdu. Bununla yanaşı, aparılan təcrübələr onu göstərmişdi ki, ölkəmizdə tütünçülüyün inkişafı 21 rayona uyğun olsa da, bu məhsulun ən yaxşı göstəriciləri Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur. Lakin ötən əsrin sonlarına doğru muxtar respublikanın blokada vəziyyətinə salınması digər kənd təsərrüfatı sahələri ilə bərabər, tütünçülüyün də inkişaf etdirilməsini sonlandırmışdı.
Maraqlı məqamlardan biri də odur ki, Sovetlər Birliyi dağıldıqdan sonra Dünya Bankı ilə birlikdə ölkəmizdə aqrar sektorla bağlı layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə baxmayaraq, tütünçülük sektoru arxa planda qaldı. Dünya Bankının ekspertləri səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə addım kimi qələmə verirdilər. Ancaq burada məqsəd tamamilə başqa idi. Artıq getdikcə dünya iqtisadi bazarına nəzarət edən güclər bu gəlirli sahəni öz əllərində saxlamaq istəyirdilər. Məhz həmin dövrdə ABŞ-da tütün istehsalı və ixracı xeyli artmışdı, eyni zamanda bu sahədən götürülən gəlirlər də. Ötən dövrdə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq, tütün istehsalının nəinki azalmadığını, hətta artdığını görürük. Bu səbəbdən də hazırda bir çox ekspertlər inkişaf etmiş ölkələrin tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə yaradılmış monopoliyaya xoş baxmırlar. Hətta yaşayış səviyyəsi aşağı olan ölkələrə ucuz siqaretlərin böyük ixracının səbəbinin yetişdirilən tütünün genetik modifikasiyaya məruz qalması da heç kimə sirr deyil. Bütün bu proseslərin məntiqi nəticəsidir ki, ölkə başçısı cənab İlham Əliyev iki il bundan əvvəl keçirilən respublika müşavirəsində tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, tütün zərərli məhsul olsa da, əgər özümüzdə yoxdursa, o zaman bunu kənardan idxal etmək məcburiyyətində qalacağıq. Bu zaman isə milyonlarla vəsait xaricə axacaq. Prezident cənab İlham Əliyev həmin müşavirədə qeyd etdi ki, 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli, təqribən, 6 min hektara çatdırılmalıdır. Hətta bunu da əlavə etdi ki, belə olan halda, orta məhsuldarlıq 2 ton götürülərsə, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəyə böyük xeyir gətirəcək, valyuta xaricə getməyəcək, əksinə, ixrac imkanları yaranacaq.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” artıq bu dövrdən başlayaraq tütünçülüyün inkişafı sahəsində yeni imkanlar açdı.
Naxçıvan Muxtar Respublikasında da bu ənənəvi sahənin inkişafı üçün lazımi addımlar atıldı. Belə ki, ilk olaraq 2017-ci ildə Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkini aparıldı. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən rayonun həmin kəndlərində, əsasən, “Virciniya”, “Oriental” və “İzmir” tütün sortlarına üstünlük verildi. Həmin ilin oktyabr ayında Tütün Yetişdirmə Təsərrüfatı da fəaliyyətə başladı. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradıldı. Həmin il 12 tona yaxın quru tütün istehsal olundu. Növbəti ildə isə tütün əkilən sahələrin həcmi daha da artırıldı. 2018-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparıldı ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çox idi. 2018-ci ildə 41,5 hektar sahədən 51,5 ton qurudulmuş tütün tədarük edildi. Bu da bir il öncəki göstəricidən 4,6 dəfə çox idi.
Bu günlərdə isə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə yenidən əlaqə saxladıq. Aldığımız məlumata görə, 2019-cu ildə Kəngərli rayonunda 30, Babək rayonunda 18, Şərur rayonunda isə 2 hektar olmaqla, ümumilikdə, 50 hektar sahədə tütün əkini aparılıb. İstərdik ki, adıçəkilən rayonlar üzrə hər hektara düşən məhsuldarlığa da nəzər salaq. Belə ki, məhsuldarlıq Kəngərli rayonunda bir hektara görə 2357, Babək rayonunda 1284, Şərur rayonunda isə 1945 kiloqram təşkil edib. Ümumilikdə isə Kəngərli rayonunda 70 ton 723 kiloqram, Babək rayonunda 23 ton 112 kiloqram, Şərur rayonunda 97 ton 250 kiloqram quru tütün istehsal olunub. Muxtar respublika üzrə cəmi 50 hektardan 97 ton 250 kiloqram quru tütün istehsal edilib ki, bu da 2018-ci ildə əldə olunmuş quru tütündən 46 ton çoxdur.
Qeyd etmək lazımdır ki, bu gün dövlətin göstərdiyi qayğı nəticəsində muxtar respublikada tütünçülər bu sahədən yaxşı gəlir əldə edirlər. Tütünçülüklə məşğul olanlar əkinlərə aqrotexniki qulluq göstərilməsində, şumlama, kağlama və digər işlərdə müasir texnikalardan istifadə edirlər. Son nəticədə isə bu gün muxtar respublikada keyfiyyətli siqaretlər istehsal olunur və bu məhsulların xarici bazarlardakı coğrafiyası ildən-ilə genişlənir. Təkcə elə bu ilin may ayında Bakıda keçirilən “Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin tütün, qəlyan və siqaret çeşidlərindən ibarət məhsullarına böyük maraq göstərilib. Sentyabrın 20-22-də isə Almaniyanın Dortmund şəhərində dünyanın ən böyük tütün şirkətlərinin təmsil olunduğu “İnterTabac” sərgisində “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti “Made in Azerbaijan” brendi altında ölkəmizi təmsil edib. Şirkət sərgidə beynəlxalq səviyyədə rəqabətədavamlı yerli siqaretlərini, Naxçıvan tütünündən hazırlanmış Azərbaycanın ilk yerli qəlyan brendi olan “Shakh” qəlyan tütününü və Naxçıvanda yetişdirilən “Virciniya” və “İzmir” tütün sortlarını sərgiləyib. Sərgilənən bütün məhsullar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Xüsusilə İraq, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Ukrayna, Mərakeş, Suriya, Polşa, ABŞ, Serbiya, Tayvan kimi ölkələrdən yerli məhsullarımıza daha böyük maraq göstərilib.
Bütün bu qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, tütünçülüyün inkişafı ilə bağlı muxtar respublikamızda mühüm addımlar atılır. “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddətdə bu sahədə uğurlu nəticələr əldə edərək yerli məhsullarımızı dünya bazarında tanıtmağa və muxtar respublika iqtisadiyyatına töhfəsini verməyə çalışır.
Səbuhi HƏSƏNOV