Bu ilin ilk yarısının göstəriciləri davamlı inkişafdan xəbər verir
Abidələrinin yaşı minillərlə ölçülən, ölkəmizin incisi sayılan Ordubad hər zaman Azərbaycanın gəzməli-görməli yerlərindən biri olub, bənzərsiz təbiət mənzərələri, dadlı-tamlı meyvələri ilə seçilib. Son dövrlərdə rayonun inkişafına dövlət səviyyəsində göstərilən qayğının daha da artırılması nəticəsində bu bölgəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Rayonda son illərdə görülən işlərin miqyasına nəzər salsaq, açıq-aşkar görərik ki, ötən müddət ərzində burada nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılıb, körpülər və yollar salınıb, məktəblər, səhiyyə ocaqları, sosial-mədəniyyət müəssisələri üçün müasir binalar tikilib istifadəyə verilib, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya və digər sahələrdə böyük irəliləyişlər baş verib. Bu ilin ilk altı ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon 183 min 500 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,5 faiz artaraq 25 milyon 826 min 900 manat təşkil edib. Bəhs olunan dövrdə rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 18,3 faiz artaraq 27 milyon 945 min 500 manata çatıb. 2013-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 17,4 faiz artaraq 6 milyon 161 min 700 manat olub.
Tikinti-quruculuq tədbirləri genişləndirilib
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılovla söhbətimiz zamanı bildirdi ki, ilk yarımildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad şəhərində 242 yerlik uşaq bağçası binasının tikintisi, Ordubad Rayon Mərkəzi Xəstəxanasının, M.Füzuli adına tam orta internat məktəbi binasının təmiri başa çatdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsi üçün binanın inşası sürətlə aparılır. Bundan başqa, Nəsirvaz, Ələhi və Xurs yaşayış məntəqələrində kənd və xidmət mərkəzlərinin, məktəb binalarının, Sabirkənddə tam orta məktəb binasının, Bist kəndində ikimərtəbəli həkim ambulatoriyası binasının, Nəsirvaz kəndində muzeyin, Yuxarı Əylis kəndində isə məscidin tikintisi davam etdirilir. Nürgüt kəndində tam orta məktəb binasının yenidən qurulmasına, Ordubad şəhərində akademik Yusif Məmmədəliyevin ev-muzeyinin təmirinə başlanılıb. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad yol sahəsi binasının, dəmir yolu vağzalı binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin və transformator yarımstansiyası binasının əsaslı təmiri də hal-hazırda həyata keçirilən quruculuq tədbirləri sırasındadır. Ötən müddətdə rayonda böyük strateji əhəmiyyətə malik olan Ordubad Su Elektrik Stansiyasının inşası, Ordubad şəhərində kanalizasiya və içməli su xətlərinin çəkilişi və digər obyektlərin tikintisi davam etdirilib. Bu ilin ilk altı ayında, ümumilikdə, Ordubad rayonu ərazisində 26 tikinti obyektində inşaat işləri aparılıb. Rayon sakinləri üçün əlamətdar hadisələrdən biri də Ordubad şəhərində 242 yerlik müasir tələblərə cavab verən yeni uşaq bağçasının istifadəyə verilməsi olub.
Avqustun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Həmin gün Ordubad şəhərindəki “Ordubad” elektrik yarımstansiyasının da açılışı olub.
Sahibkarlığa dövlət dəstəyi gücləndirilir, yeni-yeni istehsal sahələri yaradılır
Ordubad Uzaq və Yaxın Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşdiyindən burada ticarətin və sənətkarlığın, xüsusən də ipəkçiliyin inkişafı üçün əlverişli şərait olub və indi də bu şərait mövcuddur. Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilib. 1875-ci ildə burada buxar mühərriki ilə işləyən ipəksarıma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarıma müəssisəsi fəaliyyət göstərib. Ordubad XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını yüksəkkeyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən birinə çevrilib. 1928-29-cu illərdə 12 kiçik ipək fabriki birləşdirilərək Ordubad İpək Kombinatı yaradılıb. 1988-ci ildən sonra muxtar respublikada digər istehsalat sahələri kimi ənənəvi ipək sənayesi də dayandırılıb. Daha bir iri müəssisə – Ordubad Konserv Zavodu 1930-cu ildə yaradılıb. Meyvə və giləmeyvələrdən müxtəlif mürəbbə, şirə, cem və povidlo hazırlanıb. Müstəqillik illərində bu zavodun fəaliyyəti qismən də olsa, bərpa edilib.
Bunlar Ordubadda sənayenin keçmişidir. Bəs bu gün? Bu gün muxtar respublikada özəl sektora göstərilən xüsusi diqqət nəticəsində Ordubad rayonunda da güclü sahibkarlar sinfi formalaşıb. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün kompleks tədbirlər görülüb, kreditlər, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə gübrə və yanacaq verilib. Kənd təsərrüfatının, özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi hər addımda hiss olunacaq qədər gücləndirilib. Buna görə də sahibkarlar istehsalın həcminin artırılması və keyfiyyətinin standartlara uyğun olması üçün səy göstərir, istər sənaye, istərsə də aqrar sahədə sahibkarlıqla məşğul olanlar daxili bazarın yüksək səviyyədə təmin olunmasına töhfələrini verir, ixracyönümlü məhsullar istehsal etməyə can atırlar. Hazırda Yuxarı Əndəmic kəndində iki, Aza və Vənənd kəndlərinin hər birində bir istixana kompleksinin, Aşağı Əylis kəndində heyvandarlıq, Üstüpü kəndində arıçılıq təsərrüfatlarının yaradılması, Ordubad “Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilir. Rayonda meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən rayonun torpaq mülkiyyətçilərindən 111 nəfərə 104600 manat, Sahibkarlığa Kömək Fondunun xətti ilə 3 rayon sakininə limon istixanalarının yaradılması üçün 51 min manat məbləğində kredit verilib. Sözsüz ki, həyata keçirilən bu tədbirlər daxili bazarın yerli və yüksəkkeyfiyyətli məhsullarla təminatına imkan yaratmaqla yanaşı, əhalinin məşğulluq probleminin həllinə də müsbət təsir edib.
Aqrar sahədə məhsuldarlıq yüksəlib
Ordubad rayonunda bu ilin məhsulu üçün 3932 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 2427 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 671 hektarını tərəvəz bitkiləri, 41 hektarını bostan bitkiləri, 573 hektarını kartof, 64 hektarını birillik otlar, 69 hektarını cari ildə əkilmiş çoxillik otlar təşkil edib. Bu ilin ilk 6 ayında Ordubad rayonunda diri çəkidə 932 ton ət, 3124 ton süd, 5 milyon 613 min 600 ədəd yumurta, 80,1 ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,5 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 28,4 faiz, yun istehsalı 3,4 faiz artıb. Balıqçılıqla məşğul olan müəssisələr tərəfindən 2013-cü ilin yanvar-iyun aylarında 38 min manat dəyərində balıq məhsulları istehlakçılara satılıb. Ötən müddətdə torpaq mülkiyyətçiləri tərəfindən 2145 hektar sahədə taxıl əkini aparılıb. Bunun da 1307 hektarı buğda, 838 hektarı arpa sahələri olub. Sahələrdən 5750 ton məhsul yığılıb. Orta məhsuldarlıq 26,8 sentner olub.
Sonda onu da qeyd edək ki...
Bu gün Ordubadda həyata keçirilən sosial-iqtisadi tədbirlər öz bəhrəsini verməkdə, demək olar ki, bütün sahələrdə inkişaf müşahidə olunmaqda, bunun da nəticəsində insanlarda yaradıcılıq, təşəbbüskarlıq, qurub-yaratmaq həvəsi daha da artmaqdadır. Müstəqilliyimizin ilk illəri ilə müqayisədə cəmiyyətimizdə müşahidə olunan yüksək dərəcədə fəallıq, işgüzarlığın olması həm də onu göstərir ki, bu gün hər bir rayon sakinində sabaha inam, ölkəmizi xoş gələcəyə doğru aparan Azərbaycan Prezidentinə sonsuz etibar, etimad var. Məhz bu amillər Ordubadı daha da çiçəklənən, ordubadlını isə hər zaman xoşbəxt, xoş güzəran sahibi edəcək.
Səbuhi HÜSEYNOV