Cari ilin may ayında Kəngərli rayonunda daha bir istehsal müəssisəsi yaradılıb. Xok kəndində fəaliyyətə başlayan müəssisə kərpic istehsalı ilə məşğuldur. “Urfan” kərpic istehsalı müəssisəsinin məhsulları ilk günlərdən keyfiyyəti ilə diqqəti çəkir. İlk olaraq müəssisə üçün 480 kvadratmetr sahədə istehsal sahəsi inşa olunub. Əraziyə elektrik xətti çəkilib. Müəssisənin daimi su ilə təminatı üçün artezian qazılıb. Burada istifadə edilən xammal yerli istehsal hesabına ödənilir. Ötən müddət ərzində istehsal olunan kərpicin standartlara uyğunluğu yoxlanılaraq satışına icazə verilib. Müəssisə öz işini hələlik fərdi sifarişlər əsasında qurub.
Qeyd edək ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün yaradılan şərait və mövcud imkanlar bu sahədə xeyli uğurlar qazanılmasına stimul olmaqla yeni istehsal sahələrinin yaradılmasına marağı artırıb. Kəngərli rayonunda da bu sahənin fəaliyyətinə geniş meydan verilib. Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində 10-dan artıq emal və istehsal müəssisəsi fəaliyyət göstərir.
Xəbərlər şöbəsi