Əsası ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulmuş yaşıllaşdırma tədbirləri geniş vüsət almış, yaşıllıq sahələrinin ərazisi 0,6 faizdən 10 faizədək artmışdır. Görülən işlər 2013-cü ildə də uğurla davam etdirilmişdir. Cari ilin ötən dövründə muxtar respublika ərazisində – çay vadilərində, sututarların ətrafında, magistral yol kənarlarında, eroziya və şoranlaşmaya meyilli ərazilərdə, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda 230 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, 280 000 ədəd ting (meşə və meyvə tingləri, həmişəyaşıl ağac, gül və bəzək kolları) əkilmişdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, 100 hektardan çox sahədə meyvə bağları salınmışdır. Xüsusilə tut bağçılıq təsərrüfatının daha da inkişaf etdirilməsi əsas məqsəd olmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfat sahələrində 1,5 hektar sahədə tut tinglərinin yetişdirilməsi üçün əkin işləri aparılmışdır. Regionun iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq tingyetişdirmədə ekoloji və iqtisadi səmərəlilik əsas götürülür. Hazırda nazirliyin tingyetişdirmə sahələrində yetişdirilmiş 300 000 ədəd ting muxtar respublika ərazisində tingə olan tələbatı tamamilə ödəyir.
Haliyədə yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, suvarma tədbirləri həyata keçirilir.
Xəbərlər şöbəsi