Naxçıvan Muxtar Respublikası Vergilər və İqtisadiyyat nazirliklərinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə “Nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması, rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın həyata keçirilməsi davam etdirilir.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Xudakərim Məmmədov qeyd edib ki, iqtisadi inkişafın təməl prinsiplərindən biri özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, maliyyə sövdələşmələrinin nağdsız hesablaşmalar vasitəsilə aparılması yüksək faydalılıq əmsalları ilə təzahür olunur. Bu gün muxtar respublikamızda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qənbərov bildirib ki, nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqram üzrə qarşıya qoyulmuş məqsəd və vəzifələr yerinə yetirilir. Eyni zamanda rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi, əhali və iqtisadi subyektlər arasında rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətlərində tədbirlər reallaşdırılır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərov nəzərə çatdırıb ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 1 noyabr 2019-cu il tarixə muxtar respublikanın ticarət və iaşə obyektlərində 1278 POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. Bununla bərabər muxtar respublikada ödəniş kartlarının sayı 270 min 536 ədədə çatdırılıb və 2019-cu ilin 10 ayı ərzində POS-terminal, internet və digər ödəniş vasitələri daxil olmaqla, nağdsız ödənişlərin həcmi 36 milyon 137 min 969 manat olub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti