Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən suvarma mövsümünü mütəşəkkil keçirmək, əkin sahələrinin su təminatı və su itkisinin qarşısının alınması, müasir suvarma sistemlərinin quraşdırılması istiqamətində işlər oktyabr ayında da davam etdirilmişdir. Qeyd olunan dövrdə su istifadəçilərinə 13 milyon kubmetr suvarma suyu verilmiş, təkrar suvarma daxil olmaqla, 10 min 908 hektar torpaq sahəsi suvarılmış, 7 kilometr beton və torpaq kanal, 20 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 3 kilometr yeni suvarma xətti çəkilmişdir.
Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Külüs kəndi ərazisindəki nasos stansiyasında, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğularda tikinti işləri davam etdirilmişdir.
Ötən ay suvarma və içməli su mənbəyi kimi istifadə olunan kəhriz və subartezian quyularının təmir-bərpası da diqqətdə saxlanılmış, 5 kəhrizdə bərpa işləri, 70 subartezian quyusunda təmir işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti