“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin oktyabr ayında 18 istehsal sahəsinin yaradılması başa çatdırılmışdır. Mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalçatoxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 49 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən oktyabr ayında 23 layihənin maliyyələşdirilməsinə 229 min 500 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində fond tərəfindən 16 ailə təsərrüfatına 126 min 500 manat həcmində güzəştli kreditlərin verilməsi təmin edilmişdir. Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2019-cu ilin oktyabr ayında aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 11 lisenziya, 6 icazə verilmiş, “Qаynаr хətt” vаsitəsilə 484 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sаhibkаrlаrın sоrğulаrı cavablandırılmışdır.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 38 mal çeşidini əhatə edən 70 halda səyyar, 211 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə etmişdir.
“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxana Kompleksində 4 xalça toxunmuşdur.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti