Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı onun bütün bölgələrinin simasını dəyişməklə bərabər, insanların qurub-yaratmaq əzmini də yüksəldib. Bu əzmkarlığın nəticəsidir ki, qədim yurdun hansı bölgəsinə üz tutsaq, günbəgün, aybaay dəyişilən, yeniləşən gözəlliyin şahidi oluruq. Sözsüz ki, bu inkişafda muxtar respublikanın hər bölgəsinin öz payı, öz yeri var. Xalq qəhrəmanı Babəkin adını daşıyan eyniadlı rayon da blokadada inkişaf möcüzəsinə öz töhfəsini verən rayonlarımızdan biridir. Xatırlatmaq yerinə düşər ki, Babək rayonu 1978-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb.
Sovet imperiyasının bütün milli düşüncələrə düşmən kəsildiyi bir dövrdə xalq qəhrəmanının adına rayon təşkil etmək ulu öndər Heydər Əliyevin mübariz və cəsarətli addımlarından biri idi. Yaranmasının 35-ci ilini yaşayan bu bölgə də son illər yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında 18 ilə yaxın bir dövrdə muxtar respublikada aparılan kompleks quruculuq tədbirlərindən adıçəkilən rayon da öz nəsibini alıb. Rayon mərkəzi olan Babək qəsəbəsi tamamilə yenidən qurulub, yeni inzibati binalar tikilib, Nehrəm, Cəhri, Vayxır, Məmmədrza Dizə, Şıxmahmud, Sirab, Zeynəddin, Yuxarı Uzunoba, Aşağı Uzunoba, Didivar, Nəzərabad, Kərimbəyli və Şəkərabad kəndlərində kompleks quruculuq işləri həyata keçirilib.
“Heydər Əliyev ili” elan olunan 2013-cü ilin birinci yarısını uğurlu nəticələrlə başa vuran rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb, iqtisadi göstəricilər qənaətbəxş olub. Belə ki, Babək qəsəbəsində Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi, Qoşadizə kəndində Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina, Şəkərabad kəndində tikilmiş kənd mərkəzi və əsaslı təmir olunmuş tam orta məktəb, yenidən qurulan rayon Qeydiyyat Şöbəsi və Dövlət Notariat Kontorunun binaları cari ilin ilk altı ayında istifadəyə verilən obyektlər sırasındadır. Bundan əlavə, qəsəbədə hazırda Babək Rayon Mərkəzi Xəstəxanasında və Tarix-Diyarşünaslıq Muzeyində son tamamlama işləri görülür, 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə əsaslı təmir olunur, uşaq bağçası üçün yeni binanın inşası davam etdirilir. Rayon mərkəzində aparılan kompleks quruculuq işlərində yol təmiri də mühüm yer tutur. Belə ki, hazırda Babək qəsəbəsinin Heydər Əliyev və “Azadlıq” prospektlərində yenidənqurma işləri aparılır, işıqlandırma dirəkləri yenilənir, asfalt yolun genişləndirilərək yeni səkilərin salınması işi davam etdirilir.
Yeni tikilən kənd mərkəzindən bəhrələnəcək ünvanlardan biri də rayonun Çeşməbasar kəndidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, rabitə evinin, baytarlıq məntəqəsinin, kitabxananın yerləşəcəyi kənd mərkəzində, inşası sürətlə aparılan həkim ambulatoriyası üçün binada işlər davam etdirilir. Bundan başqa, kənd tam orta məktəbinin binasının da təmir olunması nəzərdə tutulub. Rayonun böyük kəndlərindən biri olan Cəhri kəndində isə kənd sahə xəstəxanası və 1 nömrəli tam orta məktəb binalarında yenidənqurma işləri aparılır, xidmət mərkəzi tikilir.
“Heydər Əliyev ili”ndə rayonun quruculuq salnaməsinə yazılan layihələrdən biri də Hacıvar-Vayxır-Sirab avtomobil yolunun yenidən qurulmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 5 mart 2013-cü il tarixli Sərəncamına əsasən, avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun uzunluğu 25,6 kilometrdir. Yolun asfalt örtüklü hissəsinin eni 9, yol yatağı eninin isə 11 metrədək genişləndirilməsi nəzərdə tutulub. 18 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab yolunda 4 yeni körpü, 120 su keçidi və suötürücülər, yolun müvafiq hissələrində beton suaxıdıcı kanallar yerləşəcək ki, bu da nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsində, təbii təsirlərə davamlılıqda mühüm rol oynayacaqdır. Haqqında danışılan yolun əsas cəhətlərindən biri də Naxçıvan-Culfa magistralı ilə Naxçıvan-Şahbuz-Batabat yolunu bir-birinə birləşdirməsidir.
Cari ilin birinci yarısında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 32 milyon 171 min 700 manat investisiya yönəldilib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,8 faiz artaraq 30 milyon 411 min 700 manat təşkil edib.
Babək qəsəbəsi və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində rayonun Babək qəsəbəsi, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin, Badaşqan kəndində içməli su sisteminin çəkilişi, Yarımca kəndində içməli su ilə təminat məqsədilə su anbarının tikintisi işləri davam etdirilir. Bu ilin ilk altı ayında kəndlərin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə müxtəlifölçülü plastik və metal borularla 4880 metr içməli, müxtəlif ərazilərdə yeni salınmış yaşıllıqların suvarılması üçün 3675 metr uzunluğunda suvarma xətləri çəkilib. Əlavə olaraq, Nəcəfəlidizə kəndində 1 kəhrizin təmiri başa çatdırılıb, Qahab kəndində isə 1 kəhrizin təmiri davam etdirilir.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin birinci yarısında da ekoloji tarazlığın qorunması məqsədilə keçirilən iməciliklərdə yeni meyvə bağları salınıb, yol kənarlarında, qəsəbə və kəndlərdə yaşıllaşdırma işləri aparılıb, yarımil ərzində 3850 ədəd müxtəlif meyvə ağacları əkilib, 16 hektar sahədə isə bərpa işləri görülüb. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, salınmış meyvə bağlarının sahəsi 8,9 hektara çatdırılıb.
Kənd təsərrüfatı babəklilərin uzaq keçmişdən məşğul olduğu sahələrdəndir. Rayona bərəkətli torpaqları, əkin-biçin üçün təbii şəraiti ana təbiət özü bəxş edib. Bir qalır insanoğluna bundan lazımınca istifadə etmək. Həqiqət naminə etiraf etməliyik ki, rayon sakinləri heç də fürsətlərdən uzaq düşməyib, əksinə, yararlanmağı bacarıblar. Bunu rayon İcra Hakimiyyətindən aldığımız statistik göstəricilər də təsdiqləyir. Belə ki, rayonda 2013-cü ilin məhsulu üçün 15664 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 10362 hektarını taxıl, 157 hektarını noxud, 10 hektarını lobya, 91 hektarını qarğıdalı, 85 hektarını günəbaxan, 1931 hektarını tərəvəz bitkiləri, 1498 hektarını bostan bitkiləri, 350 hektarını kartof, 710 hektarını cari ildə əkilmiş çoxillik otlar, 470 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil edir. Sevindirici haldır ki, bu il taxıl biçini vaxtından əvvəl başa çatdırılıb. Rayonda kənd əməkçilərinin istehsal etdikləri taxılı üyütmək üçün hər birinin gücü 10 ton olan Cəhri, Hacıvar, Qoşadizə və gücü 15 ton olan Sirab dəyirmanları fəaliyyət göstərir. Bu günə qədər dəyirmanlarda 3000 tondan artıq taxıl üyüdülüb.
Rayonda kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi də bu sahənin inkişaf etdirilməsinə böyük təkan verib. Belə ki, “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58 nəfərə yazlıq arpa əkini üçün, 6 nəfərə heyvandarlıq üçün, 62 nəfərə kartof əkini, 150 nəfərə bostan və tərəvəz əkini, 55 nəfərə yonca əkini üçün, cəmi 331 nəfərə 313 min 800 manat kredit verilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 4 nəfərə meyvəçilik, 2 nəfərə üzümçülük, 2 nəfərə quşçuluq, 1 nəfərə istixana, 5 nəfərə isə istehsal sahəsinin yaradılması üçün, ümumilikdə, 245 min manat kredit verilib, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları lizinq yolu ilə satılıb.
Qeyd olunan dövrdə rayonda sahibkarlığın inkişafına da xüsusi diqqət yetirilib, yaradılmış şərait nəticəsində əksər sahibkarlar öz fəaliyyətlərini genişləndirərək məhsul istehsalını artırıblar. İlin birinci yarısında 57 milyon 682 min 500 manatlıq, yaxud 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz çox sənaye məhsulu istehsal olunub. Bütün bu fəaliyyət hesabına rayonda əhalinin məşğulluq səviyyəsi artıb, 198 yeni iş yeri açılıb.
Müasir dövrün tələbləri sırasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və tətbiqi mühüm amillərdən biridir. Bu sahənin davamlı inkişaf etdirilməsi Babək rayonunda da prioritet istiqamətlərdəndir. 2013-cü ilin ilk altı ayında rayonda poçt və rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində bir sıra işlər görülüb. Belə ki, rayon üzrə informasiya və rabitə xidmətlərinin həcmi 2 milyon 760 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövründəki 2 milyon 631 min 300 manatlıq xidmətlə müqayisədə 4,9 faiz çoxdur. Rayon üzrə ilk 6 ay ərzində 149 yeni abonentə telefon xətti, 305 abonentə isə genişzolaqlı internet xətti çəkilib.
Cari ilin ilk yarısında rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinə də lazımi diqqət göstərilib, müsbət nəticələr əldə edilib. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təhsil və mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib, müsabiqələr təşkil edilib, fərqlənənlər hədiyyələrlə mükafatlandırılıblar. Qeyd olunan yubiley ili münasibətilə muxtar respublika uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin müsabiqəsində Babək rayonundakı uşaq musiqi məktəbləri uğurla çıxış edərək, ümumilikdə, dörd I dərəcəli, altı II dərəcəli, dörd III dərəcəli diplomlara layiq görülüb, 22 fəxri fərmanla təltif olunublar.
Rayonun müxtəlif sahələrinin inkişafından çox danışmaq olar. Ancaq hörmətli oxucuları bu statistik rəqəmlərin “məngənəsində” çox yormadan sözü sona vermək istərdim.
Son söz
Azərbaycanda xalq qəhrəmanı Babəkin adını daşıyan bir çox küçə, prospekt, məhəllə və sair var. Ancaq ən böyük ÜNVAN bu yazıda bəhs etdiyimiz Babək rayonudur. Ümummilli liderimiz Heydər Əliyev azadlıq savaşçısı Babəki bizə yenidən tanıtdı, sevdirdi, onun adının tez-tez dilimizdə səslənməsinə səbəb oldu. Babəkin adını daşıyan ünvanı daha da gözəlləşdirdi, azad və müstəqil məmləkətin bir bölgəsinə çevirdi. Axı “bir gün azad yaşamaq qırx il qul kimi yaşamaqdan daha şərəflidir”, – deyən xalq qəhrəmanı da milli azadlığın, inkişafın, müstəqilliyin carçısı idi!..
Səbuhi HƏSƏNOV