Ölkəmizdə təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən görkəmli dövlət xadiminin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının təməlini yaradıb, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub.
Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilib. Ölkə rəhbərinin həyаtа kеçirdiyi məqsədyönlü və аrdıcıl tədbirlər nəticəsində Azərbaycanda sоsiаl-iqtisаdi inkişаflа yаnаşı, еlmi intеllеktuаl tərəqqiyə də nаil оlunub, dövrün tələbləri ilə uzlаşаn təhsil islаhаtlаrı həyаtа kеçirilib. Bu gün Аzərbаycаndа milli mааrifçilik ənənələri sахlаnılmаqlа dünyа təhsil sistеminə intеqrаsiyа prоsеsi gеdir. Ölkəmizdə təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin mənimsənilməsi, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri də dövlət başçısının xüsusi diqqət mərkəzindədir.
Bu gün muxtar respublikamızda da təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı prioritet istiqamət təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada müasir təhsil infrastrukturu yaradılıb. Belə ki, muxtar respublikada orta, orta ixtisas və ali təhsil, həmçinin elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. Daha dəqiq desək, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün həmin məktəblərin hər birində kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarındadır.
Yaradılan yüksək təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərirlər. Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır”.
Bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən 2564 məzun ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib, onlardan 1500-ü ali, 200-ü müxtəlif ali hərbi, 245-i isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Ümumilikdə, tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə 1945 məzun qəbul olunub. Tələbə adını qazananların 281-i 500-700 arası bal toplayıb, onlardan 4-ü Prezident təqaüdünə layiq görülüb.
Hər il yüksək bal toplayan tələbələrlə Ali Məclis Sədrinin görüşü də artıq ənənə halına çevrilib. Cari ildə yüksək bal toplayan tələbələrlə keçirilən görüşdə Ali Məclisin Sədri demişdir: “Təhsil siyasətinin mühüm prinsipləri gənclərin milli dəyərlər əsasında tərbiyələndirilməsi, mənəvi cəhətdən sağlam və iradəli gəncliyin yetişdirilməsi olmalıdır. ...Siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız” .
Muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də davamlı xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı, müəllimlərin işə qəbulu şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilib, muxtar respublikada 2018-ci ildən etibarən müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib, bunun da nəticəsində ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşdırılıb.
Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda güclü intellektual və kadr potensialının hazırlanmasına şərait yaradır. O da xüsusi vurğulanmalıdır ki, bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. Bu baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl ali təhsil müəssisələri səviyyəsində güclü infrastruktura malikdir. Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyətini davam etdirməsi diyarımızda yüksəkixtisaslı pedaqoji kadrların hazırlanmasına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu təhsil ocağının formalaşdırılması, onun müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində xeyli iş görülüb.
Ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş altımərtəbəli ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları və bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və tələbələrin ixtiyarına verilib. Fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada Azərbaycan ali təhsilində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Təbii ki, yaradılan şərait biz müəllimlərin, pedaqoji kollektivin məsuliyyətini daha da artırıb, müəllimlərə əlavə stimul verib. Bu da ixtisaslı kadr hazırlığında başlıca amillərdən biridir.
Məlum həqiqətdir ki, elm biliyə, savada əsaslanır. Ulu öndərin ardıcıl diqqəti sayəsində bu gün artıq Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və uğurla həyata keçirilən elm siyasətinə xüsusi əhəmiyyət verilməsinin və muxtar respublikanın hərtərəfli və dinamik inkişafında bu sahənin də formalaşmasına qayğının ifadəsidir. Fondun yaradılması dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən elmi-tədqiqat proqramlarının və layihələrin qrant şəklində maliyyələşdirilməsinə imkan verəcək addımdır. Həmçinin bu, alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılmasında, muxtar respublikada elmi-texniki potensialın qorunmasında, iqtisadiyyatın inkişafında təbii resursların, mədəni və tarixi irsin öyrənilməsində, elmi araşdırmaların səmərəliliyinin artırılmasında, müxtəlif layihələrin dəstəklənməsində böyük stimul olacaqdır. Fondun yaradılması elmin inkişafına, yeni-yeni tədqiqat işlərinin aparılmasına da təsir göstərəcəkdir. Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”.
Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Naxçıvan Muxtar
Respublikasının Əməkdar müəllimi