Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.
Təsdiq edilmiş dövlət proqramlarının uğurla yekunlaşması və icrasının davam etdirilməsi, eləcə də həyata keçirilən davamlı islahatlar nəticəsində muxtar respublika iqtisadiyyatının möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilib.
Son illər Naxçıvanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçı hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb.
Bu gün 433 sənaye müəssisəsinin fəaliyyət göstərməsi nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edən aqrar-sənaye diyarına çevrilib. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Bu da daxili bazarın qorunması, xaricə valyuta axınının qarşısının alınması, idxaldan asılılığın aradan qaldırılması və istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası işini günün tələblərinə uyğun şəkildə davam etdirir. Məhz bunun nəticəsidir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində 691 halda hüquqi və 944 halda fiziki şəxslər tərəfindən daxil olmuş 72 mal çeşidini əhatə edən 840 halda səyyar və 1635 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri, əsasən, 1281 yerli istehsal məhsullarını və 354 idxal məhsullarını əhatə edib. Nəticədə, 1629 halda məhsulun keyfiyyət göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 6 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Naxçıvan Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Cahan Tabak Beynəlxalq”, “Miraj Gold”, “Cahan Pen”, “Cahan İnşaat”, “Dizayn İnşaat”, “Gəmiqaya Mineral Sular”, “Cahan Sənaye Kompleksi”, “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli cəmiyyətlərinə, “Babək Sirab” Açıq Səhmdar Cəmiyyətinə müvafiq mənşə sertifikatları verilib. 2019-cu ilin 9 ayı ərzində 63 halda mənşə sertifikatının verilməsi təmin edilib. Bunlardan 31-i CT-1, 28-i ümumi, 4-ü isə A formalı mənşə sertifikatlarıdır.
Son olaraq qeyd edək ki, ölkəmizin qida sektorunda sayca 3-cü, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi qida sınaq laboratoriyası regionda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını davam etdirir.
Muxtar respublikada fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri istehsal etdikləri məhsulların laboratoriya göstəricilərinin yoxlanılmasının beynəlxalq standartlar səviyyəsində həyata keçirilməsi və ixrac olunan məhsulların keyfiyyətinin yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti