22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri Kəngərli rayonunu da əhatə edib. Hazırda rayonun Böyükdüz kəndində kompleks quruculuq işləri aparılır.
Belə ki, kənddəki 342 şagird yerlik ikimərtəbəli məktəb binasında işlər artıq yekunlaşmaq üzrədir. Yenidənqurma zamanı məktəbin əvvəlki binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, gələcək perspektiv nəzərə alınaraq bura yeni korpus da əlavə olunub. Yeni korpusda sinif otaqları, laboratoriya və fənn kabinələri, psixoloq və şahmat otaqları, kitabxana olacaq. Bundan əlavə, tikilən yardımçı binada bufet, qazanxana və sanitar qovşaqları yerləşəcək. Buradakı boş ərazidə açıq idman qurğuları da quraşdırılacaq.

Qeyd edək ki, inşaat işləri zamanı məktəb binasının dam örtüyü, qapı və pəncərələr, kommunikasiya xətləri dəyişdirilib, eyni zamanda dəhlizlərə və mərtəbələrarası pilləkənlərə cilalanmış travertin daşlar döşənib, daxildə və fasad hissədə suvaq- boya işləri aparılıb. Həyətyanı sahədə isə lazımi ərazilərə kilid daşları, bordürlər düzülüb, yaşıllıqlar üçün yerlər ayrılıb, işıqlandırma və su xətləri çəkilib. Hazırda burada abadlıq işləri davam etdirilir.
Kənddə tikilən yeni obyektlərdən biri də birmərtəbəli xidmət mərkəzinin binasıdır. Burada ət satışı dükanı, dərzi sexi, bərbər və gözəllik salonu sakinlərin istifadəsinə veriləcəkdir. Eyni zamanda binada ərzaq və təsərrüfat mallarının saxlanılması üçün anbarlar da yerləşəcək. Burada da artıq işlər yekunlaşdırılıb.

Digər inşa olunan bina isə həkim ambulatoriyası üçün nəzərdə tutulub. Birmərtəbəli binada beton-qəlib işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda daxildə hörgü işləri aparılır. Bu səhiyyə müəssisəsində stomatoloq üçün kabinə, doğuş, peyvənd, aptek, tibb bacısı, manipulyasiya və laboratoriya otaqları, palata nəzərdə tutulub.
Bundan əlavə, Naxçıvan-Sədərək magistral avtomobil yolundan Böyükdüz kəndinə ayrılan, eləcə də kənd mərkəzindəki daxili avtomobil yolları da yenidən qurulur. Ötən müddətdə adıçəkilən avtomobil yollarında torpaqbərkitmə işləri aparılıb, yeni suaxıdıcı kanallar qoyulub, yol kənarlarındakı hasarların divarları üzlənib.
Qeyd edək ki, həyata keçirilən inşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi tərəfindən görülür.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR