Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının cəlbediciliyinin yüksəldilməsinin ən güclü vasitələrindən hesab edilir. Belə ki, brend yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. Brendin əsas xüsusiyyətlərindən biri də davamlı müvcud olan böyük miqdarda sadiq istehlakçıların olmasıdır. Bunun nəticəsidir ki, brendləri olan ölkələr nəinki xarici turistləri cəlb edir, həmçinin onun məhsulları rəqabət mübarizəsində güclü dəstək əldə etmiş olur.
Hazırda Naxçıvan Muxtar Respublikasında əmtəə nişanları, onların hüquqi təminatı, keyfiyyət standartlarına uyğunluğu, reklamı, ixracı bir sıra qanunvericilik aktları ilə, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında”, “Standartlaşdırma haqqında”, “Reklam haqqında”, “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Dünya bazarında Naxçıvan məhsulu haqqında məlumatlığın artırılması, keyfiyyətli yerli məhsulların ixracının stimullaşdırılması, yerli brendlərin beynəlxalq standartlara cavab verməsinin təmin olunması bu gün prioritet istiqamətlər sırasındadır. Hazırda yerli şirkətlərin getdikcə artması onları rəqiblərdən fərqlənmək, istehlakçıların diqqətini çəkmək və şüurlarında yer qazanmaq üçün çalışmağa vadar edir. Nəticədə, şirkətlər brend siyasəti yürütməklə bazarda daha çox paya sahib olmaq üçün mübarizə aparırlar. Məhsul istehsalı və xidmət sahəsində həyata keçirilən uğurlu və uzunmüddətli brend siyasəti nəticəsində artıq yaddaşlarda qalan bir çox Naxçıvan brendləri formalaşıb. Bunların sırasında “Sirab”, “Badamlı”, “Naxçıvan duzu”, “Naxçıvan göycəsi”, “Naxçıvan qovurması” və digərlərinin adlarını çəkmək olar.
Cari ilin ötən dövrü ərzində muxtar respublikadan Türkiyə, Gürcüstan, Rusiya, İran, İraq, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Qırğızıstan, İspaniya, Belarus, Litva, Əfqanıstan və digər ölkələrə mineral sular, daş məhsulları, vafli və peçenyelər, plastik borular və digər tikinti ləvazimatları, həmçinin tütün məmulatları, zinət əşyaları, aliminium külçələr, meyvə-tərəvəz məhsulları ixrac olunmuşdur.
Sevindirici haldır ki, muxtar respublikanın ixracında ənənəvi məhsullarımızla yanaşı, yeni məhsullar – siqaret məmulatları, plastik tikinti materialları, zinət əşyaları, üzüm və digərləri həm də yeni ixrac istiqamətləri – ABŞ, İspaniya, Qırğızıstan, Səudiyyə Ərəbistanı, Əfqanıstan kimi ölkələr qeydə alınıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğinə, yerli məhsulların ixracının stimullaşdırılmasına və xarici bazarlarda tanıdılmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarların beynəlxalq tədbir, biznes-forum, sərgilərdə və ixrac missiyalarında mütəmadi iştirakı təmin edilib.
Hazırda muxtar respublikada istehsal edilən çox sayda məhsul ixrac baxımından perspektivli hesab olunur. Məhsul ixracı marketinq və reklam işinin təşkili ilə birbaşa əlaqəli olduğu nəzərə alınmaqla, sahibkarların dünya biznes mühiti ilə əlaqələrini daha da genişləndirmək məqsədilə xarici dövlətlərin rəsmi və işgüzar dairələrinin iştirakı ilə ardıcıl və ənənəvi biznes forumlar keçirilib. Cari ilin ötən dövrü ərzində ölkə daxilində və 10 хаrici ölkədə kеçirilən 25 beynəlxalq tədbirdə 101 sahibkarlıq subyektinin 102 nümayəndəsinin iştirakı təmin edilib. Muxtar respublikada istehsal olunan ərzaq məhsulları Almaniya Federativ Respublikasında keçirilən “Green Week” və “Anuga-2019”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood”, Rusiya Federasiyası “World food” beynəlxalq sərgilərdə və Türkiyə Respublikasında təşkil edilib, müxtəlif sərgilərdə nümayiş olunub.
Qeyd etmək lazımdır ki, 11-15 fevral 2019-cu il tarixlərdə Moskva şəhərində keçirilmiş “Prodexpo” Beynəlxalq ərzaq sərgisində “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunan vafli məhsulları “Ən yaxşı məhsul – 2019” qızıl mükafata layiq görülüb. Bu da muxtar respublikada istehsal edilən qida məhsullarının yüksək keyfiyyətə malik olmalarının bariz nümunəsidir.
Həmin məhsulların xarici bazarlara çıxışını təmin etmək və regionun ixrac potensialını artırmaq istiqamətində atılan addımlardan biri də xaricdə Ticarət evlərinin yaradılmasıdır. Haliyədə Riqa, Varşava, Minsk, Kiyev kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan Ticarət evlərində muxtar respublikada istehsal edilən unlu-qənnadı məhsulları və mineral sular nümayiş olunur. Naxçıvan Muxtar Respublikasının İqdır şəhərində Naxçıvan Ticarət Evinin istifadəyə verilməsi sahibkarlar tərəfindən istehsal olunan məhsulların təşviqi və satışına, iş adamları arasında işgüzar görüşlərin təşkilinə, ticarət sövdələşmələrinin aparılmasına və əlaqələrimizin inkişafına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti