Ötən şənbə havanın buludlu, yağışlı olmasına baxmayaraq, səhərin erkən saatlarından Naxçıvanqalaya aparan bütün yollarda insan izdihamı müşahidə olunurdu. Adıçəkilən ünvana bir-iki kilometr qala qəlboxşayan gözəl xalq mahnılarının sədaları insanı, sanki ovsunlayır, “dayanma, bu ünvana tələs”, – deyirdi.
Festivalda bölgələr üçün ayrılmış, bir-birindən özünəməxsusluğu ilə seçilən pavilyonlar sırasında Şahbuz rayonundan gəlmiş zəhmətkeşlərin yaratdığı gözəlliyə doğru addımlayırıq. Piştaxtalarda xüsusi zövqlə qablaşdırılan növbənöv məhsulları görmək olur. Pavilyonu maraqlı edən məqamlardan biri də “Şahbuzun dadlı məhsulları” adı altında xanımların xüsusi zövqlə qutab, kətə, şəkərbura və digər şirniyyat növlərini hazırlamaq qaydalarını əyani şəkildə nümayiş etdirmələri idi. Məhsul bayramının iştirakçısı, Şahbuz rayon Qızıl Qışlaq kənd sakini Məhəmməd Məmmədov fikirlərini bizimlə bölüşür:
– Son illərdə doğma Naxçıvanımızda keçirilən belə festivallar biz təsərrüfatçılar üçün əsl toy-bayrama çevrilib. Mən özüm bu tədbirlər sayəsində böyük alıcı kütləsi qazanmışam. Budəfəki festivalda isə qısa zaman ərzində çıxardığım 70 adda məhsulun artıq xeyli hissəsini sata bildiyim üçün çox sevincliyəm. Var olsun dövlətimizi ki biz təsərrüfat adamlarını belə bayramlarla sevindirir.
Müşahidələrimiz zamanı geniş alıcı kütləsinin toplaşdığı Şərur rayon pavilyonu da diqqətimizi çəkir. Xüsusi zövqlə bəzənmiş piştaxtalardan birində məhsul seçimi edən iki nəfərə yaxınlaşıb həmsöhbət oluruq. Onlardan Naxçıvan şəhər sakini Sabir Xəlilov deyir ki, hər il ailəliklə festivalın keçiriləcəyi günü səbirsizliklə gözləyirlər. Çünki burada çeşid bolluğu ilə yanaşı, qiymət münasibliyi də olduğundan ailə büdcəmizə qənaət edə bilirik. Gördüyünüz bu pavilyondan süd məhsulları aldım. Həm öz ailəmiz, həm də Bakıda yaşayan qohumlarımız üçün qovurma da götürəcəyəm.
Festivalda sərhəd bölgəmiz Sədərək rayonundan gətirilən məhsullar da alıcı zövqünü oxşayır. Rayon sakini, ailə təsərrüfatçısı Tərlan Akaslan ömrünün 20 ilini təsərrüfat işlərinə həsr edib. Deyir ki, bu gün burada haraya baxsan, alın təri hesabına yaradılan ecazkar gözəlliyi görə bilərsən. Mən ilk dəfədir, bu festivalda iştirak edirəm və dövlətimizin yaratdığı imkanlardan çox razıyam.
Müşahidələrimiz zamanı festivala xarici ölkələrin vətəndaşlarının da böyük maraq göstərdiklərinin şahidi oluruq. Nigeriya vətəndaşı Eromosele Esezobor burada təhsil aldığını və Naxçıvanı çox sevdiyini bildirir. Onun dediklərindən: – Şəhərin qədim ənənələrinin yüksək səviyyədə qorunub saxlanılması fərəhli haldır. Festivalda nümayiş olunan məhsullar görünür ki, çox təbiidir və təsərrüfatçıların zəhmətinin bəhrəsidir. Mən belə festivalların keçirilməsini alqışlayıram, çünki bu vasitə ilə biz xarici vətəndaşlar Naxçıvanı daha yaxından tanıyır, onun mədəniyyətini, tarixini, ənənələrini öyrənirik. Xüsusi qablaşdırılmış məhsulların qiyməti də sərfəlidir. Festival hər cəhətdən mənim üçün yaddaqalan oldu. Mən burada gördüklərimi öz dostlarımla da bölüşəcək, onları da Naxçıvana gəlməyə səsləyəcəyəm.
Malayziya vətəndaşı, “Naxçıvan” Universitetinin tələbəsi Mohammad İmranın da fikirləri maraqlıdır. Deyir ki, naxçıvanlılarda olan əzmkarlıq və nikbinlik, adət-ənənələrə bağlılıq, milli dəyərlərə ehtiram çox yüksək səviyyədədir. Şən əhval-ruhiyyə ilə keçirilən bu festivalda nümayiş edilən adət-ənənələr, bir-birindən ləziz təamlar bu diyarın nə qədər zəngin milli dəyərlərə və süfrə mədəniyyətinə malik olduğunu göstərir.
Yaponya vətəndaşı Li Çin ailəsi ilə birlikdə qədim yurdumuza səyahət edib. O, bir neçə gündür ki, burada olduğunu deyir və bildirir ki, yurdunuz çox gözəldir. Uca, əlçatmaz dağların əhatəsində yaşayan bu cür səmimi insanları tanımaq çox gözəldir. Bugünkü festival isə bir sözlə, möhtəşəmdi. Hansı pavilyona yaxınlaşdımsa səmimiyyət, qonaqpərvərlik gördüm. Hər bir sakin – satıcı və ya alıcı, fərq etmir, məni dadlı məhsullara qonaq olmağa dəvət edir.
Festivalda Banqladeş vətəndaşı Su Jonla da həmsöhbət olduq. O, fotoqraf olduğunu bildirir və deyir ki, mən bir çox ölkələrdə olmuşam. Sizə əminliklə deyə bilərəm ki, çox az yerdə qədimdən bu günə qalan abidələr əvvəlki görkəminə qaytarılır və qorunub muzeyə çevrilir. O qədər gözəl, səliqəli şəhəriniz var ki, insan burada gördüklərini fotoyaddaşa köçürdükcə zövq alır. Hara üz tutursan, səni mədəni qarşılayıb, qonaqpərvərliklə yola salırlar. Bu gün burada səmimi insanların əhatəsində festivalın iştirakçısı oldum, daha gözəl fotolar çəkdim.
Əsl bayram əhval-ruhiyyəsi ilə iki gün davam edən festivalda ailə təsərrüfatçıları arasında təşkil edilən “Aktiv ailə təsərrüfatı” müsabiqəsinin nəticələrinə görə I yerə Sədərək rayonundan Mehparə Hüseynova, Kəngərlidən Mətləb Dünyamalıyev, Şərur rayonundan Fərqanə Muxtarova, Babək rayonundan Cəmşid Həsənov, Şahbuzdan Sürəyya Quliyeva, II yerə Naxçıvan şəhərindən Şəfəq Ağayeva, Culfa rayonundan Fatma Əliyeva, III yerə Ordubaddan Leyla Qasımova, Şərurdan Cəfər Seyidov layiq görülüblər.
Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
Ramiyyə ƏKBƏROVA
Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ
Pərviz HACILI