22 Dekabr 2024, Bazar

Əslində, bu sualın cavabı o qədər də çətin deyil. Bir az keçmişə nəzər saldıqda, müqayisələr aparıb hadisələrin xronologiyasını dəqiq izlədikdə məsələnin mahiyyəti tam aydın olur.
Naxçıvanda bu işin təməli hələ dövlət müstəqilliyimizi təzəcə qazandığımız illərdə, daha dəqiq desək, ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclisin sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul olunması özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasında və bunun tərkib hissəsi kimi fərdi təsərrüfatçılıq ənənələrinin yaranmasında ilkin addım idi.

1996-cı ildən sonra muxtar respublikada torpaq islahatlarının həyata keçirilməsi, aqrar sahəyə böyük diqqət və qayğı isə fərdi təsərrüfatların formalaşmasında və inkişafında yeni bir dövrün başlanğıcı oldu.
Bunun ardınca torpağın əkilib-becərilməsində mövcud olan çətinliklər – texnika, gübrə və su çatışmazlığı aradan qaldırıldı. Yeni su anbarları tikildi, nasos stansiyaları və subartezian quyuları istifadəyə verildi, qapalı suvarma şəbəkələri quruldu, kanallar çəkildi.
Rayonlarda kolxozlarla birlikdə “ömrünü” başa vuran 2-3 salxaq-sökük traktor və kombaynların yerini hər ailənin sahib olduğu müasir kənd təsərrüfatı texnikaları aldı, aqrolizinq xidməti yaradıldı, muxtar respublikaya minlərlə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları gətirildi, əl əməyindən istifadəyə son qoyuldu.
Torpaq mülkiyyətçilərinə güzəştlərin tətbiq olunması, subsidiyaların və gübrələrin verilməsi məhsul istehsalına marağı artırdı. Bol məhsul istehsal olunduqca isə digər həllivacib məsələlərə sıra gəldi. Həmin məhsullar dövlət tərəfindən alındı, yaradılan soyuducu anbarlara tədarük edildi, daxili bazar qorundu, yerli məhsulların satışına üstünlük verildi, bununla da iş bitmədi. Kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olundu, kəndliyə deyildi ki, səndən nə vergi alan var, nə də rüsum tələb edən, məhsulunu bazarda rahat sata bilərsən. İstixana kompleksləri də fəaliyyətə başladı, əhali ilboyu keyfiyyətli bostan-tərəvəz məhsulları ilə təmin edildi. Bir də baxıb gördük ki, dünənə qədər xaricdən daşıdığımız keyfiyyətsiz bostan-tərəvəz məhsullarının yerini keyfiyyəti, dad-tamı ilə seçilən Naxçıvan məhsulları alıb.
Əkinçiliklə yanaşı, heyvandarlıq da, arıçılıq da inkişaf etdirildi. Mal-qaranın cins tərkibi yaxşılaşdırıldı, hər kənddə baytarlıq xidməti təşkil olundu, süni mayalanmaya keçildi, arı ailələrinin sayı artırıldı, dövlət proqramı qəbul edildi, yaylaqlar heyvandarların və arıçıların ixtiyarına verildi. Artıq kiminsə öz təsərrüfatını genişləndirmək üçün hansısa bəhanə gətirməyinə əsas qalmadı.
Meyvəçilikdə də yeni yanaşma ortaya qoyuldu. Dövlət proqramları qəbul olundu, insanlarda iməciliklərlə əsası qoyulan ağac əkmək mədəniyyəti formalaşdı. Yazın gözü açılmamış çöldə-bayırda əlində balta ağacları çiçəyə “həsrət qoyan” odunyığanlar çönüb oldular bağban, min hektarlarla bağ saldılar. Naxçıvanın cəvizi, alması, tutu, əriyi, armudu, badamı, heyvası, şaftalısı, üzümü bazarda öz yerini tutdu, tonlarla meyvə hər il daşınıb aparıldı ölkəmizin digər bölgələrinə və xarici bazarlara.
Kəndlərimizdə geniş quruculuq işlərinə başlandı. İlk növbədə, kəndə yol çəkildi, evlərə daimi elektrik, qaz verildi, yeni sosial obyektlər tikildi, internet, yeni texnologiyalar hər bir kənd adamı üçün əlçatan oldu. Müasir məktəblər, kənd və xidmət mərkəzləri fəaliyyətə başladı. Bununla da kəndli öz evinin içində şəhər rahatlığına qovuşdu. Ta o fikir­ləşmədi ki, kəndimi qoyub harasa getməliyəm, əksinə, torpağını əkdi, təsərrüfatını ­genişləndirdi, gün-güzəran qurdu.
Dövlətimizin əsas məqsədi insan sağlamlığıdır və buna nail olmaq həm də ekoloji sağlam qida məhsullarının istehsalından keçir. İstər bitkiçilik, istərsə də ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinə malik olması, bu məqsədlə aparılan profilaktik tədbirlər öz bəhrəsini verdi. Naxçıvan məhsulları brendə çevrilib. Əl-əl axtarılır.
Ailə təsərrüfatları, əsasən, aqrar sahə üzrə formalaşırlar. Aqrar sahənin inkişafında diqqət yetirilməli amillərdən biri isə elmi yanaşmanın ortaya qoyulmasıdır. “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında məhsuldar toxum sortlarının yetişdirilməsi, xüsusilə toxumçuluq təsərrüfatlarının fəaliyyətə başlaması, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlərin aparılması imkan verdi ki, əkinçilikdə ən səmərəli metodlardan istifadə olunaraq bol və keyfiyyətli məhsul istehsal edilsin.
Nəticə uğurludur. Qürurvericidir. Artıq muxtar respublikada fərdi təsərrüfatlar inkişaf edərək ailə büdcəsinin əsas gəlir mənbəyinə çevrilib. Kənd yerlərində yaşayan ailələr öz məşğulluqlarını, dolanışıqlarını təsərrüfatla təmin edirlər. İstehsal olunan məhsulların çeşidi artıb. Təsərrüfatlar təkcə xammal istehsal etməklə deyil, həm də onun emalına da maraq göstərməyə başlayıb, ailə biznesi formalaşıb. Məhsulların qablaşdırılması, emalı, bazara çıxarılması istiqamətində səmərəli marketinq sistemi qurulub. Fərdi təsərrüfatlar genişlənərək iqtisadiyyatın, daha dəqiq desək, özəl sektorun ən təkmil forması olan ixtisaslaşmış ailə təsərrüfatlarına çevrilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması muxtar respublikada bu məsələyə kompleks yanaşma ortaya qoyub. Ailə təsərrüfatlarının biznes planlarının tərtib olunması, onlara güzəştli kreditlərin və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının verilməsi, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi istehsal olunan məhsulun həcminin və çeşidinin artmasına, tanıdılmasına və geniş alıcı kütləsinə çatdırılmasına, ən mühümü isə ixrac imkanlarının yaranmasına səbəb olub. Noyabrın 2-3-də keçirilən üçüncü “Ailə təsərrüfatı məhsulları” festivalına muxtar respublikanın 408 ailə təsərrüfatı tərəfindən 556 növdə məhsulun çıxarılması bir daha təsdiq etdi ki, təşəbbüs real işə çevrilib.
Yəni sözümün canı ondadır ki, bu gün ağızdolusu danışdığımız ailə təsərrüfatları heç də göydən düşməyib, birdən-birə yaranmayıb. Naxçıvanda sabitliyə, inkişafa, firavanlığa, təhlükəsiz yaşayışa, necə ki gecəli-gündüzlü fəaliyyət hesabına nail olunubsa, hər gün dükan-bazardan, festivallardan məhsullarını evlərimizə daşıdığımız, bir çoxumuzun elə sahib olduğumuz ailə təsərrüfatlarına da illər boyu çəkilən böyük zəhmət, yaradılan şərait və göstərilən diqqət nəticəsində nail olunub.
Naxçıvanda kəndli bu günün ailə təsərrüfatı sahibi, sabahın isə sahibkarıdır.

Ülvi Hüseynli
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR