Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac edən istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen Plastik Məmulatları İstehsalı və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sahibkarlığa Kömək Fondundan göstərilən dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində ayrılmış ərazidə ayrı-ayrı iş otaqlarından ibarət inzibati və istehsal sahələri üçün binalar tikilib istifadəyə verilmiş, müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
2006-cı ildən fəaliyyətə başlayan müəssisədə plastik qapı-pəncərələrin hazırlanmasında istifadə olunan 4 çeşiddə profil, qapı və pəncərələrin şüşə hissəsini bərkitmək üçün çita, asma tavan üçün 12,5 və 25 santimetrlik lambirlər, 2 və 3 kanallı karniz və karnizönlüyü istehsal olunur. 2007-ci ildə fabrikin istehsal fəaliyyəti genişləndirilmiş, su boruları istehsalı sahəsi yaradılmışdır. İstehsal edilən yerli məhsula olan tələbat artdığından burada yeni avadanlıqlar alınıb quraşdırılmış, alüminium təbəqəli plastik boru istehsalına başlanmışdır.
Bina fasadları üçün saydinq istehsalı sahəsində isə müxtəlifölçülü və müxtəlif funksiyalar üçün nəzərdə tutulmuş 9 çeşiddən ibarət saydinq istehsal edilir. Müəssisənin bu fəaliyyət sahəsi muxtar respublikamızda yaradılmış yeni istehsal sahələrindən biri olmaqla bərabər, həm də ölkəmizdə yaradılmış birinci istehsal sahəsidir.
Fabrikdə bazarın tələbatına uyğun müxtəlif rənglərdə istehsal edilən analoji materialların işlənməsi üçün əlavə 8 çeşiddə aksesuar da istehsal olunur. İşlədilməsi asan olan bu material binalara yaxşı görünüş verməklə yanaşı, milli ornamentlərin fasadlarda əks olunmasına da imkan yaradır. Bu istehsal sahəsinin aylıq istehsal gücü 15 min 600 kvadratmetrdir.
Müəssisədə istehsal olunan yüksəkkeyfiyyətli məhsullara artan tələbatın ödənilməsi üçün istehsal sahəsinin genişləndirilməsi və daha müasir texnoloji avadanlıqların alınması zərurəti yaranmışdır. Bu məqsədlə hazırlanmış biznes-plan Sahibkarlığa Kömək Fonduna təqdim olunmuş, dövlət maliyyə dəstəyi göstərilmişdir. Polipropilen su boruları istehsalı sahəsində Türkiyə Respublikasının “Saremmakina” firmasından istehsal gücü diametrindən asılı olaraq 24 saatda 8-10 min metr boru olan daha müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmış, 2013-cü ilin iyun ayından yeni kompozit boru – şüşəlifli boruların istehsalına başlanılmışdır. Hazırda istehsal xəttində 20, 25, 32, 40 və 50 millimetr ölçülərdə şüşəlifli su boruları istehsal olunur. Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında su, kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar həyata keçirilən layihələrdə “Cahan Pen” fabrikinin istehsalı olan 20, 25, 32, 40 və 50 millimetrlik polipropilen su borularından və 50, 76, 110 millimetr diametrində olan PVC əsaslı kanalizasiya borularından istifadə olunur. Yeni istehsal sahələrinin yaradılması və ayrı-ayrı istehsal sahələrinin istehsal gücünün artırılması ilə əlaqədar həyata keçirilən layihələr digər avadanlıqların da yeniləri ilə əvəz olunması zərurətini yaratmış, 1 ədəd daha güclü hava ilə qurutma kompressoru, İtaliyanın “Ross” firmasından alınmış əvvəlki susoyutma kompressorundan gücü 2 dəfə artıq olan susoyutma kompressoru, qırma və üyütmə sahəsində Türkiyənin “İnan plastik makinaları” firmasının istehsalı olan daha müasir texnoloji avadanlıqlar alınıb quraşdırılmışdır. Ümumilikdə, daha müasir texnoloji avadanlıqların alınmasına və quraşdırılmasına 1 milyon 20 min manat vəsait sərf olunmuş, nəticədə, istehsalın həcmi 35 faiz artmış, 8 yeni iş yeri açılmışdır.
Türkiyənin “Saremmakina”, “Mikrosan”, “İnan plastik makinaları” və İtaliyanın “Ross” şirkətlərinin istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlarla təmin edilmiş müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsalı üçün hər cür şərait yaradılmış, istehsal prosesi avtomatlaşdırılmışdır. Fabrikdə xammal xüsusi avadanlıqlarda hazırlandıqdan sonra istehsal xətlərinə buraxılır və məhsulun çeşidinə uyğun xüsusi qəliblərə tökülüb su ilə soyudulan soyuducu tunellərdən keçərək müəyyən ölçülərdə kəsilib qablaşdırılır. Hazır məhsul satış şöbəsi vasitəsilə sifarişçilərin ünvanlarına, həmçinin topdan və pərakəndə satış obyektlərinə göndərilir. Müəssisədə istehsal olunan boruların 50 faizi, saydinqlərin isə 60 faizi muxtar respublikanın tələbatını ödəyir. Qalan hissəsi isə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı şəhərində fəaliyyət göstərən satış mərkəzi vasitəsilə ölkəmizin digər regionlarında satışa çıxarılır və xarici ölkələrə ixrac olunur. 4 istehsal sahəsi ilə fəaliyyətə başlayan müəssisədə hazırda 9 istehsal sahəsi fəaliyyət göstərir ki, burada da 67 adda məhsul istehsal edilir. Gündəlik istehsal gücü 12-13 ton olan “Cahan Pen” fabriki bir sıra xarici şirkətlərlə də əməkdaşlıq edir.
Daxili və xarici bazara müxtəlif çeşiddə yüksəkkeyfiyyətli məhsullar çıxaran və rəqabətqabiliyyətli müəssisəyə çevrilən “Cahan Pen” fabrikində hazırda 78 nəfər mütəxəssis çalışır ki, onlar da xüsusi geyim formaları, yüksək əməkhaqqı, gündə bir dəfə isti yemək və servis xidməti ilə təmin olunmuşlar.
Kərəm HƏSƏNOV