22 Dekabr 2024, Bazar

Onlar qalib olmaqda iddialıdırlar

Naxçıvan Muxtar Respublikasının ərazisi və torpaq-iqlim şəraiti burada kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişlidir. Bu səbəbdəndir ki, muxtar respublikamızda əməkqabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Deməli, kənd sakinləri, torpaq mülkiyyətçiləri elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilirlər. Bu isə ailə təsərrüfatçılığının inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verir. Buna görə də son illər Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının yaradılmasına və inkişafına diqqət artırılıb. 

Son illərdə muxtar respublikada ənənə halını alan, müxtəlif yerli məhsulların kütləvi sərgi-satışlarının təşkil edildiyi “Göycə” “Kətə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilir. Çünki təsərrüfatçılar istehsal etdikləri məhsulları festivalda nümayiş etdirməklə öz məhsullarının daha geniş miqyasda tanınması və satışına nail olurlar. Buna görə də hər il sözügedən festivallara böyük maraq göstərilir. Həmin təsərrüfatçılar “Ailə təsərrüfatları ili”nə təsadüf etməsi ilə xüsusi əhəmiyyətə malik növbəti “Ailə təsərrüfatı məhsulları” festivalına da səylə hazırlaşıblar. 

Belə ailə təsərrüfatçılarından biri də Şahbuz rayonunun Ayrınc kənd sakini Sürəyya Quliyevadır. Hansı ki o, yüzlərlə hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirir, satışını təşkil edərək ailəsinin xoş güzəranını təmin edir. Hər səhər təsərrüfatına idarə etdiyi “Niva” avtomobili ilə gələn Sürəyya xanımın fəaliyyətini nümunəvi edən təkcə yüzlərlə hektar sahəyə zəhmət təri tökməsi deyil. O həm də bu sahələri şəxsi traktoru ilə əkib-becərir. Əldə etdiyi bol məhsulu isə özünün idarə etdiyi yük avtomobili ilə satış yerlərinə və soyuducu anbarlara daşıyır.
Qeyd edək ki, əməksevər təsərrüfatçının zəhməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, ötən il “Tərəqqi” medalı ilə təltif olunub. Bu il isə Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə təltif olunub.
Bu dəfə onunla festivala çıxaracağı məhsulları hazırlayarkən həmsöhbət olduq. Sahələrdən yığılmış kartof, müxtəlif meyvə-­tərəvəzlər, onlardan hazırlanmış turşu, mürəbbə, kompot və digər qablaşdırılmış məhsullar ilk baxışdan diqqətimizi cəlb etdi.
Sürəyya Quliyeva, əsasən, taxılçılıqla məşğul olsa da, səxavətli torpağın verdiyi imkanlardan digər təsərrüfat sahələrində də istifadə etdiyini bildirdi. O, taxılçılıq, bostan, tərəvəz məhsulları yetişdirməklə yanaşı, həm də bol məhsul verən meyvə bağının da sahibidir. Kəndin əlverişli iqlim şəraitindən, gül-çiçəkli çəmənlərindən yararlanaraq arıçılıq təsərrüfatını da genişləndirib. Arı ailələri yaz aylarında Sürəyya xanımın al-əlvan çiçəyə bürünən meyvə bağından, çiçəkləmə dövrü bitdikdən sonra isə səfalı Şahbuz dağlarının zəngin bitki örtüyündən yararlanaraq keyfiyyətli, xoşətirli bal hasil edirlər. Ailə təsərrüfatçısı bu məhsulları bazara çıxararaq yaxşı qazanc götürür.
Sürəyya xanım dedi ki, hər il keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında fəal iştirak etmişəm. Keçən festivallarda məhsullarımızla tanış olan iştirakçıların bir çoxu, demək olar ki, bizim daimi müştərilərimizə çevrilib. Təsərrüfatımızda yetişdirdiyimiz məhsulları sifariş əsasında həmin müştərilərə göndəririk. Bizim məhsulların sorağına kəndimizə gələnlər də az deyil. Ən çox maraq isə müxtəlif meyvə və tərəvəzlərdən hazırladığımız turşulardır. Bu marağı gördükdə zəhmətə bağlılığımız daha da artır. Odur ki, növbəti festivala daha böyük həvəslə hazırlaşmışıq.
Sürəyya xanım bildirdi ki, ötənilki festivalda üzüm yarpağına, beçə ətinə, yumurtaya, müxtəlif meyvələrdən hazırlanan araq məhsullarına da maraq çox oldu. Çıxardığımız məhsullar elə yerindəcə satıldı. Ötən il keçirilən festivalda fəal iştirakıma görə diploma layiq görüldüm. Bu da bizə böyük zövq və daha əzmlə işləmək ruhu bəxş edir. Buna görə də bu il həmin məhsulların çeşidini daha da artırmışıq. Bu festivallar biz təsərrüfatçıların sağlam rəqabətinə də zəmin yaradıb. “Ailə təsərrüfatları ili”ndə keçirilən bu festivalda birinci yeri tutmağa iddialıyam.
Babək rayon Nehrəm kənd sakini Tofiq Abutalıbovla söhbətimiz zamanı dedi:
– Uzun illərdir ki, təsərrüfatla məşğulam. Bol bərəkətli torpaqlarımız var. Ancaq bir vaxtlar kənddə əkin sahələrini suvarmaq problemi məhsuldarlığa nail olmağa imkan vermirdi. Son illər dövlətimizin qayğısı nəticəsində suvarma kanallarının çəkilməsi, əkin sahələrinin su ilə təmin olunması sayəsində məhsuldarlıq ildən-ilə daha da artır. 20 ildən artıq bir müddətdir ki, öz güzəranımı torpaqdan əkib-becərdiyim və tədarük etdiyim məhsulların satışından əldə etdiyim gəlirlə qurmuşam.
Taxıl və bostan bitkilərinin əkininə üstünlük verdiyini deyən Tofiq Abutalıbov qeyd etdi ki, ötən təsərrüfat ilində 40 hektardan artıq sahədə taxıl əkini apardım və hər hektardan ortalama 28 sentner məhsul əldə etdim. Bundan əlavə, 3 hektar sahədə əkdiyim bostan və tərəvəz bitkilərindən də bol məhsul götürmüşəm.
O deyir ki, təsərrüfatında qarpız, pomidor, xiyar, çaşır və sarımsaqdan müxtəlif turşular da hazırlanır. Çeşid çox olduqda alıcı marağı da artır. Bir neçə ildir ki, həyətimdə üzüm bağı da salmışam. Üzümdən çaxır, sirkə, abqora (tam yetişməmiş üzümdən alınan su) və doşab hazırlayıram. Təsərrüfatımda həm alma sirkəsi, həm də qarpız doşabı istehsal edirəm. Bundan əlavə, qış azuqəsi kimi ­badımcan, sarımsaq və qovun qurusu da istehsal edib satışa çıxarırıq.
Müsahibim bildirdi ki, bu il həyətimdə əkdiyi güllərin ləçəklərini toplayıb gülab da istehsal edib. Dərman bitkilərini yığıb qurutmaqla da məşğul olmağa başlayıb. O dedi:
– Ötən il Naxçıvan şəhərində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında ikinci yerə layiq görülmüşəm. Festivalın payız fəslində təşkil edilməsi bizim üçün çox əlverişlidir. Çünki bu fəsildə yerli məhsulların növ və çeşidi daha çox olur. Festivalda hər kəs istədiyi məhsulu münasib qiymətə ala bilir. Eyni zamanda belə tədbirlərdə biz yeni alıcılarla tanış olmaq imkanı qazanırıq. Göstərilən belə diqqət və qayğı bizi təsərrüfatla məşğul olmağa daha da ruhlandırır.
Şərur rayonunda hazırda qadın ailə təsərrüfatı başçısı çoxdur. Onlardan biri də rayonun Cəlilkənd sakini Familə Mirzəyevadır. Onu nəinki kənddə, hətta bütün Şərurda fəal torpaq mülkiyyətçisi kimi tanıyırlar. Familə xanım ötən il ölkə başçısının müvafiq sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Əkib-becərmək zəhmət tələb edən iş olsa da, bu çətinliklər onu qorxutmayıb, əksinə, torpağa daha möhkəm tellərlə bağlanıb. Elə onunla söhbətimiz də torpağa sahiblənməyin qadınlarımız üçün üstünlükləri barədə oldu.
Familə Mirzəyeva bildirir ki, bu gün Naxçıvanda çox sayda qadın ailə təsərrüfatı başçısı vardır. Onlar qazandıqları uğurlarla bu sahə ilə məşğul olmaq istəyən, ancaq müəyyən səbəblər üzündən başlamağa tərəddüd edən digər qadınlarımızı da bu işə təşviq edirlər. Müsahibim deyir ki, əvvəllər işə başlayarkən bir çox insanlar onun buna gücünün yetməyəcəyini deyirdilər. Ancaq heç bir maneəyə görə ruhdan düşməyib, addım-addım da olsa, uğura gedən yolda irəliləyə bilib. 1999-cu ildən təsərrüfat qurmağa başlayıb və dövlətimizin diqqət və qayğısı sayəsində bütün çətinliklərə sinə gərib. Əkin-biçinlə məşğul olmaqla bərabər, mal-qara da saxladığını deyən həmsöhbətim diqqətə çatdırır ki, festivala müxtəlif turşular, mürəbbələr, ağartı məhsulları çıxaracaq. 20 arı ailəsinə də sahib olan təsərrüfatçı deyir ki, ötən ay keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda da iştirak edib. 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsinə çox sevindiyini bildirir və qeyd edir ki, bu qərar bütün təsərrüfat sahibi olan qadınlara da stimul olacaq.
Yaşar Həbibov Ordubad rayonunun Ələhi kəndindəki baytarlıq məntəqəsində çalışır. Kənd sakinləri onlara məxsus olan mal-qaranın sağlam böyüdülməsində, ekoloji sağlam ət, süd və süd məhsullarının istehsalında onun fəaliyyətini yüksək dəyərləndirirlər. O, muxtar respublikada ailə təsərrüfatı yaradan ilk zəhmət adamlarından biri kimi müxtəlif məhsullar yetişdirməklə məşğul olur, təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında, müxtəlif festivallarda fəal iştirak edir. İstehsal etdiyi məhsullar alıcılar tərəfindən razılıqla qarşılanır. Heyvandarlıqda, bağçılıq, kartofçuluq və arıçılıqda zəngin təcrübə qazanan və bu sahələrdə fəaliyyətini genişləndirən Yaşar Həbibov həm də müxtəlif meyvə araqlarının çəkilməsi, çaşır, baldırğan və digər turşuların, süd və süd məhsullarının hazırlanması ilə məşğuldur.
Onunla söhbət zamanı bildirdi ki, bu gün ailə təsərrüfatları hərtərəfli qayğı ilə əhatə edilib. Təsərrüfat sahiblərinə güzəştli kreditlərin verilməsi, məhsulların qablaşdırılmasına köməklik göstərilməsi, onların satışının təşkili muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən-günə artmasına səbəb olub. Buna görədir ki, diyarımızın hər bölgəsi üçün xarakterik sayılan məhsulların istehsalı genişlənib.
Yaşar Həbibov onu da vurğuladı ki, təsərrüfatların təcrübələrinin artırılması üçün həyata keçirilən tədbirlər bəhrələrini verməkdədir. Muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatçılarının bu ilin may ayında Ordubad şəhərində keçirilən görüşü onların bir-birləri ilə əlaqələrini xeyli genişləndirib.
Öyrəndik ki, Naxçıvanqalada keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına o da xeyli çeşiddə məhsul çıxaracaq. Bu gün muxtar respublikamızın ərazisində geniş yayılmış şəfalı bitkilərin toplanması, qurudulub qablaşdırılması və satışı ilə məşğul olanlar da çoxdur. Onlardan biri də ailə təsərrüfatçısı, Şərur rayon Aşağı Yaycı kənd sakini, 64 yaşlı, on ildən artıqdır ki, dərman bitkilərini toplamaqla məşğul olan Ağa Əliyevdir. Onunla həmsöhbət oluruq:
– Min dərd varsa, min bir də dərmanı var, – deyən atalarımız qədim dövrlərdən bitkilərdən hazırladıqları dərmanlarla xəstəlikləri müalicə ediblər. Bu bitkilər haqqında məlumatlar nəsildən-nəslə şifahi şəkildə keçib. Doğma diyarımın hər dağında, dərəsində bitən bitkilər can dərmanıdır. Burada doğulub boya-başa çatan adam hansısa şəhərə gedəndə də yaşaya bilmir. Çünki dağların bumbuz bulaqları, tərtəmiz havası, min bir dərdin dərmanı olan otları, çiçəkləri olmadan yaşamaq çətindir. Hələ uşaq çağlarından nənəmdən, babamdan öyrənmişəm bu bitkilərin can dərmanı olduğunu. Amma bu iş kənardan göründüyü kimi elə də asan deyil. Hər bitkini yaxşıca “tanımasan”, xeyrini görə bilməzsən. Bir də ki, hər dərman bitkisinin özünün toplanma vaxtı var. Onu düzgün formada yığıb qurutmaq, saxlamaq lazımdır. Bununla bağlı kitablardan da məlumatlar toplayıram. Müsahibim növbəti “Ailə təsərrüfatı məhsulları” festivalında satışa çıxaracağı dərman bitkilərinin bir neçəsi haqqında məlumat da verir:
– Yol kənarlarında hər gün rastlaşdığımız dəvətikanı ağrı, sarılıq daxil olmaqla qara­ciyərlə bağlı bütün problemlərə kömək edir. Araşdırmalara görə, bitkidə olan bəzi aktiv maddələr xərçəng əleyhinə xassələrə malikdir. Öddaşı meydana gəlməsini aradan qaldırmaq üçün də dəvətikanı bitkisi faydalıdır. Dəvətikanı infeksiya və göbələklərin müalicəsində, zəhərlənmələrdə olduqca təsirlidir. Diabetə qarşı yaxşı təsir göstərir. Böyrək, mədə, mədəaltı vəzi, malyariya, yel, vərəm, ateroskleroz, baş­ağrısı xəstəliklərində istifadə edilir.
Adi müalicə bitkisi kimi gördüyümüz üvəz çörəyin qıt olduğu illərdə yerli sakinlərin, bu dağlarda döyüşən oğulların qidası olub. Çölçülükdə çörəyi əvəz edən bu bitkiyə ­“əppəkli” adı da verilib. Onun meyvəsindən mədə-bağırsaq, tənəffüs yolları xəstəliklərinin müalicəsində də istifadə olunur.
Müsahibim deyir ki, nənə-babalarımız iynə-dərmanın olmadığı vaxtlarda uşağı da, böyüyü də bələd olduqları bitkilərlə müalicə ediblər. Belə bitkilərdən biri də mərmərikdir. O, turşməzə, susuzluğu yatıran giləmeyvədir. Böyrək yollarının iltihabı və duz qırıntıları ağrılarında şəfalı bitki kimi istifadə edilir. Onun dəmləməsi böyrəklərdə olan kiçik daşları və kristal duzları əridir. Mərməriyin köməyi ilə bir çox insan şəfa tapıb. İşimin ən çox sevdiyim cəhəti də budur. Elə festivala 30 çeşiddən çox qablaşdırılmış dərman bitkisini də bu məqsədlə çıxaracağam. Bu bitkilərdən şəfa tapacaq insanların savabından bizə bu şəraiti yaradanlara da çatır.

 

Göründüyü kimi, builki ailə təsərrüfatçılarının hər biri festivalda qalib olmaq da iddialıdır. Öz halal zəhmətinə güvənən təsərrüfat sahibləri ilə söhbətlərimizdən də bəlli olduğu kimi, onlar bu festivalda daha fərqli məhsulları nümayiş etdirməklə buna nail olmaq üçün əsl əmək yarışına giriblər. Bu məhsulların çeşid və keyfiyyətini, nümunəvi qablaşdırılmasını festivalda iştirak etməklə öz gözlərinizlə görməyiniz gərəkdir. Elə isə buna tələsin. Həm diyarımızın min bir sərvəti və onu yetirib-bitirən halal zəhmət adamları ilə fəxr edəcək, mədəni istirahət edib zövq alacaq, həm də evlərinizə ürəyiniz istədiyiniz məhsullarla zənbildolusu qayıdacaqsınız.

 Ramiyyə ƏKBƏROVA
 Gülcamal TAHİROVA
 Pərviz HACILI

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR