Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs qurumlardan sayılıb. Çünki əsrlərdən gələn ənənələrə görə, ailədaxili münasibətlərdə fərdlərin bir-birinə münasibəti qarşılıqlı inam və güclü əlaqələrlə müşahidə olunur. Bu baxımdan ailə üzvlərinin hər hansı bir sahədə kollektiv əməyinin formalaşması da bu inama söykənir. Buna görədir ki, ailənin birgə əməyinə əsaslanan ailə təsərrüfatı birlikləri dünyada ən qədim və ən çox yayılan biznes forması hesab edilir. Bu gün inkişaf etmiş ölkələrdə təsərrüfatların 70, 80, bəzən isə 90 faizini ailə biznesi şirkətləri təşkil edir. Və büdcə daxilolmalarında bu şirkətlərin payı yetərincədir. Uzun illərin dünya təcrübəsi də göstərir ki, ilk növbədə, ailə təsərrüfatı kimi fəaliyyətə başlayan, sonra isə ailə biznesinə çevrilən şirkətlər dayanıqlılıq baxımından yüksək rentabelliyə malikdir. Təsadüfi deyil ki, bu gün dünya iqtisadiyyatına təsir edən “Ford”, “Siemens”, “Adidas”, “Samsung Electronics” kimi şirkətlərin meydana gəlməsində də ailə bizneslərinin rolu böyük olub. Buna görə də bu biznesin ilkin əsasını təşkil edən ailə təsərrüfatı institutu inkişaf etmiş və etməkdə olan ölkələrdə ciddi şəkildə dəstəklənir.
Naxçıvan Muxtar Respublikasında da son illərdə bu sahənin inkişafına böyük diqqət göstərilir, dövlət tərəfindən ailə təsərrüfatlarının inkişaf etdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasını, belə təsərrüfatların iqtisadi inkişafdakı rolunu nəzərə alaraq dövlət tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Məsələn, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, yabanı növ bitkilərin tədarükü, qablaşdırılması, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədilə 39 ailə təsərrüfatına 381 min 400 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Digər tərəfdən, ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışı üçün əlverişli şərait yaradılıb, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində ənənəvi olaraq hər il “Ailə təsərrüfatı məhsulları” festivalı təşkil olunur. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ərzaq satışı obyektlərində “Ailə təsərrüfatı məhsulları” guşələri yaradılıb ki, bu da təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışına öz müsbət təsirini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, dövlət ailə təsərrüfatlarının inkişaf etdirilməsində maraqlıdır. Çünki ailə təsərrüfatları, ilk növbədə, vətəndaşın, eləcə də onun ailə üzvlərinin məşğulluğunu təmin edir. Yəni vətəndaş, belə deyək ki, heç bir qapını döymədən özü özünə iş tapır. Eyni zamanda belə fəaliyyət növü peşəkar vərdişlərin yiyələnməsinə geniş imkanlar açır. Bu isə, öz növbəsində, ailə üzvlərinin bir neçə istiqamətdə təcrübə qazanmasına imkan verir. Məsələn, əgər fərd hər hansı bir istehsal müəssisəsində bir istiqamət üzrə təcrübə qazanırsa, ailə təsərrüfatlarında baxmayaraq ki, bəzi hallarda işlər yaxınlar arasında bölüşdürülür, hər kəs ümumi işin gedişi (məhsulun hazırlanması, qablaşdırılması, saxlanılması, satışı və sair) haqqında müəyyən biliklərə malik olur. Yəni ümumi mənafe naminə birlik hissi ailəni daha da birləşdirir, heç kim özünü mütləq hakim hesab etmir və onlar, tədricən, inkişaf edərək peşəkar menecerlərə, səmərəli idarəedicilərə çevrilirlər.
Ailə təsərrüfatlarının inkişaf etdirilməsinin digər əhəmiyyəti bundadır ki, ünvanlı sosial yardım alan ailələr dövlət büdcəsindən asılı qalmasınlar, əksinə, bu büdcədən yararlanaraq öz işlərini qura bilsinlər. Artıq muxtar respublikamızda bu işin gözəl nümunəsi var. Beləliklə, ailə təsərrüfatlarının inkişaf etdirilməsi, ilk növbədə, ailələrin özünüməşğulluğunu təmin edir, digər tərəfdən, ailə üzvlərinin ümumi daxili məhsulda, deməli, həm də ölkənin sosial-iqtisadi inkişafında payı olur.
Hazırda muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətinə baxsaq, bu fəaliyyətin, əsasən, kənd təsərrüfatı sahələri üzərində qurulduğunu görərik. Bu da təbiidir, çünki ölkəmiz, eləcə də muxtar respublikamız mühüm aqrar potensiala malikdir. Eyni zamanda bu sahədə keçmiş ənənələrə söykənən təcrübə formalaşıb. Ancaq unutmamalıyıq ki, ailələrin kollektiv əməyi digər sahələri də əhatə edir. Müxtəlif sənətkarlıq məmulatlarının hazırlanması, o cümlədən mini toxuculuq sənayesi, turizm və digər sahələr buna misal ola bilər.
Ailə təsərrüfatlarının dünyada belə bir təcrübəsi də var ki, belə təsərrüfatlara dövlət dəstəyi qısa zamanda onların kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsində əsaslı rol oynayır. Bu da daim öz biznesini inkişaf etdirmək, fəaliyyətini daha da genişləndirmək istəyən ailə üzvləri üçün böyük fürsət sayılır. Ailə biznesinin isə digər biznes strukturlarından əhəmiyyətli dərəcədə fərqi var. Yenə də dünya təcrübəsinə nəzər salsaq, görərik ki, ailə biznesi idarəçiliyində hər hansı bir qərarın verilməsi, adətən, ailə üzvlərinin həmfikir olmasından sonra yaranır. Ancaq bəzən korporativ şirkətləri idarə edən menecerlər hər hansı bir qərarın verilməsində daha bürokratik davranırlar. Buna görə də ailə bizneslərində idarəçilik daha səmərəli və etibarlı prinsiplər üzərində aparılır. Bəlkə də, buna görədir ki, böhran dövrlərində ailə şirkətləri digərləri ilə müqayisədə daha dayanıqlı olurlar. Mütəxəssislər bunu onunla izah edirlər ki, ailə etibarlılıq, qarşılıqlı inam deməkdir. Bu mənada, ailə münasibətlərinə söykənən biznes modeli də ən çətin anlarda belə, etibarlı bir struktura çevrilir.
Sonda bir məsələni də qeyd etmək istərdik ki, bu gün muxtar respublikamızdakı ailə təsərrüfatlarının fəaliyyətində ən əhəmiyyətli tərəflərdən biri də brendinq prosesinə başlamaqdır. Bunun yolu, ilk növbədə, istehsal olunan məhsulları ümumi bir ad altında markalamaq və istehlakçılara təqdim etməkdən keçir. Brendinq prosesi uzun bir prosesdir. Burada məqsəd istehsal olunan məhsulun digərlərindən fərqliliyini, əlavə dəyərlərini bazara tanıtmaqdır. Yəni istehlakçı məhsulu aldıqda onu sahibi tərəfindən müəyyən olunmuş “ad”la alır və sahibkar da bu adın imicini qorumaq üçün daim keyfiyyətli məhsul istehsal edir və ya etməyə məcburdur. Nəticədə, həmin ad getdikcə brendləşir, hər kəs tərəfindən qəbul olunur, dəyər qazanır. Brend məhsullar bazardakı eyni məhsullarla daim rəqabətdə olur. Rəqabət isə, sözsüz ki, keyfiyyət yaratmağın təməl prinsipidir. Ümid edirik ki, tezliklə yerli bazarda müxtəlif ailə brendləri ilə qarşılaşacaq, ailə təsərrüfatlarını kiçik sahibkarlıq subyektinə çevirməyi bacaran sahibkarların sayının artdığının şahidi olacağıq.
Səbuhi HƏSƏNOV