Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək.
Festivalın açılışı noyabrın 2-də saat 1100-da olacaq. Festivala Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonları üzrə, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 34 min 774 ədəd müxtəlif növ qablaşdırılmış məhsul çıxarılacaq. Ailə təsərrüfatlarının festivalda iştirakının təmin olunması, məhsullarının ayrı-ayrı pavilyonlarda sərgilənməsi üçün hər cür şərait yaradılacaq. Festivalda əl işlərinin sərgi-satışı da həyata keçiriləcək. Festival zamanı ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
“Ailə təsərrüfatları ili”nə təsədüf etməsi ilə xüsusi əhəmiyyət kəsb edən builki “Ailə təsərrüfatı məhsulları” festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə seçiləcək, iştirakçılara maraqlı konsert proqramı təqdim olunacaq.
Xəbərlər şöbəsi