22 Dekabr 2024, Bazar

Torpaq mülkiyyətçilərinin yüksək məhsuldarlığa nail olması istehsalın səmərəli təşkilindən asılıdır. Bu zaman istehsal vasitələrinin nüvəsini təşkil edən torpaqdan yüksək səviyyədə mənfəət götürmək olar. Naxçıvan Muxtar Respublikasının inzibati ərazisi daxilində əkin dövriyyəsinə daxil olan torpaqlardan maksimum dərəcədə istifadə olunması ilə bağlı təhlillər apardıq.
Aydın oldu ki, bəzi bitkiçilik sahələri üzrə istehsal olunan məhsullar intensiv məhsuldarlığın tələblərinə və hərtərəfli dövlət qayğısına cavab vermir. Təsəvvür etsək ki, bu gün mülkiyyətində bir hektar torpaq sahəsi olan sahibkar öz güzəranını yaxşılaşdıra bilmir, deməli, istehsalda yeni variantların tətbiqi və mütərəqqi texnologiyalardan istifadə olunması zərurəti yaranır. Çünki aqrar sahə məsuliyyət tələb edən bir sahədir. Təhlillərin nəticəsi göstərir ki, istehsal vasitələrindən səmərəli istifadə olunması istehsalın maksimum həddə çatdırılması, eləcə də istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaq üçün iri kəndli-fermer təsərrüfatlarının yaranmasına ehtiyac duyulur. İri fermer təsərrüfatları yaradılarkən son dərəcə məsuliyyətlə elə bir konsepsiya həyata keçirilməlidir ki, idarəçilik, istehsal, mənfəət, məxaric və məsariflər, o cümlədən sərmayə qoyuluşu sosial ədalət prinsiplərinə söykənmiş olsun. Yaradılan fermer təsərrüfatlarına başçılıq edən şəxslərin səriştəli, işgüzar, peşəkar və torpağa bağlı şəxslər olması da başlıca şərtlərdəndir.

Fermerlər işi elə düzgün qurmalıdırlar ki, kiçik təsərrüfatların istehsal etdiyi məhsullarla müqayisədə daha çox səmərəli nəticələrə nail olunsun. Buna nail olmaq üçün istehsalın səmərəli təşkili xüsusi əhəmiyyətə malikdir. Bu zaman torpaqdan maksimum miqdarda mənfəət götürmək olar. Bunun üçün, ilk növbədə, əkiləcək bitkinin ərazi üçün xarakterik olması, torpağın münbitliyi, suvarma imkanlarının nəzərə alınması, məhsuldar bitki sortlarının əldə edilməsi, keyfiyyətli şum qaldırılması, aqrotexniki tədbirlər kompleksinin optimal müddətdə, eləcə də müasir texnologiyaya cavab verəcək şəkildə həyata keçirilməsi diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, istehsal olunan məhsulların saxlanması, emalı və satılması fermerlərin gəlir əldə etməsi üçün əsas amillərdən biridir. Fermer istehsal edə biləcəyi məhsulların miqdarını, satış yerini və hansı qiymətə satmaqla bərabər, satışdan daxil olan vəsaitin istehsal xərclərinin ödəmə qabiliyyətinin və mənfəətin əldə olunması vəziyyətini dəqiqləşdirməlidir. 
Biznes-plan tərtib olunarkən istehsalın iqtisadi səmərəliliyi, maddi marağın və mənfəətin əldə olunması prinsipini fermer diqqət mərkəzində saxlamalıdır. Eyni zamanda nəzərdə tutulan məhsulların istehsal edilməsi üçün müvafiq normalara uyğun dövriyyə vəsaiti əldə olunmalıdır. Dövriyyə vəsaitlərinə toxum, yanacaq, sürtgü materialları, ehtiyat hissələr, zərərverici və xəstəliklərə qarşı mübarizədə işlədilən kimyəvi dərmanlar, mineral və üzvi gübrələr aiddir.
Məhsul istehsalçısının səmərəli fəaliyyətini gücləndirmək üçün maliyyə, bank məsələlərinə də diqqət yetirilməlidir. Fermer çalışmalıdır ki, əldə etdiyi vəsaitin təyinatı üzrə düzgün bölüşdürülməsini təmin etsin. Onu da qeyd edək ki, zərurət yarandığı hallarda bankdan kredit almaq olar. Bu zaman çalışmaq lazımdır ki, kredit tələbata uyğun alınsın və alınmış kreditin xərclənməsinə məsuliyyətlə yanaşılsın. Çünki həmin kredit müəyyən vaxtdan sonra geri qaytarılmalıdır. Fermer özü də bilir ki, qaytarılacaq kredit götürülmüş məbləğdən çox olur. Odur ki, kreditin səmərəliliyini təmin etmək üçün onu istehsalın inkişafına yönəltmək lazımdır.
Fermerlərin fəaliyyətinin genişləndirilməsində istehsal fondlarından səmərəli istifadə edilməsi də mühüm əhəmiyyətə malikdir. Belə ki, fermer ona lazım olan texniki vəsaiti vaxtında əldə etməlidir. Təhlillərin nəticəsi göstərir ki, fermer istehsal fondlarının gücündən tam səmərəli istifadə edərsə, yüksək və keyfiyyətli məhsul istehsalına nail ola bilər. Buna görə də fermer həm də öz istehsalının tələbatına uyğun texniki resurslarla təmin olunmasına çalışmalıdır. Fermer mütəmadi olaraq istehsalın bütün sahələrini təhlil etməli, bilmədiyi məsələlər barədə kənd təsərrüfatı mütəxəssislərindən məsləhətlər almalı və istehsal sahəsini elə qurmalıdır ki, mənfəət əldə etmək və təkrar istehsal üçün zəmin yaratmaqla həm özünün, həm də onunla bərabər çalışan işçilərin maddi vəziyyətini yaxşılaşdırmağa nail ola bilsin.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR