22 Dekabr 2024, Bazar

Şahzadə Vəliyevi Kəngərli rayonunda torpağa, zəhmətə bağlı bir ailə təsərrüfatı başçısı kimi ­tanıyırlar. Qərbi Azərbaycandan – doğma dədə-baba torpağından qədim Naxçıvana pənah gətirən Şahzadə də başqaları kimi taleyin bu hökmü ilə razılaşıb, lakin bəziləri kimi ucuz qazanc dalınca getməyib. Məskunlaşdığı Çalxanqala kəndində torpağa üz tutub, bu qiymətli sərvətin səxavətinə inanıb. Bu gün qazandıqları üçün torpağa, zəhmətə minnətdarlığını dilə gətirməkdən yorulmur...

Ötənilki “Ailə təsərrüfatı məhsulları” festivalında tanış olduğum Şahzadə ilə bu yaxınlarda keçiriləcək festival ərəfəsində, Çalxanqaladakı ailə təsərrüfatında həmsöhbət oldum. Onu da bildirim ki, Şahzadə müxtəlif təsərrüfat sahələri ilə məşğuldur və bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyəm.
Hələlik isə özünü dinləyək: – Hələ Qərbi Azərbaycanda yaşayarkən Belarusun Qomel şəhərindəki Poli­texnik Texnikumunun Meşə təsərrüfatında texnik-texnoloq ixtisasını bitirdim. Böyük arzularla yaşayırdım. Bu arzularıma çatmasam da, bugünkü yaşayışımdan narazılıq etməyim naşükürlük olar. Sözlərimi səmimi qəbul edin. Çalxanqalada bir daha torpağın gücünə inandım. Bu günümü bu torpaqda tapdım.
O, buraya köçdükdən sonra dövlətimizin hərtərəfli qayğısını görüb: torpaq sahəsi ilə təmin olunub, ailə­si üçün fərdi ev tikdirib, tezliklə təşkilatçılıq bacarığını görüb, onu Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini təyin ediblər. Ancaq bu məsul vəzifə onu torpaqdan ayıra bilməyib. Bu gün də öz vəzifəsini yerinə yetirməklə bərabər, həm də ona böyük hörmət gətirən torpaqla təmasdadır. Bu nemətin dilini yaxşı bilir. Bilir ki, torpaq ona baş əyənlərin zəhmətinin əvəzini artıqlaması ilə verir. Yadıma gözəl şairimiz Xanəli Kərimlinin misraları düşür:
Min il yağış yağa, Günəş nur saça,
Torpağa can verən alın təridir.
Nemətlər neməti müqəddəs çörək
Qabarlı əllərin şah əsəridir.
Düşüncələrdən Şahzadənin sözləri məni ayırır:
– Əkinçilik üçün Çalxanqalada geniş imkanlar var. Kəndin təsərrüfat suyu yerində, torpaqlarının məhsuldarlığına söz ola bilməz. Qalır ki, qollarını çırmalayıb işə girişəsən, zəhmətə qatlaşasan. 1,4 hektar pay torpaq sahəm var. Hər il 3-4 hektar da icarəyə götürürəm. Cari ildə 3 hektar sahədən buğda, 1 hektar sahədən yüksək məhsuldar­lıqla arpa tədarük etmişəm. Gələn ilin məhsulu üçün toxum və ailəmin tələbatı qədərincə ərzaq ayırdıqdan sonra yerdə qalanını satmışam.
Şahzadə deyir ki, bu gün sahibkarlıqla məşğul olmaq üçün muxtar respublikada hər cür imkan yaradılıb. Texnika və toxumla təchizat, kredit, istehsal olunan məhsulun satışının təşkili, soyuducu anbar – bütün bunların hamısı torpaq mülkiyyətçiləri üçündür. Elə təsərrüfat adamları var ki, artıq özü üçün toxum tədarük edir, kənd təsərrüfatı texnikaları alır, istehsal etdiyi toxumun artığını satır, texnikası ilə qohum-əqrəbasına, həmkəndlilərinə kömək edir, bununla da əlavə qazanca sahib olur. Bu, neçə il əvvəl muxtar respublikada bünövrəsi qoyulan iqtisadi inkişaf siyasətinin bəhrəsidir ki, bu bəhrələr artdıqca torpağa baş əyənlərin, tər tökənlərin də sayı çoxalır, nəticədə, daxili bazarda yerli məhsulun çəkisi artır. Deməli, həm torpaq mülkiyyətçisi qazanır, həm istehlakçı, nəticə etibarilə, həm də dövlətimiz.
Şahzadənin dövlətdən kredit ­götürüb-götürmədiyini soruşuram. Üzünə təbəssüm qonur:
– Bəlkə də, inanmayacaqsınız, İqtisadiyyat Nazirliyindən belə təklif alsam da, götürmədim. Necə deyərlər, özüm-özümü maliyyələşdirə bilirəm və bunun da təməlində dövlət qayğısı dayanıb.
Onunla bir neçə ildir ki, məhsul verən üzüm bağını gəzirik. Hamısı yerli sort üzümlər olan bağdan Şahzadə hər il xeyli gəlir götürür, məhsuldan müxtəlif məqsədlər üçün istifadə edir, yarmarkalara çıxarır. 4 sot ərazisi olan üzüm bağını genişləndirmək qarşıdakı planlardan biridir.
Həmsöhbətimin həm də sahəsi 3 sot olan meyvə bağı var. Burada muxtar respublika üçün xarakterik olan hər cür meyvə ağacları əkilib.
Söhbətimizi həyətindəki ağacların altında açılmış çay süfrəsi arxasında davam etdiririk. Stola təsərrüfatda yetişdirilərək hazırlanmış müxtəlif meyvə mürəbbələri, çərəzlər gəlir. Hərəsinin öz dadı, öz tamı. Gözüm sapsarı rəngə çalan, ətri ətrafa yayılan bala sataşır. Ev sahibi dilə gəlir:
– 40-a yaxın arı ailəsi saxlayıram. Çalxanqalanın gül-çiçəyi burada arı saxlamaq üçün çox əlverişlidir. Bu gün, demək olar ki, kənddə hamı bu sahə ilə məşğul olur. Heç olmazsa öz ailəsinin tələbatı üçün...
Elə süfrə başında onu da öyrənirəm ki, Şahzadə Vəliyevin ailəsi quş, ət, ət və süd məhsulları üçün dükan-bazara üz tutmur, 100-dən artıq toyuq-cücəsi, 10-a yaxın iribuynuzlu heyvanı var. Hər həftə belə məhsullarla Naxçıvan şəhərində keçirilən yarmarkalarda özünə xeyli alıcı tapıb...
3 nəfərlik kiçik bir ailə təsərrüfatından aldığım təəssüratlar bunlar oldu. Onu da deyim ki, yaxın günlərdə keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına hazırlaşan Şahzadə Vəliyev bu festivala bir neçə adda məhsul çıxaracaq. Ailəsinin gəlirini artıracaq, yaşayış səviyyəsini daha da yüksəldəcək – dövlətimizin qayğısı, çəkdiyi zəhmət və ən qiymətli sərvət olan torpaq hesabına:
Qapını açsan da Günəşə tay-tay
Evini qızdırmaz onun işığı.
Bir evdə nə xeyir-bərəkət olar
Düşməsə o evə torpaq işığı!

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR