22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhalinin məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqətdə saxlanılır. Diyarımızda ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və belə təsərrüfatlara dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısının bariz ­nümunəsidir.

Bu məqamda qeyd etmək yerinə düşər ki, muxtar respublikada əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması məqsədilə bir çox dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sahənin, bu çərçivədə ailə təsərrüfatlarının inkişafına da öz töhfəsini verməkdədir.
“Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər muxtar respublikada belə təsərrüfatların inkişafına böyük stimul olub, bölgələrdə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” mühüm əhəmiyyətə malikdir. Plana uyğun olaraq ailə təsərrüfatlarının biznes planı tərtib edilib, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və digər tədbirlər muxtar respublikada istehlak bazarının sabitləşməsinə şərait yaradıb.

Ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması, “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması, istehsal olunmuş məhsulun həm bazara itkisiz çatdırılmasına, həm də böyük alıcı rəğbətinin qazanılmasına imkan verib. Bütün bunların nəticəsidir ki, artıq ailə təsərrüfatları kiçik sahibkarlıq subyektləri kimi formalaşıb. İstehsal olunan məhsulların “Ailə təsərrüfatı” əmtəə nişanı ilə satışa çıxarılmasından sonra ona alıcı marağının artması isə keyfiyyət amilinə xüsusi diqqət yetirildiyini göstərir.
Ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq və təbliğ edilməsi məqsədilə tədbirlərin keçirilməsi belə təsərrüfatların ərzaq təhlükəsizliyinin təmin olunmasında rolunun, həmçinin iş təcrübələrinin artırılmasına, cəmiyyətdə sahibkarlığa dəstək əhval­­-ruhiyyəsinin formalaşmasına səbəb olub. Bu məqsədlə may ayında Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq edilməsi ilə əlaqədar rayon mərkəzində tədbir keçirilib. Tədbirdə muxtar respublikanın rayonlarının 167 qabaqcıl ailə təsərrüfatı başçısı iştirak edib. Ordubadda istehsal olunan məhsulların tədbir iştirakçılarına təqdim edilməsi, ailə təsərrüfatları başçılarının bir-birləri ilə təcrübə mübadiləsi aparmaları bu gün öz bəhrələrini verməkdədir.
Sevindirici haldır ki, son illərdə muxtar respublikada müxtəlif səpkili festivalların təşkili ənənə halını alıb. “Ailə təsərrüfatı məhsulları” festivalları ilə yanaşı, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” festivalları da istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da ­artırıb. Məhsul festivallarının böl­gələrimizdə də keçirilməsi həmin rayonlarda belə təsərrüfatların sayının və istehsalının hər il artdığını göstərir. Məsələn, ötən ay Şahbuz rayonunda ailə təsərrüfatı məhsullarının sərgi-satışı təşkil olunub. Burada rayonun kəndlərindən 80-ə yaxın ailə təsərrüfatı tərəfindən 11 növdə, 79 adda 2300 qablaşdırılmış məhsulun çıxarılması bölgədə ailə təsərrüfatının inkişaf etdiyini göstərir.
Oktyabrın 18-də Sədərək rayonunda da “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivalda rayonun kəndlərindən 20-dən artıq ailə təsərrüfatı tərəfindən 108 adda, 5014-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulu iştirakçılara təqdim edilib. Bütün bunlar onu göstərir ki, sərhəd bölgəmizdə də bu istiqamətdə yeni-yeni uğurlar əldə edilir.
Bu gün muxtar respublika əhalisinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Əldə olunan uğurlu nəticələrdə ailə təsərrüfatlarının böyük rolu vardır. Artıq muxtar respublikanın ailə təsərrüfatları növbəti festivala hazırlaşır. Qarşıdan qış mövsümü gəldiyi üçün hamı bu fəslin azuqəsini festivaldan əldə edə biləcək. Bu da tədbiri əsl ümumxalq bayramına çevirəcək.

Zəkəriyyə GÖZƏLOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR