2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikamızda həyata keçirilən real sektorun dəstəklənməsində mühüm rol oynayır. Fəaliyyəti dövründə bank əhaliyə nümunəvi xidmət göstərməklə böyük müştəri məmnuniyyəti qazanıb. Təsadüfi deyil ki, əhalinin əlverişli bank xidmətlərindən yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa və Ordubad rayonlarında filialları istifadəyə verilib. Bu ilin aprel ayından isə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisinə başlanılıb.
Yeni inzibati bina iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə iş otaqları, foye və iclas zalı nəzərdə tutulub. Artıq obyektdə bütün işlər başa çatdırılıb. Binanın ətrafında abadlıq-təmir işləri aparılıb, yeni işıqlandırma sistemi və su xətti çəkilib, yaşıllıq zolağı salınıb. Qeyd edək ki, yeni filial əhalinin, o cümlədən sahibkarların, torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq.
Babək İSMAYILOV