Çinin Şensi əyalətinin və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) birgə təşkilatçılığı ilə Yanlin şəhərində kənd təsərrüfatı sahəsində yeni yüksək texnologiyalara həsr olunmuş sərgi keçirilib.
Artıq 26-cı dəfə keçirilən sərgi kənd təsərrüfatı sahəsində əldə edilmiş yeni nailiyyətlərin, xüsusilə yüksək texnologiyaların nümayişi, habelə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platforma rolunu oynayır. Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
E.Zeynalov sərgi çərçivəsində təşkil edilən “Şanxay Əməkdaşlıq Təşkilatının müasir kənd təsərrüfatının inkişafı üzrə dəyirmi masası” adlı tədbirdə çıxış edərək Azərbaycanın istər Çin, istərsə də ŞƏT ilə əməkdaşlıq əlaqələrinin inkişafına və gücləndirilməsinə verdiyi önəmi vurğulayıb, münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivləri barədə ətraflı məlumat verib.
Tədbirdə ŞƏT ailəsinin üzvü olan 14 ölkənin nümayəndəsi məruzələrlə çıxış edib, kənd təsərrüfatında müasir texnologiyalar, rəqəmsallaşdırma, əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi və gücləndirilməsi, habelə bu sahədə kadr hazırlığı, məlumat mübadilə mərkəzlərinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyət "Ağıllı kənd təsərrüfatı" adlı nümayiş zonasında sözügedən sahədə əldə edilmiş nailiyyətlərlə əyani tanış olub.
Tədbir iştirakçıları kənd təsərrüfatı texnologiyaları sahəsində beynəlxalq mübadilə və hazırlıq üzrə nümayiş mərkəzinin təməlqoyma mərasimində, həmçinin Müasir Kənd Təsərrüfatı Beynəlxalq Əməkdaşlıq Bazasının açılışında iştirak ediblər.
Ümumilikdə, tədbirdə ŞƏT-in üzvü, müşahidəçisi və "Dialoq üzrə tərəfdaş"ı olan dövlətlərin kənd təsərrüfatı nazirliklərinin rəhbər şəxsləri, eyni zamanda, Çində akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, eləcə də Yaxın Şərq, Afrika və Avropanın bir neçə ölkəsinin və şirkətlərinin nümayəndələri iştirak ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin