Cari ilin birinci yarısında muxtar respublikamızda fəaliyyət göstərən sahibkarlara banklar və kredit təşkilatları tərəfindən 23 milyon 550 min manatdan çox kredit verilmişdir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faiz təşkil etmişdir. Özəl bölmənin inkişafı ayrı-ayrı sahələrdə olduğu kimi, əhalinin tələbatının yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin olunmasına da əlverişli şərait yaratmışdır. Belə ki, hazırda muxtar respublikada yeni yaradılmış və ya fəaliyyəti bərpa olunmuş müəssisələrdə 115 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 344 növdə məhsul istehsal olunmaqdadır. Yaradılmış müəssisələrdə 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növ mallara olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də 2011-ci ilin noyabr ayında yaradılan “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılmışdır.
Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün 5 sex inşa olunmuşdur ki, onlardan biri 30 min, qalan dördünün isə hər biri 20 min baş quş tutumuna malikdir. Həmin sexlərdə Türkiyənin “Tavsan” firmasının istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmış, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilmiş, isitmə və soyutma sistemi yaradılmışdır. Quşların bəslənməsi üçün qarışıq yem “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qarışıq yem istehsalı müəssisəsindən, inkubator cücələri isə “Araz-3” MMC-dən alınır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət olunur.
Quşların kəsimi və paketlənməsi üçün də lazimi şərait yaradılmış, Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik ayrı-ayrı soyuducu anbarlar, iş otaqları və yeməkxana tikilib istifadəyə verilmiş, Türkiyə Respublikasının “Alberk” makina firmasından alınmış, istehsal gücü saatda 1500 baş quş olan tam avtomatlaşdırılmış istehsal xətti istifadəyə verilmişdir. Kərimbəyli kəndindəki quşçuluq təsərrüfatının tikintisinə 569 min 883 manat, avadanlıqların alınmasına 174 min 861 manat, Hacıvar kəndində fəaliyyət göstərən kəsim və paketləmə istehsalı sahəsinin tikintisinə 543 min 568 manat, avadanlıqların alınmasına 675 min manat vəsait sərf olunmuşdur. Ümumilikdə, müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min 333 manat vəsait sərf olunmuşdur ki, bunun da 1 milyon 50 min manatı Sahibkarlığa Kömək Fondundan, 913 min 333 manatı isə daxili imkanlar hesabına ödənilmişdir.
Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunur. Quşların kəsilməsi əl ilə aparılır, 6 mərhələdə təmizləmədən sonra quş əti çeşidlənərək 14 çeşiddə “Ləzzət broyler” əmtəə nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir. Sonrakı mərhələdə isə məhsul hər birinin tutumu 5 ton olan 2 ədəd xüsusi soyuducuda 8 saat müddətində mənfi 35 dərəcə temperaturda dondurulur və hər birinin tutumu 40 ton olan 3 ədəd soyuducuda saxlanılır. Buradan isə sifarişə uyğun ayrı-ayrı ticarət obyektlərinə yola salınır. Satışa çıxarılan toyuq əti alıcılar tərəfindən rəğbətlə qarşılanır. Ayrı-ayrı ticarət şirkətlərindən alınan sifarişlər dadı-tamı ilə seçilən bu yerli məhsula tələbatın çox olduğunu göstərir.
“Ləzzət Broyler” MMC-nin fəaliyyətə başlaması daxili bazarı yüksəkkeyfiyyətli quş əti ilə təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynamış, burada 32 nəfər daimi işlə təmin edilmişdir. Müəssisədə normal iş şəraiti yaradılmış, işçilər xüsusi geyim formaları, yüksək əməkhaqqı və servis xidməti ilə təmin olunmuşlar.
Muxtar respublikamızda daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, həyata vəsiqə alan yeni müəssisələrdən biri – “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti az vaxtda öz məhsulları ilə alıcıların rəğbətini qazanmışdır.
Kərəm HƏSƏNOV