Culfa rayonunun bir neçə dağ kəndi tikinti meydançasına çevrilib
Dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonunda da muxtar respublikanın digər bölgələri kimi, müstəqilliyin bəhrələri getdikcə artaraq bu qədim yurd yerinə xeyli quruculuq ünvanları bəxş edib. Hər il rayonun ayrı-ayrı yaşayış məntəqələrində hərtərəfli dövlət qayğısının bariz ifadəsi kimi dəyərləndirilən müxtəliftəyinatlı obyektlər istifadəyə verilir. Bu ünvanlarda müasir iş şəraiti yaradılır. Yaxşı hal həm də ondan ibarətdir ki, quruculuq tədbirləri mərkəzdən uzaq, ucqar dağ və sərhəd kəndlərində daha çox diqqəti çəkir. Bu cəhətdən cari il də istisna deyil. Mart ayından etibarən rayonun Kırna, Teyvaz, Əlincə, Ərəfsə, Şurud kəndlərində yeni sosial obyektlərin inşasına və mövcud obyektlərin yenidən qurulmasına başlanılıb.
Kırna kəndində kompleks quruculuq tədbirləri həyata keçirilir
Bu yaşayış məntəqəsində quruculuq tədbirlərinə təzə başlanılanda olmuşduq. Hələ o vaxt kənd adamları quruculuq tədbirlərindən xeyli razılıq etmişdilər. Bu günlərdə yenə də Kırnaya üz tutduq. Əsl tikinti meydançasını xatırladan yaşayış məntəqəsində qaynar həyatı bir daha müşahidə etdik. Evi yeni tikintilərin yaxınlığında olan el ağsaqqalı, ömrünün doqquzuncu onilliyini yaşayan Yusif Xudaverdiyev bizimlə köhnə tanışı kimi salamlaşdı. Hal-əhval tutduq. Kəndə göstərilən belə qayğıya münasibətini bilmək istədik. Cavabı da gözlədiyimiz kimi oldu:
– Kəndimizdə görülən bu işlər yaşlı bir kənd sakini kimi məni də ürəkdən sevindirir. Niyə də sevinməyim? 84 yaşım var. İndi-indi Kırnada belə böyük tikintilər görürəm. Eyni vaxtda Kırnada bu qədər tikinti işləri görmək bizə böyük qayğıdır. Bütün bunları görəndə sanki cavanlaşıram. Sağ olsun hökumətimizi. Bir tərəfdən də kəndarası yollar qaydaya salınır. Kənd adamına bundan başqa nə lazımdır ki?
Tikintinin iş icraçısı Babalı Hüseynov bizə yaxınlaşır. Tikintilər haqqında ətraflı məlumatı da ondan alırıq. Öyrənirik ki, yenidən qurulan kənd məktəbinin binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb. 306 şagird yerlik məktəb binasına əlavə bir korpusun artırılması kırnalılara daha bir qayğının ifadəsidir.
Yaxınlıqda daha iki obyekt var. Onlardan biri həkim ambulatoriyası, biri isə kənd mərkəzi üçün nəzərdə tutulub. Hər ikisi 2 mərtəbəli olan bu obyektlərdə də sürətli iş ahəngi hakimdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin inşaatçıları gördükləri işi keyfiyyətlə başa çatdırmağa çalışırlar. Onlar üçün burada hər cür şərait yaradılıb. İnşaatçılar da bu şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.
İş icraçısı bildirir ki, kənd meydanında inşa olunan xidmət mərkəzində isə son tamamlama işləri aparılır. Burada görüşdüyümüz kənd sakini Fərman Qasımov, icra nümayəndəsi Tofiq Bayramov kırnalılar adından belə qayğı üçün dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Əlincə kəndində yeni quruculuq ünvanları
Məlumat üçün bildirək ki, möhtəşəmlik, qəhrəmanlıq simvolu olan eyniadlı dağın ətəyinə sığınan bu yaşayış məntəqəsində bir neçə il əvvəl də quruculuq işləri aparılıb. Müasir tələblərə cavab verən məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib. Culfa Rayon Polis Şöbəsinin bu kənddə yerləşən bölməsinə də quruculuq proseslərindən pay düşüb. Cari ildə kənddə daha iki obyektin inşasına start verilməsi kənd adamları tərəfindən böyük razılıq hissləri ilə qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin iş icraçısı Ağayar Məhərrəmov bildirdi ki, Əlincədə xidmət və üç mərtəbədən ibarət kənd mərkəzlərinin inşasına bir neçə aydır, başlayıblar. Yaradılan şərait hesabına artıq xidmət mərkəzində son tamamlama işləri görülür. Burada sənaye və təsərrüfat malları mağazaları, ət satışı dükanı, müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək. Kənd mərkəzinin tikintisində də işlər öz axarı ilə davam etdirilir. Mərkəzdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kitabxana və mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və kəndin digər qurumları üçün nümunəvi iş şəraiti yaradılacaq.
Teyvaz kəndi də qayğıdan kənarda deyil
Milax kəndi ərazisindən başlayaraq bu yaşayış məntəqəsinə gedən yol müasir standartlar səviyyəsində yenidən qurulub. Bir vaxtlar bir saata gedilən 4 kilometrlik yol indi 10 dəqiqəyə qət olunur. Dağlıq ərazidə belə yolun salınması sürücülərin və sərnişinlərin təhlükəsizliyini tam təmin edib. Bununla da, teyvazlıların neçə illərdən bəri yaşadıqları problem öz həllini tapıb. Yol boyu kənddəki tikinti obyektlərinə inşaat materialları daşıyan yük maşınları ilə rastlaşırıq.
Bu da Teyvaz kəndi. Kəndin girəcəyindən sola ayrılan və yoxuşa qalxan yolla obyektlərə yaxınlaşırıq. Kənddə ikimərtəbəli kənd mərkəzi və 110 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur. Binaların həm qarşısında, həm də arxa hissəsində istinad divarları hörülür. Tikinti işlərinin böyük hissəsinin qısa müddətdə başa çatdırılmasını inşaatçılar onlara yaradılmış şəraitlə əlaqələndirirlər.
Məlumat üçün bildirək ki, kənd məktəbinin binasında 12 sinif otağı, 1 kompüter otağı və 1 elektron lövhəli sinif, iki laboratoriya, bufet, idman zalı müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Müasir layihə əsasında inşa edilən kənd mərkəzində həm də tibb məntəqəsi üçün şərait yaradılacaq.
Qeyd edək ki, yay tətili günləri olduğundan məktəbin müəllimləri tez-tez tikintiyə baş çəkirlər. Elə təhsil müəssisəsinin direktoru Əsgər Abbasovla da burada görüşdük. O bildirdi ki, Teyvaz kənd tam orta məktəbində 36 şagird təhsil alır. Bu yaşayış məntəqəsində gələcək perspektivlər nəzərə alınaraq 110 şagird yerlik yeni binanın inşa edilməsi kənd adamlarının da ürəyincədir. Burada bir neçə teyvazlı ilə həmsöhbət olduq. Firdovsi Şirəliyev, Məzahir Aslanov və başqaları kənd sakinləri adından minnətdarlıqlarını bildirdilər.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin rəisi Tahir Əliyev söhbət zamanı bildirdi ki, idarənin bir qrup inşaatçısı həm də rayonun ən ucqar yaşayış məntəqələri olan Ərəfsə və Şurud kəndlərindəki tam orta məktəb binalarının əsaslı təmiri ilə məşğuldurlar. Onlar çalışırlar ki, yeni məktəb binaları növbəti dərs ilinədək istifadəyə verilsin.
Həyata keçirilən tədbirlər, inşaat işləri aparılan ünvanlarda gördüklərimiz bizdə bu qənaəti yaratdı ki, həmin obyektlərin inşası nəzərdə tutulan vaxtda başa çatdırılacaq.
Muxtar MƏMMƏDOV