Daha bir taxıl tədarükü mövsümü uğurla başa çatdırılıb. 2013-cü ilin məhsulu üçün muxtar respublikada 35 min 324 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 359 hektar çoxdur. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminat da unudulmayıb, sahələr vaxtlı-vaxtında suvarılıb, ötən payızdan çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib.
Taxılçılıq üçün münbit torpaq sahələrinə malik Şərur rayonunda hər il yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Torpaq mülkiyyətçiləri mövcud şəraitdən səmərəli istifadə etməyə çalışır, daxili bazara öz töhfələrini verirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, rayonda 9 min 181 hektar taxıl sahəsindən 22 min 760 ton buğda, 5 min 487 ton arpa olmaqla, 28 min 247 ton məhsul əldə edilib. Məhsuldarlıq 30,8 sentner təşkil edib. Babək rayonunun taxılçıları ötən ilin payızında və cari ilin yazında 2013-cü ilin məhsulu üçün 10 min 362 hektar sahədə taxıl əkini keçirib, ötən müddət ərzində bütün aqrotexniki tədbirlərə əməl edilib. Bu da öz bəhrələrini verib. Sahələrdən 24 min 162 tonu buğda, 7 min 560 tonu arpa olmaqla, 31 min 722 ton məhsul götürülüb. Orta məhsuldarlıq 30,6 sentnerə çatdırılıb. Sədərək rayonunun taxılçıları 2 min 128 hektar taxıl zəmisindən 6 min 142 ton məhsul götürüblər ki, bunun da 3 min 557 tonu buğda, 2 min 585 tonu arpadır. Rayonda məhsuldarlıq 28,9 sentner təşkil edib. Kəngərli rayonunda məhsuldarlıq 28,2 sentner olub. Bu bölgədə 3 min 869 hektar sahəyə kombayn çıxarılıb. 10 min 901 ton məhsul tədarük olunub. Həmin məhsulun 6 min 501 tonu buğda, 4 min 400 tonu arpadır. Şahbuz rayonunun taxılçıları 1328 hektar sahədən 3 min 703 ton taxıl biçiblər. Onlar məhsuldarlığı 27,9 sentnerə çatdırıblar. Tədarük edilən məhsulun 2 min 995 tonu buğda, 708 tonu arpadır. Ordubad rayonunda 2 min 145 hektar taxıl zəmisi torpaq mülkiyyətçilərinə 5 min 750 ton məhsul bəxş edib. Bunun 3 min 560 tonu buğda, 2 min 190 tonu arpadır. Məhsuldarlıq 26,8 sentnerdir. Naxçıvan şəhərində də məhsuldarlıq 26,8 sentner olub. 1228 hektar sahədən 2721 tonu buğda, 567 tonu arpa olmaqla, 3288 ton məhsul tədarük edilib. Culfa rayonunda isə məhsuldarlıq 26 sentner olub. Rayonun taxılçıları 5 min 83 hektar sahədən 13 min 207 ton taxıl toplayıblar. Bunun 10 min 962 tonu buğda, 2 min 245 tonu arpadır.
Ümumilikdə, muxtar respublika üzrə 35 min 324 hektar sahədən 102 min 960 ton məhsul yığılıb. Onun 77 min 218 tonunu buğda, 25 min 742 tonunu arpa təşkil edir. Orta məhsuldarlıq 29,1 sentnerdir.
Xəbərlər şöbəsi