Torpaq biganəliyi, təsərrüfat isə gecikməni sevmir. Hər hansı bir işi vaxtında görməsən, qarşıda problemlər, müşkül məsələlər sıralanır. Bir yandan da havadan, yağışdan, küləkdən asılılıq amili var. Ona görə də təcrübəli kənd təsərrüfatı işçiləri bütün tədbirləri başlanğıcda müəyyənləşdirir, təbiətin şıltaqlıqlarını nəzərə alaraq, gələcək fəaliyyət planlarını qururlar. Torpaq isə ona bağlananlardan heç vaxt xeyir-bərəkətini əsirgəmir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Bəxtiyar Mahmudov dedi ki, ömrünü-gününü torpağa, halal zəhmətə bağlayan hər bir torpaq sahibkarı, fermer yaxşı bilir ki, yay şumunun vaxtında aparılmasından, şumaltına mineral və üzvi gübrələrin verilməsindən, keyfiyyətli toxumun səpilməsindən, dərmanlanmasından tutmuş səpinin optimal müddətdə başa çatdırılmasına qədər keçilən yol lazımi qaydada, problemsiz qət edilərsə, biçin zamanı məhsuldarlıq yüksək olar. Taxılçı gördüyü işə, çəkdiyi zəhmətə əmin olmasa, uğur ondan yan keçər. Sədərəkdə taxılçılığın ənənələrindən də söz açan B.Mahmudov xüsusi vurğuladı ki, ötən əsrin 80-ci illərinin ortalarında, 90-cı illərinin əvvəllərində digər sahələr kimi, kənd təsərrüfatı sahəsi də bərbad hala düşmüş, yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra kənd təsərrüfatına, o cümlədən taxılçılığa diqqət artırılmışdır.
Sədərək taxılçıları mövcud ənənəni qorumağa, nailiyyətləri artırmağa çalışırlar. Rayonda 2013-cü ilin məhsulu üçün keçən ilin payızında 1717, bu ilin yazında isə 411 hektar sahədə taxıl əkini keçirilmişdir. Bunun da 1146 hektarı buğda, 982 hektarı arpa olmuşdur. Əlbəttə, biçinə qədər zəhmət tələb edən yol keçilib – toxumun optimal müddətdə və tələb olunan aqrotexniki qaydada səpilməsindən tutmuş taxıl sahələrinə ardıcıl qulluq işlərinə qədər. Əkinlərə yemləmə gübrəsi verilmiş, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri görülmüş, zəmilər vaxtlı-vaxtında suvarılmışdır. Bunlar öz yerində, biçin ərəfəsində xırman və anbarlar təmir olunaraq dezinfeksiya edilmiş, taxıl daşınacaq yollar hamarlanmış, toxumluq sahələr ayrılmış, yanğından mühafizə tədbirləri gücləndirilmişdir. Bir sözlə, yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün bütün gərəkli tədbirlər görülmüşdür. Bunun nəticəsidir ki, 6142 ton taxıl istehsal edilmiş, hər hektarda orta məhsuldarlıq 28,9 sentner olmuşdur.
Taxılçılıqla bərabər, Sədərəkdə yazlıq bitkilərin əkilməsi və becərilməsinə də ciddi diqqət yetirilir. Bu il, ümumilikdə, 1422 hektar yazlıq bitkilər əkilmişdir ki, bunun da 411 hektarını arpa, 95 hektarını kartof, 412 hektarını tərəvəz, 104 hektarını qarğıdalı, 34 hektarını paxlalı, 185 hektarını bostan, 162 hektarını isə çoxillik yem bitkiləri təşkil edir. Hazırda yazlıq bitkilərin məhsulu yığılır. Hələlik 1180 ton kartof, 3755 ton tərəvəz, 468 ton meyvə, 4576 ton dən qarğıdalı, 39,9 ton günəbaxan və 1673 ton bostan məhsulları tədarük olunmuşdur.
Sədərəkdə heyvandarlıq, quşçuluq və arıçılıq kimi sahələrin inkişaf etdirilməsi üçün də çox böyük ehtiyat mənbələri mövcuddur. Təkcə cari ilin birinci yarısında 217 ton ət, 1002 ton süd, 15,9 ton yun, 5 ton bal və 880 min ədəd yumurta istehsal edilmişdir. Torpaq mülkiyyətçiləri qazanılan nailiyyətlərlə kifayətlənmirlər.
Bu ilin ikinci yarısında Sədərək aqrar sahədə daha böyük uğurlara imza atacaq.
Cəfər ƏLİYEV