22 Dekabr 2024, Bazar

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının bölgələrə ən böyük töhfələrindən biri də yeni məktəb binalarının inşası ilə bağlıdır. Təkcə son on ildə Şərur rayonunda 30-dan çox məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib.
Rayonun iri təhsil ocaqlarından biri Xanlıqlar kəndində yerləşir. Burada şagirdlərin sayı 200 nəfərdən çoxdur. Rayon üzrə qabaqcıl məktəb kimi tanınır. Hər il 6-7 nəfər ali məktəblərə daxil olur. Məktəbin yaşı çoxdur. Binasının şəraiti heç də yaxşı deyildi. İkimərtəbəli köhnə bina indi yenidən qurulur. Təhsil ocağı daha bir mərtəbə də ucaldılıb. 396 şagird üçün nəzərdə tutulub. Bu, ərazinin ən iri məktəblərindən biri olacaq.
Məktəb binasının əsaslı təmir və yenidənqurma işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Bu günlərdə Xanlıqlarda olduq. Binaya əlavə edilmiş üçüncü mərtəbənin hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Aşağı mərtəbələrdə qapı-pəncərələr salınır, suvaq işləri görülür. İş icraçısı Samil Ağayev söhbət zamanı dedi ki, obyektin yeni dərs ilinin başlamasına kimi istifadəyə verilməsi üçün var qüvvə ilə çalışırıq. Keyfiyyətə də xüsusi diqqət yetiririk.

Məktəb binasında işlərin gedişi ilə kənddə hamı maraqlanır. Burada işıqlı, yaraşıqlı 23 sinif otağı, 3 laboratoriya, hərbi kabinə, kompüter sinfi, elektron lövhəli sinif, kitabxana, idman zalı olacaqdır. Kənd sakinləri son illərdə məktəb tikintisinə olan qayğı və diqqətdən ürəkdolusu danışırlar. Deyirlər ki, təkcə bu ətrafda, qonşu kəndlərdə bir neçə məktəb binası inşa olunub, yaxud əsaslı şəkildə təmir edilib.
Təhsil Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yaqub Tağıyev deyir ki, son illərdə Şərur rayonunda digər abadlıq və quruculuq işləri ilə yanaşı, məktəb tikintisinə də xüsusi diqqət yetirilir. Ümumtəhsil məktəblərinin yarıdan çoxu yenidən tikilib, yaxud əsaslı təmir olunub. Keçən il Yuxarı Aralıq və Danyeri kəndlərinin hər birində 414, Dərəkənddə 216 şagird yerlik məktəb binalarının inşası başa çatdırılıb, Qarxun və Qorçulu kəndlərindəki məktəb binaları əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Xanlıqlardan başqa, Dəmirçi və Sərxanlı kənd­lərində də məktəb binaları yenidən qurulur. Şahbulaq kəndində isə yeni məktəb binası tikilir.
Şərurda təhsilə göstərilən dövlət qayğısı bu sahənin uğurlarının artmasını təmin edib. Təkcə bu il 11-ci sinfi bitirən 840 nəfərdən 613 nəfəri ali məktəblərə sənəd verib. İlkin nəticələrə görə, 50 abituriyent 500-dən yuxarı, onlardan 17 nəfəri 600-dən, 7-si isə 650-dən çox bal toplayıb. Şərur şəhər 1 nömrəli tam orta məktəbi isə 2012-2013-cü dərs ilinin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub, 10 min manat pulla mükafatlandırılıb.
Şərurda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və yeni məktəb binalarının təmiz və abad saxlanılması üçün sistemli tədbirlər görülür. Zeyvə, Düdəngə, Qarxun, Aralıq, Yengicə məktəblərində və başqa yerlərdə sanitar qruplar yaradılıb. Bununla yanaşı, yeni istifadəyə verilən binaların həyətlərinə ekoloji qruplar nəzarət edir.
Rayon Təhsil Şöbəsində dedilər ki, hər hansı məktəbin fəaliyyətinə qiymət veriləndə tədrisin keyfiyyəti ilə yanaşı, kollektivdəki səliqə-sahmana da xüsusi diqqət yetirilir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR