22 Dekabr 2024, Bazar

Ölkəmizdə həyata keçirilən çoxşaxəli və innovativyönümlü iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri regionların tarazlı inkişafına, yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdır. Dünyada beynəlxalq əmək bölgüsünün dərinləşməsi və xarici iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsi şəraitində ölkəmizin inkişafda olan bir regionu kimi Naxçıvan Muxtar Respublikası da öz inkişafının yeni – ixracyönümlü inkişaf mərhələsinə qədəm qoymaqdadır. 

Davamlı inkişaf onu daimi olaraq dəstəkləyən bir strategiyaya əsaslanmalıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında davamlı hal almış sosial-iqtisadi yüksəliş prosesləri həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olub, regionun hərtərəfli inkişaf meyilləri ilə ölkədə və yaxın regionda nümunəvi bir hala gətirilməsinə xidmət edir. Keçmişdə yalnız aqrar bir region kimi xammal bazası rolunu oynayan Naxçıvanın malik olduğu potensialının üzə çıxarılıb markalı məhsullar istehsalı ilə dünya bazarında təmsil olunması bu baxımdan ölkəmizdə həyata keçirilən regional inkişafa uğurla xidmət edən bir strategiyadır. Zəngin yeraltı və yerüstü sərvətlərə, bərəkətli torpaqlara və bacarıqlı insan resurslarına sahib Naxçıvan Muxtar Respublikasının qısa müddətdə mənfi saldolu xarici ticarət dövriyyəsindən müsbət saldoya sahib gücə çatması məhz bu strategiyanın məhsulu, uzunmüddətli inkişaf pro­qramının tərkib hissəsidir. Gündəlik məqsədlər üçün enerjinin çatışmadığı, ən zəruri ərzaq məhsullarının idxal olunduğu bir regionda cəsarətlə həyata keçirilən sənayeləşmə prosesləri iqtisadiyyatın digər sahələrinin də inkişafına öz təsirini göstərmişdir.

Muxtar respublikanın yerli imkanlar hesabına sənaye potensialının artırılması asan başa gəlməmişdir. Bu, çoxmərhələli tədbirlərin nəticəsində mümkün olmuşdur. Blokada şəraitinin məlum çətinliklərinə baxmayaraq, ilk mərhələdə sənaye məhsulu istehsalı üçün köhnə infra­strukturun yenilənməsi, əsas magistral yolların əsaslı şəkildə yenidən qurulması və biznes mühitinin yaxşılaşdırılması məsələləri uğurla həll olunmuş, nəticədə, regionun investisiya cazibədarlığı yüksəlmişdir. Bu da, öz növbəsində, muxtar respublikaya yüksək texnoloji avadanlıqların idxal olunmasına şərait yaratmışdır ki, müasir şəraitdə ixracyönümlü məhsul istehsal edilməsi bunlarsız mümkün deyildir. Sonrakı mərhələdə muxtar respublikanın mövcud təbii, istehsal və əmək ehtiyatlarının qiymətləndirilməsi hesabına təklif olunan investisiya layihələrinin reallaşdırılması durur ki, bunların həyata keçirilməsi təkcə məlum istehsal faktorlarından başqa, bir də qətiyyət və iradə tələb edən gərgin zəhmətin sonunda hasilə gələ bilər. Başqa sözlə, müəyyən müddət keyfiyyətsiz idxal məhsulların kök saldığı daxili bazarın tənzimlənməsi və standartlara cavab verən yerli məhsullara keçilməsi yalnız sözdə asan görünə bilər. Üçüncü mərhələ isə daxili bazarın təmin olunması ilə xaricdə brendlə tanına biləcək məhsullarımızın dünya bazarı rəqabətinə qoşulması və naxçıvanlı sahibkarın işgüzarlığının, işçinin əməyinin valyutaya çevrilməsidir. 

Muxtar respublikada aparılan sənayeləşmə və ixracyönümlü məhsul istehsalı son illərdə öz bəhrəsini verməyə başlamışdır. 2009-cu ildən başlayaraq beynəlxalq ticarətdə ixracın həcminin idxalı üstələməsi sonrakı dövrlərdə davam etmişdir. Bu dinamikanın qorunub saxlanılması nəticəsində mövcud proseslər cari ildə də artan istiqamətdə davam etdirilmişdir. Muxtar respublikanın cari ilin ilk altı ayında sosial-iqtisadi inkişafını əks etdirən rəqəmlərə nəzər saldıqda görürük ki, regionun sənaye potensialının artırılması istiqamətində əldə olunan nəticələr istehsal edilən hazır məhsulun ixracı yönündə də öz təsirini göstərmişdir. Belə ki, sahibkarlığın davamlı inkişafının dəstəklənməsi, innovativ fəaliyyət və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye potensialının qurulması üzrə aparılan iqtisadi siyasətin nəticəsi olaraq, 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 459 milyon 535 min manat həcmində, yəni ötən ilin müvafiq dövründəkindən 12,5 faiz çox sənaye məhsulu istehsal olunmuş, sənaye 31,9 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yeri tutmuşdur. Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin ilk altı ayı ərzində daxili tələbatdan artıq istehsal olunmuş 124 milyon 623 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.
Muxtar respublikamızda idxaldan asılılığın azaldılması və ixracyönümlü məhsul istehsalına verilən diqqət hazırda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətidir. Bunun üçün müasir texnoloji avadanlıqların alınıb gətirilməsi, onların istehsala tətbiqinin mənimsənilməsi və bu istiqamətdə insan resurslarının formalaşdırılması əsas vəzifələrdəndir. Ayrıca olaraq naxçıvanlı sahibkarların ixracatyönlü istehsalı daha dərindən mənimsəməsi və onların bu işə təşviq olunması istiqamətində dövlət dəstəyinin göstərilməsi də davam etdirilir. Aparılan inkişaf strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 344 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. Muxtar respublikada 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Dünyada mövcud olan inkişaf prinsiplərinə əsasən, qeyri-ərzaq mallarının ərzaq məhsullarına nisbətdə mütləq üstünlüyünün muxtar respublikada təmin olunması sənayeləşmə istiqamətində əldə olunmuş mühüm nəticədir.

Belə bir işgüzar mühitdə öz biznes planlarını bacarıqla icra edən sahibkarların uğurlu fəaliyyətinin nəticəsidir ki, 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 230 milyon 400 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 25,7 faiz çox olmuşdur. Bu dinamikanın ilin sonuna qədər qorunub saxlanılması və gələcək illərdə daha da davamlı hal alması üçün sahibkarlara hər cür şərait yaradılmışdır.

Asəf QƏRİBOV
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR