22 Dekabr 2024, Bazar

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər müstəqil Azərbaycanın gündən-günə inamla atdığı hər addımda daha aydın dərk olunur. İqtisadiyyatın hərtərəfli inkişafı, xüsusilə güclü sahibkarlıq təbəqəsinin formalaşdırılması istiqamətində atılan addımlar uğurlu nəticələrini verməkdədir. Əlbəttə ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz. Müasir inkişaf yeni bazar tələblərini ortaya çıxarır. Bu istiqamətdə də işlərin görülməsi qaçılmazdır.

Muxtar respublikamız investisiya cazibədarlığı baxımından hər zaman diqqətçəkən region olub. Regionun coğrafi və təbii şəraiti, turizm, sənaye, kənd təsərrüfatı, həmçinin tranzit mövqeyi əlverişli investisiya mühiti üçün yerli sahibkarlar qarşısında mühüm yollar açır. Son 17 il ərzində daxili bazarda 330 növdə məhsulun istehsalına nail olmaq kifayət qədər ciddi rəqəmdir. Bu uğurun əsasında dövlət dəstəyi ilə yaradılmış və kifayət qədər biznes təcrübəsi əldə etmiş yerli şirkətlərin fəaliyyəti dayanır. Muxtar respublikada ildən-ilə xarici bazara çıxarılan məhsulların çeşid və həcminin artırılması, istehsalda yeni texnologiyaların tətbiqi, keyfiyyət amili bu şirkətlərə yeni bazarların araşdırılması ilə bərabər, yeni investisiya mühitinin yaradılması zərurətini də diktə edir.

Xarici bazarlara çıxmaq sahibkarlara nə vəd edir?

Marketoloqların dili ilə desək, hər bir sahibkar yerləşdiyi regionda müəyyən bazar payına malikdir. Daim inkişaf etməkdə olan şirkətlərin hədəfində isə təbii ki, daha çox satış, deməli, daha çox qazanmaq prinsipi durur. Bu prinsip, öz növbəsində, geniş müştəri kütləsinə sahiblənməyi nəzərdə tutur. Deməli, xarici bazara investisiya qoyan yerli sahibkarlar, ilk növbədə, hazırkı müştəri payından daha çox paya malik olurlar. İkinci bir tərəfdən, ölkədən kənarda Azərbaycan şirkətlərinin sayı artır. Üçüncü və ən əsası isə sahibkarın qarşısında təmsil etdiyi ölkənin təbliği üçün geniş imkanlar açılır, onlar fəaliyyət göstərdiyi ölkə­nin ictimai-iqtisadi sahələrində söz sahibinə çevrilirlər ki, bu da nəinki müstəqil Azərbaycan üçün, həmçinin əsrlərdən bəri region ölkələrinin və beynəlxalq güclərin maraqlarının toqquşduğu Naxçıvan üçün mühüm əhəmiyyət kəsb edir. Dolayısı ilə muxtar respublikanın hərtərəfli təbliğinə kənarda daha çox ehtiyac var ki, bu sahədəki boşluğu doldurmaqda iş adamlarının da üzərinə müəyyən vəzifələr düşür.
Təbii ki, həm dövlət başçısının, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlara göstərdiyi qayğı, onlarla mütəmadi görüşlərin keçirilməsi istər ölkəmizdə, istərsə də müxtəlif xarici ölkələrdə biznes forumların təşkili istənilən ölkə ilə qarşılıqlı əməkdaşlığa dövlət səviyyəsində marağı və münasibəti ortaya qoyur. Muxtar respublika sahibkarlarının son illərdə mütəmadi olaraq bu cür iqtisadi forumlarda iştirakı, sözsüz ki, hər bir sahibkarın düşüncəsində gələcək fəaliyyətlə bağlı yeni ideyaların yaranmasına səbəb olur. İstənilən sahibkarı investisiya qoyacağı ölkənin coğrafi ərazisi, əhali sayı, hansı ölkələrlə həmsərhəd olması, qanunlarının aliliyi, əhalisinin sosial vəziyyəti və sadalamadığımız bir çox tərəfləri düşündürür. Təxminən bir aya yaxın müddətdə apardığımız araşdırmalar bizə müəyyən nəticə çıxarmağa imkan verdi ki, bu nəticəni oxucularımızla, eyni zamanda yerli sahibkarlarla bölüşmək istərdik.
Qeyd edək ki, istənilən xarici bazar özündə müəyyən risklər daşıyır. Düşünülməmiş addım sahibkara ciddi zərbə vura bilər. İlk olaraq, investisiya üçün iddialı yerli şirkət xarici bazar üçün özünü hazır hiss etməlidir. İnvestisiya qoyulacaq ölkədə bazar araşdırması sahibkar üçün çox önəmlidir. Burada sahibkarların nəzərdən qaçırmayacağı amillərdən biri həmin bazarda müəyyən “boşluqların” tapılması və ya ümumilikdə, bazarın (sektorun) digər inkişaf etmiş ölkələrdəkinə görə zəif inkişaf etməsidir. Bu amilləri əsas götürsək, postsovet ölkələri geniş imkanlar açır. Digər bir tərəfdən, postsovet ölkələri ilə gömrük razılıqlarına görə, Azərbaycandan ixrac edilən məhsullar üçün gömrük rüsumu tutulmur. Bu, yerli sahibkarları digər ölkələrlə müqayisədə daha rəqabətqabiliyyətli edir. Bundan başqa, həmin ölkələrdə istehlakçı hüquqları, məhsulların standartlaşdırılması kimi məsələlər sadədir. Maraqlı məqamlardan biri də budur ki, keçmiş postsovet məkanında Gürcüstan və Pribaltika ölkələri istisna olmaqla, biznesə yaradılan maneələr və ortaya çıxan problemlər, demək olar ki, eynidir. Və nəhayət, Müstəqil Dövlətlər Birliyi məkanında rus dilindən hələ də ümumi ünsiyyət vasitəsi kimi istifadə olunması işləri bir az da asanlaşdırır.
Yerli sahibkarlar üçün ələdüşməz fürsətləri ilə seçilən ölkələrdən biri də Gürcüstandır. Gürcüstan bazarı konkret sektorlara görə Azərbaycan bazarından bir neçə dəfə geridə qalır. Digər postsovet ölkələrindən fərqli olaraq, bu ölkədə qanunvericilik bazası mükəmməl olmaqla yanaşı, həm də sahibkarlığın inkişafına yönəldilib. Gürcüstanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü gömrük baryerlərinin aradan qaldırılmasına da şərait yaradıb ki, yerli sahibkarlar istehsal etdikləri məhsulları asanlıqla digər ölkələrə ixrac edə bilərlər. Qonşu Türkiyə Respublikasından gələn iş adamlarının, əsasən, turizm, inşaat, otelçilik, restoran biznesi kimi sahələrə daha çox diqqət yetirməsi Gürcüstanda hələ də istehsal sahələrindəki boşluğu doldura bilməyib. Digər tərəfdən, Azərbaycanın son dövrlərdə bu ölkənin neft-kimya sektoruna qoyduğu böyükhəcmli investisiyalar, iqtisadi və geostrateji tərəfləri ilə seçilən neft, qaz və dəmir yolu xətləri Gürcüstan iqtisadiyyatında ölkə­mizin rolunu artırmaqla bərabər, digər sahibkarlıq subyektlərinin qarşısında da gözəl imkanlar açır. İstənilən halda naxçıvanlı sahibkarlar bu bazarı nəzərdən keçirsələr, yaxşı olar. Onu da xatırladaq ki, Gürcüstanın iqtisadi göstəriciləri Azərbaycandan dəfələrlə geridə qalsa da, bu ölkə milli şirkətlərimiz üçün xarici bazarlara çıxmaqda əlverişli rol oynaya bilər.
Yerli şirkətlərimizin investisiya qoya biləcəyi ölkələrdən biri də Türkiyə Respublikasıdır. Çox zaman düşünürük ki, bu ölkə bizə yalnız oradan məhsul alıb burada satmaq üçün əlverişlidir. “Bir millət, iki dövlət” olmağın iqtisadi mənfəətlərindən biri də qarşılıqlı olaraq investisiya layihələrinin həyata keçirilməsidir. Doğrudur, bizim qonşu ölkədən öyrənəcəklərimiz çoxdur, ancaq üstün cəhətlərimiz də var. Sistemli və fundamental düşünə bilən sahibkarlar bu ölkədə ciddi biznes qura bilərlər.

İdeyadan reallığa doğru...

Yazının əvvəlində də qeyd etdik ki, istənilən sahibkarın düşüncəsində inkişaf etmək, daha çox qazanmaq prinsipi yer tutur. Yəni ideya hamıda var və ideyasız biznes yoxdur. Ancaq bəzən ideyanın əhəmiyyətini daha çox qabardırıq. Məşhur iqtisadçılardan birinin fikri yadıma düşdü. Alim qeyd edir ki, biznes-layihələrin uğurunda ideyanın mükəmməl olmasının payı 10 faiz, işin düzgün icra edilməsi 60 faiz, layihəyə təsir edən xarici mühit amilləri isə 30 faiz təşkil edir. Deməli, əsas şərt ideya yox, onun icrasıdır. Odur ki, yerli sahibkarların bu istiqamətdə fəaliyyətə başlaması, düşünürük ki, sakini olduğumuz muxtar diyarımızın tanıdılması və təbliğinə də öz töhfəsini verəcəkdir. Yetər ki, ideyadan reallığa doğru düzgün addımlar atılsın.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR