22 Dekabr 2024, Bazar

“Sirab” mineral su yatağı Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. Bu mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Adının etimologiyalarından biri də “Sirli sular” olan “Sirab” əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətli olur, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə müsbət təsir edir.

Bu əvəzsiz təbii sərvətimizin istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan “Sirab” Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində zavod fəaliyyətini, demək olar ki, dayandırmışdır. 1993-cü ildən sonra ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Göstərilən bu dövlət qayğısından bəhrələnməklə “Sirab” Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Beş hektar ərazini əhatə edən müəssisədə 2 mərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir. 
Müasir texnoloji avadanlıqlarla təmin olunmuş bu müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılmışdır. Məhz bunun nəticəsidir ki, zavod bazar iqtisadiyyatının tələblərinə uyğun yüksəkkeyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir. Təbii sərvətimizdən daha səmərəli istifadə olunmaqla müəssisənin fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və yeni istehsal sahəsinin – qazsız su istehsalı sahəsinin yaradılması üçün Sahibkarlığa Kömək Fondundan 2011-ci ilin fevral ayında 700 min manat, aprel ayında isə 350 min manat güzəştli kredit ayrılmışdır. Bundan sonra bir sıra tədbirlər həyata keçirilmiş, müəssisədə 625 kvadratmetr sahəsi olan binada əsaslı təmir və yenidənqurma işləri aparılmış, Türkiyə Respublikasının “Ersey Makina” şirkətindən istehsal gücü saatda 11 min ədəd 0,5, 9 min ədəd 1, 8 min ədəd 1,5 litrlik butulkalarda, 5 və 19 litrlik taralarda qazsız su olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmışdır. Bundan başqa, müəssisədə müasir texnoloji avadanlıqlarla təmin olunmuş xüsusi bakterioloji laboratoriya istifadəyə verilmişdir. Yeni istehsal sexində lazerlə tarixvurma avadanlığı quraşdırılmışdır ki, bu da ölkəmizdə 3 böyük şirkətdə mövcuddur. Ümumilikdə, yeni istehsal sahəsinin yaradılmasına və müasir texnoloji avadanlıqların alınmasına 1 milyon 350 min manat vəsait sərf olunmuşdur. Bunun da 300 min manatı daxili imkanlar hesabına ödənilmişdir.
Müəssisədə istehsal prosesi suyun hazırlanması və qablaşdırılması mərhələlərindən keçməklə aparılır. Mineral su zavoda “Kalbayağıl” adlanan yerdəki bulaqlardan yerin altı ilə paslanmayan borularla çəkilmişdir. Su mənbəyinin təhlükəsizliyini təmin etmək məqsədilə bulağın ətrafı hasara alınmış, burada bina tikilmişdir. Zavoda gələn su əvvəlcə saatda 15 ton susüzmə gücünə malik qum fil­trindən keçirilib çənlərə yığılır və suyun səviyyəsi rəqəmli şüşə borularla müəyyənləşdirilir. Hər biri 20 ton həcmində olan çənlərdə su 2 gün saxlanılır. Sonra yenidən filtrdən keçirilərək mineral və qazsız su istehsalı sexlərinə verilir. Suyu boşaldıqdan sonra çənlər yuyulur, dezinfeksiya edilir. Burada 200 tonluq qapalı hovuz da tikilmişdir ki, çənlərə gələn suyun artıq hissəsi buraya doldurulur. Mineral su soyuducu qurğularda 4-8 dərəcəyədək soyudularaq 1 mikronluq filtrdən, qazsız su isə “tərs osmos” üsulu ilə süzülərək təmiz saf su həddinə salınmaqla ultrabənövşəyi şüadan keçirilib ozonlaşdırıldıqdan sonra istehsal sexinə ötürülür.
İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Müəssisənin sexlərində müxtəlifhəcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə məhsul istehsal edilir. 2011-ci ilin fevral ayında “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Plastmas Kapsul və Qapaq İstehsalı Müəssisəsinin fəaliyyətə başlaması bu müəssisənin də plastmas taralara olan tələbatının yerli istehsal hesabına ödənilməsinə əlverişli şərait yaratmışdır.
Müəssisədə məhsulun keyfiyyətinə laborator nəzarət təmin olunmuşdur ki, burada da suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bir sözlə, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fəaliyyəti yenidən bərpa olunan müəssisədə istehsal prosesi avtomatlaşdırılaraq standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsul istehsalına nail olunmuşdur. Bütün bunların müqabilində “Sirab” mineral suyu 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq forumun “İş təcrübəsində yüksək keyfiyyətlərə görə” adlı qızıl medalına, 2009-cu ilin oktyabr ayında Ukrayna Respublikasında keçirilən XII beynəlxalq sərgidə qızıl medala, 2010-cu ilin fevral ayında Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən XVII beynəlxalq sərgidə gümüş medala, 2011-ci ildə yenə Moskva şəhərində və Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən beynəlxalq sərgilərdə qızıl medallara layiq görülmüşdür. Həmçinin bu əvəzsiz təbii sərvətimizin Avropa ölkələrində və digər xarici ölkələrdə satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır. Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001-2008 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Sirab” mineral suyunun Avropa bazarlarına girişini təmin etmişdir.
Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərən kollektiv cari ilin ilk 7 ayında 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,33, 0,5 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız olmaqla, ümumilikdə, 4 milyon 225 min 926 ədəd butulka və taralarda mineral su istehsal etmişdir. Bunun 562 min 356 ədədi sifarişə uyğun olaraq muxtar respublika ərazisində satılmış, 3 milyon 149 min 700 ədədi Bakı şəhərində və respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə yola salınmış, 513 min 870 ədədi isə Rusiya Federasiyasına və Gürcüstan Respublikasına göndərilmişdir. Nəticədə, ölkə daxilində 707 min 277 manatlıq, xarici ölkələrdə isə 210 min 839 manat məbləğində mineral suyun satışı təmin olunmuşdur. Gələcəkdə digər xarici ölkələrdə də “Sirab” suyunun satışa çıxarılması nəzərdə tutulur. “Sirab” mineral suyunun mineral su ixracatçısı olan Rusiya Federasiyasına və Gürcüstan Respublikasına ixrac olunması və su bazarında özünəməxsus yer tutması bu əvəzsiz təbii sərvətimizin yüksək keyfiyyəti və müalicəvi əhəmiyyəti ilə bağlı olub, Babək “Sirab” ASC-nin bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsul istehsal edib rəqabətqabiliyyətli müəssisəyə çevrildiyinin göstəricisidir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR