22 Dekabr 2024, Bazar

Muxtar respublikanın füsunkar guşələrindən biri olan Şahbuz rayonu son illərdə bu bölgəyə göstərilən hərtərəfli dövlət qayğısı hesabına öz simasını əsaslı surətdə dəyişib. Cari ildə də rayonun bir neçə yaşayış məntəqəsində tikinti-qurucu­luq işləri aparılır. Belə tədbirlərin həyata keçirildiyi kəndlərdən biri Sələsüzdür. Bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə aprel ayından start verilib. Məlumat üçün bildirək ki, Sələsüz kəndində əvvəllər də quruculuq tədbirləri aparılıb, məktəb binası, kənd mərkəzi inşa olunub, bir neçə kənd sakini üçün fərdi mənzillər tikilib. Hazırda kənd məktəbinin binası yenidən qurulur, mövcud kənd mərkəzinin binası yeni layihə əsasında həkim ambulatoriyası üçün inşa edilir, yeni kənd mərkəzi tikilir.
Rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən Ayrınc kəndi də tikinti meydançasını xatırladır. Hazırda kənddə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin bir qrup inşaatçısı məktəb binasından bir qədər yuxarıda, yolun sağında ikimərtəbəli kənd, solunda isə xidmət mərkəzlərinin tikintisini aparır.

Quruculuq tədbirlərindən Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinə də pay düşüb. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini həyata keçirmək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçılarına həvalə edilib. Binalardan biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub, qapı-pəncərələr salınıb, digər tikinti tədbirləri həyata keçirilir. 
Məktəb binasının yaxınlığında inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Sözügedən obyektdə də inşaat işləri əsasən yekunlaşdırılıb.
Bu yaşayış məntəqəsinin sakinlərinə daha bir dövlət qayğısı kənddə xidmət mərkəzinin inşa edilməsidir. Güney Qışlaqda isə kənd mərkəzi inşa olunur. Yaxın günlərdə xidmət mərkəzinin də tikintisinə başlanılacaq.
Ucqar dağ kəndi Kükü də qayğıdan kənarda qalmayıb. Burada da bir neçə ünvanda quruculuq tədbirləri həyata keçirilir. Kənd tam orta məktəbinin köhnə binasında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla binaya daha 2 korpus əlavə edilib. Yeni korpuslarda idman zalı, yeməkxana, kompüter və elektron lövhəli siniflər yerləşəcək.
Muxtar respublikamızda mahiyyət və məzmunca yeni olan daha bir kənd mərkəzi üçün bina Kükü kəndində də inşa olunur. Kənd mərkəzinin binası 2 mərtəbədən ibarətdir.
Yaşayış məntəqəsinə daha bir dövlət qayğısının ifadəsi kimi burada inşa olunan 2 mərtəbədən ibarət həkim ambulatoriyasını göstər­mək olar. Dağ kəndi sakinlərinin sağlamlığı keşiyində dayanacaq ambulatoriya üçün nəzərdə tutulmuş binanın da tikintisində sürətli iş ahəngi hökm sürür. Yaxınlıqda isə birmərtəbəli xidmət mərkəzinin tikintisi aparılır. Kompleks quruculuq tədbirləri həyata keçirilən ərazinin yerləşdiyi ünvanda istinad divarları da tikilir. Onu da qeyd edək ki, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərinin yollarında yenidənqurma işləri aparılır.
Quruculuq tədbirləri aparılan bütün ünvanlarda inşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Obyektlər vaxtlı-vaxtında inşaat materialları ilə təchiz olunur, keyfiyyət amilinə xüsusi diqqət yetirilir, tikintidə təhlükəsizlik tədbirləri gücləndirilir. Bu da belə əminlik yaradır ki, yeni quruculuq obyektləri nəzərdə tutulan vaxtda təhvil veriləcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR