Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin “Əmlak” informasiya bülleteninin üçüncü nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.
İnformasiya bülletenində muxtar respublikamızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, komitənin Ordubad Rayon İdarəsinin yerləşdiyi yeni inzibati binada yaradılan şərait barədə yazılar yer alıb. Torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə qapalı suvarma şəbəkələrinin qurulması sahəsində görülən işlər, investisiya və innovasiya fəallığının artırılması, yeni texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, innovativ təsərrüfatçılıq formalarının yaradılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı materiallar yerləşdirilib.
Muxtar respublikada torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması istiqamətində görülmüş işlər, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı həyata keçirilən tədbirlər, komitə tərəfindən göstərilən səyyar və elektron xidmətlər jurnalda geniş işıqlandırılıb. İnnovativ ideyaların müzakirəsi, daşınmaz əmlak obyektlərinin inventarlaşdırılması, innovasiyalar və onların idarə edilməsi sahəsində keçirilən təlimlərlə bağlı yazılar verilib. Ailə təsərrüfatları ilə keçirilən maarifləndirici görüşlər, Babək və Şərur rayonlarında planaalma işlərinin başa çatdırılması, taxıl biçininin mütəşəkkil aparılması, mühafizə zonaları ilə bağlı tələblər, torpaqları birləşdirməyin faydaları barədə məlumatlar yerləşdirilib.
Vətəndaşlardan daxil olan sorğular əsasında sual-cavab rubrikası hazırlanıb.
Qeyd edək ki, “Əmlak” informasiya bülleteni Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və ildə iki dəfə nəşr olunur.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti