Genişmiqyaslı tədbirlər nəticəsində rayonun siması sürətlə dəyişir
Sədərəklilər arzularına çatıblar
Sərhəd bölgəsi Sədərək rayonuna daha çox üz tuturam, buradan daha çox yazıram. Amma çətin ki, ürəyimdən keçənlərin hamısını yaza biləm.
Sədərəkdən indi də yazıram – özü də daha böyük həvəslə, qürur hissilə. Ürəyim yenə doludur. Bunun isə səbəbləri var: sədərəklinin bir vaxtkı arzuları həqiqətə, görmək istədikləri reallığa çevrilib . Xəyalım keçmişə qayıdır...
...Yaxın keçmişin söhbətidir. Rayon mərkəzi Heydərabad qəsəbəsində köhnə tanışlarımdan biri, ağsaqqal ziyalı, Azərbaycan Respublikasının əməkdar müəllimi Əli Əliyevlə qarşılaşdım. Hal-əhval tutduqdan sonra Əli müəllim ürəkağrısı ilə dedi:
– Hərdən Heydərabad qəsəbəsinə yolum düşür. Bu boyda qəsəbədə nə dincəlməyə, istirahət etməyə park, nə də içməyə bir qurtum su var. Sədərəklilər qədirbilən, qoçaq, sədaqətli adamlardır. Təki qabağa düşən, yol göstərən ola...
Aradan bir neçə il keçib. Artıq nəinki Heydərabad qəsəbəsində, hətta Sədərək kəndində yeni park və meydanlar yaradılıb.
Sədərəyə bu dəfə səhər tezdən gəlmişdim. Kəndin mərkəzi parkında yenə Əli müəllimlə rastlaşanda çox sevindim. Məmnun idi. Dedi ki, səhər tezdən parkda dincəlməyə adət edib. Axı arzusu çin olub. Sonra əlavə etdi ki, Sədərəkdə hazırda geniş abadlıq işləri görülür; rayon, sakinlərin gözləri qarşısında büsbütün dəyişir, yeni, yaraşıqlı, müasir görkəm alır:
– Sədərəkdə bu gün görülən işlər adamın ürəyini dağa döndərir. Bilirsinizmi, məni ən çox sevindirən bir də nədir? Ən çox ona sevinirəm ki, indi rayonumuzda məşğuliyyəti olmayan adam tapmaq çətindir, demək olar ki, yoxdur. Üstəlik, yaxşı işləyənlərə zəhmətləri müqabilində yaxşı da əməkhaqqı verirlər.
Yeni mərhələ: abadlıq-quruculuq prosesi geniş vüsət alır
Söhbət sərhəd bölgəsindən getdiyi üçün Sədərək döyüşlərinin üzərindən sükutla keçə bilmirəm. Rayon əhalisi muxtar respublikanın vətənpərvər oğulları ilə son dərəcə ağır anlarda yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdı. Düşmənin atdığı “qradlar”, “alazanlar” Sədərək torpağına yağış kimi yağsa da, doğma yurdunu, isti ev-eşiyini heç kim tərk etmədi. Vətən sevgisi, torpaq qeyrəti, bütün naxçıvanlıların onlara dəstək olması bu ölüm-dirim savaşında sədərəklilərə yenilməz güc verdi. Əli silah tutan hər kəs torpaq, Vətən sevgisi ilə düşmən qabağına çıxdı. O vaxtdan alınmaz qalaya dönən Sədərək düşmənin gözdağına çevrildi. Bu gün isə bölgə heyrət doğuran yüksəlişi, bütün sahələri əhatə edən dinamik inkişafı, gözqamaşdıran gözəlliyi ilə bizim üçün qürur yeri, düşmən üçün isə yenə də gözdağıdır.
Rayon mərkəzi Heydərabad qəsəbəsində son illər yeni binalar tikilmiş, küçələr salınmış, yaşıllıq zolaqları yaradılmışdır. İndi qəsəbəyə xüsusi gözəllik və yaraşıq verən həmin obyektləri saymaqla qurtarmaq olmaz: Heydər Parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, qəsəbə tam orta məktəbi, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının inzibati binası, rayon Məhkəməsi, Prokurorluq, Polis Şöbəsi üçün inzibati binalar və sair. Bundan başqa, qəsəbədə bütün küçələrdə yenidənqurma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmış, park və bağlar salınmışdır. Qəsəbə başdan-başa yaşıllıq və gül-çiçəyə qərq olmuşdur.
Genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri bu gün də eyni sürət və keyfiyyətlə davam etdirilməkdədir. Rayonda uşaqlara qayğı tükənməzdir. Keçən il Sədərək kəndində 60 yerlik yeni uşaq bağçası istifadəyə verilmişdir. Bu ilin mart ayından isə Heydərabad qəsəbəsində 252 yerlik üçmərtəbəli yeni uşaq bağçasının tikintisinə başlanılıb. Həm də Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası yenidən qurulur.
Rayonda tikinti-quruculuq işləri bununla məhdudlaşmır. “Sədərək rayonunun içməli su və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi də uğurla icra olunur. “Dizayn inşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan bu iş çox sürətlə davam edir. Rayon əhalisi çox sevinir ki, uzun illərin problemləri tezliklə həll olunacaq.
Rayonda Araz çayından qidalanan Şir arxının üzərində sərfiyyatı saatda 3 min kubmetr olan yeni nasos stansiyasının tikintisinə də başlanmışdır. Nasos stansiyası istifadəyə verildikdən sonra rayonda 1000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil ediləcəkdir.
Sədərək heç vaxt belə gözəl olmamışdır. Yer üzünün əşrəfi olan insan həyatda hər şeyə qadirdir. Yetər ki, vətəndaşı olduğun dövlətə sədaqətin, havasını udduğun, suyunu içdiyin, üstündə gəzdiyin Vətən deyilən torpağa məhəbbətin, doğma yurdunu cənnətə döndərmək kimi ali məqsədin, xoş niyyətin olsun.
Yüksəliş: rəqəmlərin dili ilə
Cari ilin birinci yarısında Sədərək rayonunda sosial-iqtisadi sahədə görülmüş işlərin təhlili göstərir ki, rayonda bütün istiqamətlərdə uğurlu nəticələr əldə edilmişdir. Rayonun əsas iqtisadi göstəricilərinə nəzər salsaq, bunu aydın görərik.
Cari ilin ilk 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 4,5 faiz artaraq 1 milyon 165,2 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 4,8 faiz artaraq 1 milyon 947,2 min manata yüksəlmişdir.
Yarım ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 11 milyon 16,6 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrüilə müqayisədə 8,4 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2012-ci ilin müvafiq dövrünün səviyyəsini 7,4 faiz üstələyərək 1 milyon 463,1 min manat olmuşdur. 2013-cü ilin birinci yarısında əsas kapitala yönəldilən investisiyalar 9 milyon 216 min manata, tikinti-quraşdırma işlərinin həcmi isə 8 milyon 349,3 min manata çatmışdır.
Rayon üzrə orta aylıq əməkhaqqının artım dinamikası da qalmaqdadır. Hazırda 384,3 manat təşkil edən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründən 0,2 faiz çoxdur. Altı ayda rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan 73 nəfərdən 61 nəfəri daimi işlə təmin edilmişdir.
Rabitə xidmətinin müasir tələblər səviyyəsində inkişafı istiqamətində də tədbirlər ardıcıl olaraq davam etdirilir. İlin birinci yarısında 8 mənzilə telefon çəkilmiş, 182 nəfər internet xəttinə qoşulmuşdur. Ümumiyyətlə, bu ilin ilk 6 ayında rayon əhalisinə 31 min 565 manatlıq rabitə xidməti göstərilmişdir.
Bol məhsul götürmək istəyirsənsə, buyur – heç bir çətinlik yoxdur
Rayonda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara daim, necə deyərlər, “yaşıl işıq” var. Hara baxırsan, taxıl zəmiləridir, kartof, bostan-tərəvəz tarlalarıdır, üzüm, meyvə bağlarıdır, biçənək, yonca sahələridir. İstixana yaradanlar da var. Adamlar bu işlərdən bol qazanc götürürlər. Məhsulların çoxu Naxçıvan və Şərur şəhərlərinin bazarlarına daşınır.
Sahibkarlığın inkişafına qayğı və diqqət göstərilməsi muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Sədərəkdə də gündəmdəki əsas məsələdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında aqrar bölmədə sahibkarlığın inkişaf etdirilməsinə kömək məqsədilə təkcə bu ilin ilk altı ayı ərzində 220 nəfər istehsalçıya becərdikləri 1422 hektar əkin sahələrinə görə 56 min 880 manat yardım verilmişdir.
Bu il 2128 hektar zəminin taxılı biçilmişdir. Hər hektarın orta məhsuldarlığı 30 sentnerdən yuxarıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Sədərək bazasının kombaynları biçində fərqləniblər.
Rayonda kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 3574 hektardır. Taxıldan əlavə, 34 hektarda paxlalı, 104 hektarda qarğıdalı, 19 hektarda günəbaxan, 95 hektarda kartof, 412 hektarda tərəvəz, 185 hektarda bostan və 162 hektarda çoxillik yem bitkiləri becərilir. Kartof, bostan-tərəvəz məhsullarının yığımına da başlanmışdır.
Məlumdur ki, su olmadısa, kəndlinin zəhməti batacaq, il boyu gözünü dikdiyi məhsulunu götürə bilməyəcək. Ona görə də rayon Suvarma Sistemləri İdarəsinin kollektivi çalışır ki, işdə səhlənkarlığa yol verilməsin.
İdarənin balansında 37,4 kilometr uzunluğunda kanal və arx, 115 subartezian quyusu və başqa hidrotexniki qurğular vardır. Cari ilin birinci yarısında 18,6 kilometr məsafədə kanal və arx lildən təmizlənmiş, 67 subartezian quyusu əsaslı təmir edilmiş, onlardan 10-na yeni nasos quraşdırılmışdır. Yay mövsümü ilə əlaqədar idarə gücləndirilmiş iş rejiminə keçmişdir. Bu gün əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması məqsədilə bütün imkanlardan maksimum istifadə olunur. Bol məhsul götürmək istəyirsənsə, buyur – heç bir çətinlik yoxdur.
Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov qazanılan iqtisadi yüksəlişi, əhalinin rastlaşdığı sosial problemlərin həllini dövlətin davamlı qayğısı, muxtar respublika rəhbərinin sərhəd bölgəsinə xüsusi diqqətinin məntiqi nəticəsi, rayon əhalisinin dövlətçiliyə sədaqətinin, doğma yurda sonsuz məhəbbətinin təzahürü kimi səciyyələndirdi:
– Dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, gündən-günə güclənən iqtisadiyyatımız ölkəmizin hər bir vətəndaşında, haqlı olaraq, iftixar hissi doğurur. Necə sevinməyəsən ki, bu gün ölkəmizin ən ucqar bölgələrində belə, quruculuq, tikinti-abadlıq işləri vüsət almışdır. Sədərəyin daha da gözəlləşdiriliməsi üçün görülən irimiqyaslı işlərdən danışmaq istəmirəm. Qoy adamlar Sədərəyin bu gününü gözləri ilə görüb qiymət versinlər. Bizim fəaliyyətimizin əsas istiqaməti isə muxtar respublika rəhbərinin verdiyi tapşırıq və tövsiyələri həyata keçirməkdir. Bu tapşırıqların mahiyyəti əhalinin həyat səviyyəsini hər vasitə ilə yaxşılaşdırmaqdan, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməkdən, yaşayış məntəqələrimizə gözəl görkəm verməkdən ibarətdir. Dövlətimizin dəstəyi ilə bu istiqamətdə xeyli iş görmüşük.
Sədərəkdə yeniliklərlə tanışlıq, adamlarla iş başında görüşlərimiz, ağsaqqallarla, ziyalılarla, gənclərlə söhbətlərimiz bütün gün ərzində davam etdi. Gördüklərimizə, şahidi olduqlarımıza əsaslanıb deyə bilərik ki, bu gün Sədərəkdə təşəbbüskar və yaradıcı mühit, sağlam mənəvi-psixoloji ab-hava, sabaha dərin inam var. Elə ağsaqqal ziyalı Əli müəllim də çox nikbindir. Son görüşümüz zamanı onun söylədiyi fikirlər hafizəmdə dolaşır: “Sərhəd xəttində düşmənlə üzbəüz dayanan, onun gözünə ox kimi batan, gündən-günə böyüyən, gözəlləşən doğma yurdumla fəxr edirəm, mübaliğə olmasın, sanki cavanlaşıram”.
Cəfər ƏLİYEV