Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir, Naxçıvan şəhərindən, rayon mərkəzlərindən tutmuş ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində inzibati və sosial obyektlər tikilib istifadəyə verilir. Ona görə də tikinti-quraşdırma işlərinin sürətlə aparılmasında, inşaat işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasında mühüm rol oynayan beton qarışığı və beton məmulatları istehsal edən müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılmış, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla müxtəlif gücə malik zavodlar tikilib istifadəyə verilmişdir.
Beton məmulatları istehsal edən müəssisələr istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları – beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi. Obyektlərdə istifadə olunan digər beton məmulatları isə qonşu ölkələrdən gətirilirdi. Bu müəssisələrin işə salınması ilə həmin problemlər aradan qaldırılmış, yerli xammaldan səmərəli istifadə olunmaqla yüksəkkeyfiyyətli beton və beton məmulatları istehsalına əlverişli şərait yaradılmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə tikinti sektorunda bir ay ərzində istifadə olunan beton qarışığı müasir dövrümüzdə bir gün ərzində inşaat işlərinə sərf olunmaqdadır.
Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından və yaradılan əlverişli biznes mühitindən bəhrələnərək fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı da ərzaq məhsulları ilə yanaşı, tikinti materialları istehsal edən zavod və fabriklərin yaradılmasına nail olmuşdur. Regionumuzda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yaxından iştirak edən, daxili bazarı tələbata uyğun keyfiyyətli tikinti materialları ilə təmin edən müəssisələrdən biri də 2013-cü ilin aprel ayından fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan İnşaat” Sənaye Kompleksidir. Müasir avadanlıqlarla təchiz edilmiş kompleksin istifadəyə verilməsi muxtar respublikanın tikinti materiallarına olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Babək rayonunun Araz kəndi yaxınlığında, Naxçıvançayın sahilində tikilib istifadəyə verilən “Cahan İnşaat” Sənaye Kompleksi muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına artan tələbatın ödənilməsi zərurətindən yaranmışdır. Sahibkarlığa Kömək Fondundan ayrılmış dövlət maliyyə dəstəyi və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının daxili imkanları hesabına ümumi sahəsi 8 hektar olan kompleksdə Beton Məmulatları İstehsalı Zavodu, daşqırma və qumələmə sahəsi yaradılmış, Türkiyənin bu sahədə qabaqcıl təcrübəyə malik “Pİ Makina” şirkətinin istehsalı olan kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin kompleksin ərazisində 2 ədəd artezian quyusu qazılmış, sutəmizləyici sistem yaradılmış, yeməkxana tikilib istifadəyə verilmişdir.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə texnoloji proseslərə ciddi əməl olunur. Beton istehsalı üçün keyfiyyətli qum tədarük edilməsinə hər cür şərait yaradılmış, daşqırma və qumələmə sahəsində avtomatik idarə edilən dəzgahlar quraşdırılmışdır. Gücü saatda 150 kubmetr olan daşqırma və qumələmə sahəsində 4 çeşiddə məhsul istehsal olunur. Sonrakı mərhələdə isə yuyulmuş qum beton zavoda daşınıb ayrı-ayrılıqda hər birinin tutumu 30 ton olan 4 bunkerə yığılır. Müasir tələblər səviyyəsində qurulan Beton Məmulatları İstehsalı Zavodunda yerli xammaldan istifadə edilərək yüksəkkeyfiyyətli beton istehsal olunur. Zavodun istehsal gücü saatda 120 kubmetrdir. İstehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Xammal bunkerdən elevator vasitəsilə qarışdırma sahəsinə ötürülür. Qarışdırma sahəsində hər birinin tutumu 100 ton olan 4 bunker vardır. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi kompüterlə müəyyənləşdirilir. Eyni zamanda istehsal olunan məhsulların keyfiyyətinə nəzarət edən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. İstehsal prosesinə idarəetmə mərkəzində qurulmuş kompüterlə nəzarət təmin olunmuşdur ki, burada da betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da, son nəticədə, yüksəkkeyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin təşkilinə və müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə əlverişli şərait yaradır. İstehsal olunan beton ekoloji baxımdan təhlükəsiz və keyfiyyətlidir. Müəssisə istehsal etdiyi məhsulları ilə həm istehlakçıları, həm də bütün tikinti obyektlərini təmin edə bilir. Onu da qeyd edək ki, müəssisə kifayət qədər betonqarışdıran, betonvuran, sementdaşıyan maşın və texnika, ekskavator, buldozer və digər mexanizmlərlə təmin edilmişdir. Yəni istər xammalın müəssisəyə daşınması, istərsə də hazır məhsulun tikinti obyektlərinə çatdırılmasına hər cür şərait yaradılmışdır. İstehsal sahələrində fasiləsiz iş rejiminin təmin olunmasında mühüm rol oynayan maşın-mexanizmlərə texniki xidmətin təşkili və istismar müddətinin uzadılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılmış, cari ilin aprel ayında kompleksin ərazisində Maşın-Mexanizmlər İdarəsi üçün yeni binanın və maşın-mexanizmlərə texniki baxış sahəsinin tikilməsinə başlanılmışdır. Hazırda həmin obyektdə tikinti-quraşdırma işləri başa çatdırılmış, binanın daxilində və fasad hissəsində suvaq işləri görülür. Yaxın vaxtlarda ağırtonnajlı yük avtomobillərinə texniki xidmət göstərilməsi üçün müasir texnoloji avadanlıqların alınıb quraşdırılması nəzərdə tutulur.
Kollektiv yüksəkkeyfiyyətli məhsul istehsalı üçün mövcud imkanlardan səmərəli istifadəyə səy göstərir, istehsal olunan beton qarışığının sifarişə uyğun olaraq ayrı-ayrı obyektlərə vaxtında çatdırılmasına çalışır.
Kərəm HƏSƏNOV