22 Dekabr 2024, Bazar

Cari ildə Culfa rayonunun belə yaşayış məntəqələrində xeyli quruculuq işləri həyata keçirilib

Naxçıvan Muxtar Respublikasının Şərqə açılan qapısı sayılan Culfa rayonu həmişə qonaq-qaralı olan yurd yerlərimizdən biridir. Culfa da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilən bölgələrimiz sırasındadır. 2012-ci ildə həmin tədbirlərin həcmi daha böyük olub. Belə ki, rayonun müxtəlif yaşayış məntəqələrində yeni obyektlər həyata vəsiqə alıb. Dekabr ayının 8-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən yenidən qurulan Çeşməbasar-Boyəhməd avtomobil yolunun açılışı olub. Bu yol üstündə yerləşən Milax, Ləkətağ və Boyəhməd kəndlərində həmin gün yeni sosial obyektlər istifadəyə verilib.

 Mədəniyyət yoldan başlanır

Naxçıvan-Ordubad magistralının Çeşməbasar kəndi ərazisindən Boyəhmədə gedən yol bir neçə yaşayış məntəqəsindən – Ərəzin, Əbrəqunus, Bənəniyar, Göydərə, Milax, Ərəfsə, Ləkətağ kəndlərindən keçir. Avtomobilimiz bu kəndlərdən keçdikcə qış fəslinin bu yerlər üçün xarakterik olan mənzərələrini diqqətlə seyr edirəm. Qış libasını geyinmiş ağaclar, yaşıl cücərtiləri qışın soyuğundan saralmış taxıl zəmiləri yol boyu bizi müşayiət edir. Yadıma dəfələrlə keçdiyim bu yolun köhnə görkəmi düşür. Yağışlı-qarlı havalarda palçıqdan, quru havalarda toz-torpaq əlindən birsaatlıq yol saat yarıma, iki saata qət olunurdu. Bəzi taksi və şəxsi maşın sürücüləri bu yolun adını eşidəndə başlarını tuturdular. Düşünürəm ki, son illər muxtar respublikamızın yol-nəqliyyat infrastrukturunda baş verən əsaslı dəyişikliklər, beynəlxalq əhəmiyyətli magistrallarla yanaşı, kənd yollarının da müasir standartlar səviyyəsində yenidən qurulması bu günün reallığı, sosial-iqtisadi inkişafın ən böyük göstəricilərindəndir. Son nəticədə isə belə tədbirlər insanlara göstərilən qayğının bariz təcəssümüdür. Bu mənada Çeşməbasar-Boyəhməd avtomobil yolu muxtar respublikamızda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan daha bir addımdır.
Yolun uzunluğu 57,6 kilometr, hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrdir. Yenidənqurma tədbirləri çərçivəsində iki hərəkət xəttindən ibarət olan yolun üzərində 4 körpü və 21 su keçidi inşa olunub. Müxtəlif yerlərdə beton suaxıdıcı kanallar tikilib, keyfiyyətli asfalt örtük salınıb.
Yolun kəndlərdən keçən hissəsində 450 metr uzunluğunda hasar çəkilib. Əsas yola birləşən köməkçi yollar da təmir olunub. Bu tədbirdən sonra müasir tələblərə cavab verən yoldan 25 min sakin rahatlıqla istifadə etməyə başlayıb.
Məlumat üçün bildirək ki, bu yol, ümumilikdə, 17 kəndi əhatə edir. Həmin yaşayış məntəqələrindən biri də Milax kəndidir.

Dağ kəndində yeni quruculuq ünvanları

Muxtar respublikamızda mahiyyət və məzmunca yeni olan kənd mərkəzlərinin sayı getdikcə artır. Cari ildə Culfa rayonunun Milax kəndində də belə obyekt inşa olunaraq kənd adamlarının istifadəsinə verilib. Burada kənddə fəaliyyət göstərən bütün təşkilatlar üçün normal iş şəraiti yaradılıb.
Kənd mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bir neçə il bundan əvvəl kənddə yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu gün isə Milaxda kənd və xidmət mərkəzləri, əsaslı şəkildə yenidən qurulan avtomobil yolu istifadəyə verilir. Kənd tamamilə abadlaşdırılmış, sosial problemlər həll olunmuş, sakinlərin rahat yaşayışı təmin edilmişdir. İstifadəyə verilən yeni kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti yaxşılaşdırılmışdır. Eyni zamanda kənd mərkəzində yerləşən həkim ambulatoriyası üçün hərtərəfli şərait yaradılmış, rabitə evi istifadəyə verilmiş, poçt və telefon xidmətinin səviyyəsi yüksəldilmişdir. Kənddə tikilən yeni xidmət mərkəzində əhalinin gündəlik məişət tələbatı ödənilməklə yanaşı, 5 nəfər də işlə təmin olunmuşdur. Bütün bunlar isə dövlətimizin kəndlərin inkişafına göstərdiyi qayğının daha bir nümunəsidir”.
İki mərtəbədən ibarət olan binada inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, həkim ambulatoriyası, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evinin işçiləri üçün hər cür şərait yaradılıb, 55 yerlik tədbirlər zalı istifadəyə verilib.
Binanın birinci mərtəbəsində yerləşən rabitə evində 384 nömrəlik yeni ATS quraşdırılıb. Bu, Milax və Teyvaz kəndlərində əhaliyə yüksək səviyyədə rabitə xidmətinin göstərilməsinə imkan verir. Yeni obyektdə yerləşən poçt bölməsində məktub, faks və teleqramların qəbulu və göndərilməsi, gündəlik qəzetlərin, danışıq və internet kartlarının satışı təşkil olunub. Binanı istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılıb, ərazidə abadlıq işləri aparılıb.
Təsərrüfat və ərzaq mallarının satışı üçün 2 mağazanın yerləşdiyi yeni xidmət mərkəzi dağ kəndinin sakinlərinə daha bir qayğının ifadəsidir.

Ləkətağda yaşanan sevinc

Kənddə təhsilin səviyyəsini yüksəltmək üçün yenicə istifadəyə verilən Ləkətağ kənd tam orta məktəbinin binası uzaqdan göz oxşayır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası müasir memarlıq üslubunda inşa edilib. Burada geniş və işıqlı sinif otaqları, laboratoriyalar, hərbi kabinə və idman zalı yerləşir. 144 yerlik məktəb binasında 2-si elektron lövhəli olmaqla, 12 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kitabxana, idman zalı və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib. Digər təhsil ocaqlarında olduğu kimi, Ləkətağ kənd tam orta məktəbində də informasiya-kommunikasiya texnologiyaları ilə təminat diqqət mərkəzində saxlanılıb, 8 kompyuter quraşdırılıb və onların internetə çıxışı təmin edilib. Laboratoriya və kabinələrdə lazımi cihazlar, tədris vəsaitləri qoyulub. “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin keçilməsi üçün lazımi şərait yaradılıb. İdman zalındakı şərait fiziki hazırlıq dərslərinin yüksək səviyyədə tədrisinə, ayrı-ayrı idman növləri üzrə yarışların təşkilinə imkan verib. Məktəbdə müəllimlərlə həmsöhbət oluruq. Təhsil ocağının direktoru Aslan Quliyev 2012-ci ildə Ləkətağda həyata keçirilən quruculuq işləri üçün kənd adamları adından minnətdarlığını bildirir. Onların ixtiyarına belə bir məktəb binasının verilməsinin pedaqoji kollektivin məsuliyyət hissini daha da artırdığını dilə gətirir. Bunun müqabilində daha yaxşı işləyəcəklərini bildirir. Deyir ki, bu gün Ləkətağ kimi ucqar dağ kəndində müasir tələblərə cavab verən, maddi-texniki bazası gücləndirilən yeni məktəb binasının istifadəyə verilməsi dövlətimizin belə ünvanlarda yaşayan insanlara böyük qayğısının ifadəsidir. Təbii ki, bütün bunlar məktəbin uğurlarının daha da artmasına imkan verəcək. Öyrənirik ki, 2011-2012-ci tədris ilində məktəbi 6 məzun bitirib. Onlardan 2-si ali məktəblərin, 2-si isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüblər. Tələbə adını qazanan məzunlardan 1-i 500-700 intervalında bal toplayıb.
Ləkətağda istifadəyə verilən yeni obyektlərdən biri də kənd mərkəzidir. Mərkəzin binası 3 mərtəbədən ibarətdir. Burada kənddə fəaliyyət göstərən təşkilatlara hərtərəfli şərait yaradılıb. Qeyd edək ki, Ləkətağ kənd inzibati ərazi dairəsi üzrə nüma­yəndəlik həm də Boyəhməd kəndini əhatə edir.
Kənd mərkəzindəki rabitə evində Ləkətağ və Boyəhməd kəndlərində 116 abonentə xidmət göstərən 384 nömrəlik ATS quraşdırılıb. Burada yaradılan poçt bölməsində internet və danışıq kartlarının, qəzetlərin satışı həyata keçirilir.
Ləkətağ kəndində istifadəyə verilən xidmət mərkəzi cari ildə bu yaşayış məntəqəsində həyata keçirilən quruculuq tədbirləri çərçivəsində inşa edilib. Bir mərtəbədən ibarət olan binada ərzaq və sənaye mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu vardır.
Xidmət mərkəzində həmsöhbət olduğumuz kənd adamları Eynalı Məmmədov, Telman Həsənov, Heydər Quliyev və başqaları 2012-ci ili bu yaşayış məntəqəsinin həyatında ən uğurlu il hesab etdiklərini dedilər. Onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.

Boyəhməd kəndi də qayğı əhatəsindədir

Bu yaşayış məntəqəsi rayon mərkəzindən 64 kilometr aralıda yerləşir. Cari ildə Boyəhmədə də quruculuq tədbirlərindən pay düşüb. Kənddəki yeni quruculuq ünvanlarından biri iki mərtəbədən ibarət olan kənd mərkəzidir. Burada inzibati ərazi dairəsi üzrə nümayəndə üçün iş otağı, kitabxana, mədəniyyət evi və feldşer-mama məntəqəsi yerləşir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış mərasimində kənd sakinlərini təbrik edərək demişdir: “Muxtar respublikamızda aparılan quruculuq işləri ucqar dağ kəndi olan Boyəhməd kəndini də əhatə etmişdir. Bu il kənddə yeni kənd mərkəzi tikilmiş, məktəb binası yenidən qurulmuş, kəndin Azərbaycan Vətən müharibəsi iştirakçısı olan sakininə yeni fərdi ev inşa olunmuş, feldşer-mama məntəqəsi üçün müasir şərait yaradılmışdır. Kəndin yolu da müasir standartlar səviyyəsində qurulmuş, asfalt örtük salınmış, rayon mərkəzi ilə əlaqə xeyli yaxşılaşmışdır. Bu kənddə həyata keçirilən tikinti-quruculuq işləri, ilk növbədə, sakinlərin rahat yaşayışına, onların sıx məskunlaşmasına imkan verir. Kənddə görülən işlər bu gün dövlətimizin sosial-iqtisadi inkişaf xəttinin, regionların inkişafına göstərdiyi yüksək diqqət və qayğının ifadəsidir”.
Bu il Boyəhməd kənd tam orta məktəbinin binası da yenidən qurulub. Yeni binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron lövhəli siniflərin və zəngin kitabxananın yaradılması, elektron dərsliklərlə təminat tədrisin keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompyuter otağı və kitabxana istifadəyə verilib. Kompyuter otağında 4 kompyuter quraşdırılıb və internetə qoşulub.

2012-ci il sosial qayğıya ehtiyacı olan culfalılar üçün də uğurla başa çatır

Muxtar respublikamızda sosial qayğıya ehtiyacı olan insanlar daim diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan vətəndaşlar üçün fərdi mənzillərin tikintisi regionda reallaşdırılan quruculuq layihələrinin tərkib hissəsinə çevrilib. Culfa rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Həmin işlər cari ildə də davam etdirilib. Dekabr ayının 8-də birinci qrup əlil Arif Zamanovun ailəsi üçotaqlı, üçüncü qrup Azərbaycan Vətən müharibəsi əlili Vüqar Yunisovun ailəsi ikiotaqlı fərdi yaşayış evlərinin sevincini yaşayıblar. Budur, Boyəhməd kəndində Vüqar Yunisovun evindəyik. Onlar hələ də yeni evin sevincini yaşayırlar. Bu münasibətlə Vüqar Yunisovun ailəsini təbrik edirik. Dövlətimizin böyük qayğısının ifadəsi olan bu ocaqda onlara şadlıq və səadət arzulayırıq. Deyir ki, öz gücümlə belə bir evi bir neçə ilə tikə bilməzdim. Sağ olsun dövlətimizi. Bir neçə ayın içində hər cür məişət şəraiti yaradılan, həyətində abadlıq işləri aparılan, içməli su xətti çəkilən evlə təmin olunmağın dövlətimizin humanitar siyasətinin ifadəsidir. Bu qayğı mənimlə bərabər, qohum-qonşularımı, həmkəndlilərimi də ürəkdən sevindirib.

Biz isə belə düşünürük: həmin gün təkcə ev alan ailələr, onların yaxınları deyil, bütövlükdə, 3 kəndin sakinləri böyük sevinc hissləri yaşayıblar. Bu sevinci onlara dövlətimiz bəxş edib.

 

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR