22 Dekabr 2024, Bazar

İnsanları zəhmətkeş və torpağa bağlı olan bu kənd inkişafın yeni mərhələsindədir



“Demat” gülüstana dönüb

Zeyvə Şərur rayonunun böyük yaşayış məntəqələrindən biridir. Sovet dönəmində bu yaşayış məntəqəsində vur-tut bircə məktəb binası tikilib. Kəndin nə bir klubu, kitabxanası, nə də ki tibb və baytarlıq məntəqələri, poçt bölməsi olub. Zeyvə, sadəcə olaraq, Düdəngə kəndinə sığınıb. 2003-cü ildən müstəqil ərazi vahidi kimi yaradılıb və fəaliyyətə başlayıb. Elə həmin vaxtdan da, necə deyərlər, kəndin üzünə gün doğub. 2003-cü ildə “Zeyvə-2”, 2004-cü ildə isə “Zeyvə-1” su nasos stansiyaları 20 illik fasilədən sonra əsaslı təmir edilərək işə salınıb. Arpaçay sağsahil kanalından kəndin ilanmələyən çöllərinə su qaldırılıb. Bununla da, Zeyvə kəndinin tikan-qanqal basmış 360 hektarlıq “Demat” adlı sahəsi əkin dövriyyəsinə daxil edilib. Həmin sahələrdə də taxıl, kartof, bostan-tərəvəz bitkiləri əkilib becərilir. İnsan əli, insan nəfəsi ilə “Demat” gülüstana dönüb.

798 təsərrüfatda 2826 nəfər əhalinin yaşadığı kəndin 1446 hektar ərazisi var. Zeyvə torpağı məhsuldar, ruzi-bərkətlidir. İnsanları isə bu qiymətli sərvəti ən halal qazanc mənbəyi hesab edirlər. Torpaq da onların zəhmətini əvəzsiz qoymur, ona baş əyənə, alın təri axıdana gözəl yaşayış, firavan həyat bəxş edir.

Kəndin təsərrüfat həyatı

Kənd ərazi dairəsi üzrə nümayəndə Rasim Məmməd­ov bildirdi ki, zeyvəlilər əkinçilikdə xeyli təcrübə qazanıblar. Buna görə də onlar aqrar bölmənin inkişaf etdirilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.
Taxılçılıq ən mühüm sahədir. Bu səbəbdəndir ki, cari təsərrüfat ilində 354 hektar zəmidən taxıl tədarük edilib. Torpaq mülkiyyətçisi Aqil Məmmədov isə bu sahədə rekord nəticə əldə edib. Bu zəhmətkeş torpaq adamı 103 hektarın orta məhsuldarlığını 40 sentnerə çatdırıb. Bunu son hədd hesab etmir, deyir ki, bu şəraitdə daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Çünki dövlətimiz kənd adamlarını həm keyfiyyətli toxumla, həm yanacaqla təmin edir, onlara kreditlər ayırır, digər yardımlar olunur. İş adamının özünün şum traktoru, kombaynı, kipvuranı, buğdaələyəni və başqa kənd təsərrüfatı texnikaları var. Əkin-biçin mövsümündə bəzən gecəyarıyadək onun texnikalarının səsi eşidilir.
Torpaq mülkiyyətçisi Faiz İsmayılov, Nemət Rzayev, Zaur Əliyev hər biri 5 hektar sahədə taxıl yetişdiriblər. Cari il onlar üçün də uğurlu olub. Sahələrdən bol məhsul tədarük ediblər.
Kənddə daha bir torpaq adamı – İsa Hüseynovla da görüşdük. İxtisasca stomatoloq olan bu zəhmətkeş insanın hər il taxılçılıqda yüksək nailiyyətlər qazandığından xəbərim var. Bu əmək adamı və kənd ziyalısının söhbətini dinlədikcə çox uzaq olmayan keçmişimizi xatırlayıram. Texnikanın olmaması, suyun azlığı, keyfiyyətli toxum sortlarının əldə edilməsindəki çətinliklər məhsuldar torpaqlarımızın boş qalmasına səbəb olmuşdu. Lakin həyata keçirilən məqsədyönlü tədbirlər bu problemlərin aradan qaldırılmasına rəvac verdi, əkin sahələrimiz cana gəldi, kənd adamları bu qiymətli sərvətə pənah gətirməklə öz güzəranlarını yaxşılaşdırdılar. İsa Hüseynovun da 45 hektarlıq taxıl zəmisi “Demat”dadır. Onun quşçuluq təsərrüfatı da var; dəvəquşu bəsləyir, onların sayını artırmağa çalışır.
İsa Hüseynovla söhbət zamanı dedi ki, hər hektardan 42 sentner məhsul əldə edib. Əkin zamanı akademik Cəlal Əliyevin yüksək keyfiyyətli toxum sortlarına üstünlük verib, zəmilərə vaxtlı-vaxtında qulluq göstərilib. Bu ilin payızında isə 50 hektara buğda əkmək fikrindədir. Bu gün-sabah sahələrin şumlanmasına başlayacaqdır.
Daha bir uğurlu nəticə kartofçuluqdan gözlənilir. İqtisadiyyatın yüksəldilməsində bu sahənin də xüsusi çəkisi var. Ona görə də cari təsərrüfat ilində torpaq mülkiyyətçiləri 17 hektarda kartof əkini aparıb, bol və keyfiyyətli məhsul yetişdirib, yığıma başlayıblar. Bu sahədə isə ən yüksək nailiyyəti Samur Əliyev, Qadir Rzayev, Nəsib Hüseynov qazanıblar. Onlar artıq kartofçuluqda ikipilləli əkin sisteminin sirlərinə yiyələniblər.
Şərur rayonunun bostan-tərəvəz məhsulları ilə təminatında zeyvəli torpaq mülkiyyətçilərinin də böyük əməyi olur. Bu il bostan-tərəvəz sahələri 42 hektara çatdırılıb. Fədakar əmək öz bəhrəsini verib. Bol bostan-tərəvəz hasilə gətirilib və məhsul toplanışına başlanılıb. Bostan-tərəvəz məhsulları qar yerə düşənə kimi yığılacaq və yaxşı qazanc gətirəcəkdir.
Zeyvədə geniş otlaq sahələri mövcuddur, bura mal-heyvan saxlamaq üçün hər cür imkan və şəraitə malikdir. Kəndin fədakar adamları bu fürsəti əldən vermir, ilbəil mal-qaranın sayını artırmağa çalışırlar. Hazırda burada 1100 baş qaramal, 2358 baş davar bəslənilir. Digər yaşayış məntəqələrimiz kimi, Zeyvədə də təzə ət və süd məhsullarının yerli imkanlar hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Kənd adamları Tural Məmmədov 315, Bəylər Əhmədov 500, Bayram Əliyev 200 baş qoyun saxlayır.

Arzular və ümidlər reallaşıb

Naxçıvan-Sədərək magistral yolunun kənarında yerləşən Zeyvə kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi onun sakinlərinə sevinc bəxş edib. Çünki bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq tədbirlərindən onlara da pay düşüb. Zeyvəni indi tanımaq olmur. Burada tikinti-quruculuq tədbirləri kompleks şəkildə aparılıb. Kənd yollarında, elektrik və su təsərrüfatlarında aparılan əsaslı təmir və yenidənqurma tədbirlərinə də böyük həcmdə maliyyə vəsaitləri xərclənib. Zeyvə və Düdəngə kənd­lərini əhatə etməklə 2,5 kilometr uzunluğunda yola asfalt salınıb. Naxçıvan-Sədərək magistral yolunun kənd ərazisindən keçən hissəsində 1200 metr uzunluğunda qoruyucu divarların tikilməsi də sakinlərin ürəyincə olub.
Burada tikilib istifadəyə verilən təhsil ocağının görkəmi arxitektura və memarlıq baxımından digər kənd­lərdəki məktəblərdən fərqlənir. Binanın fasad hissəsində işlənən dekorativ travertin üzlüklər, rəngli şüşələr tikiliyə xüsusi gözəllik verir.
Binada 34 sinif otağı, zəngin əyani vəsaitlərlə təmin olunmuş fənn kabinələri, laboratoriyalar, kitabxana, idman zalı, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Yeniyetmə və gənclərin müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün iki kompüter otağı yaradılıb. Hər otaqda 11 kompüter internetə qoşulub. İki elektron lövhəli sinif otağı da tədrisin yüksək səviyyədə aparılmasına imkan yaradıb.
Şagirdlərin sağlamlığı daim diqqətdə saxlanılır. Onların fiziki tərbiyəsi üçün müxtəlif qurğularla zəngin idman zalı yaradılıb. Burada mini-futbol, voleybol, basketbol yarışlarının keçirilməsi üçün hər cür şərait var. Məktəb müasir istilik sistemi ilə təmin olunub.
Zeyvə kənd tam orta məktəbi rayonun qabaqcıl təhsil müəssisələrindən biridir. 2011/2012-ci dərs ilində məktəbin məzunlarından 7-si ali, 5-i isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmış, onlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır.
Məktəbdə təcrübəli pedaqoqlar çoxdur. “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris edən, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Gültəkin Həsənova, “Tərəqqi” medallı tarix müəllimi Məhərrəm Rəhimov, rayonda təcrübəli ingilis dili müəllimi kimi tanınan Gözəl Heydərova bu məktəbdə çalışırlar.
Müasir standartlar səviyyəsində inşa olunan kənd mərkəzi iki mərtəbədən ibarətdir. Binada icra nümayəndəliyi, kənd bələdiyyəsi, polis məntəqəsi, baytar üçün iş otaqları ayrılıb.
Muxtar respublikamızda inşa edilən kənd mərkəzlərində kitabxanaların yaradılmasına ciddi diqqət yetirilir. Binanın birinci mərtəbəsində böyük otaqlardan biri kitabxana üçün ayrılıb. Kitabxanada 3 mindən artıq kitab vardır.
Binanın ikinci mərtəbəsində 10 iş otağı, 52 yerlik akt zalı istifadəyə verilib, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının fəaliyyəti üçün iş şəraiti yaradılıb.
Kənd mərkəzinin bir hissəsində rabitə evi yerləşir. Burada dövri mətbuatın, danışıq və internet kartlarının satışı təşkil olunur.
Son vaxtlar istifadəyə verilən obyektlərdən biri həkim ambulatoriyasıdır. Müasir layihə əsasında inşa olunan ikimərtəbəli binada insanlara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün burada çalışan terapevt, pediatr, stomatoloq və ginekoloqlara normal iş şəraiti yaradılıb. Kabinet və otaqlar müasir tibbi avadanlıqlarla təmin olunub. Burada 11 həkim və orta tibb işçisi insanların sağlamlıqları keşiyində dayanır.
Xidmət mərkəzində isə ticarət və məişət sahələri cəmləşib. Burada gözəllik salonu, bərbərxana, ət satışı dükanı, ərzaq, sənaye və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 9 nəfər işlə təmin olunub.
Qəsəbə timsallı bu kəndə üz tutan hər bir kəs burada özünü müasir yaşayış məskənində hiss edir. Kənddə görüşdüyümüz insanların hamısı burada aparılan quruculuq işlərindən ağızdolusu danışdılar, məmnun olduqlarını söylədilər.

Gündən-günə iqtisadiyyatı güclənən, quruculuq prosesləri davamlı xarakter alan Şərurun bu abad guşəsindən xoş təəssüratla ayrılırıq. Bu təəssüratlardan qəlbimdə Zeyvənin mərd, zəhmət qədri bilən insanlarına qarşı xoş duyğular yarandı. Bu duyğuları qanadlandıran isə görüşüb söhbət etdiyim zeyvəlilərin bir-birinə səmimiyyəti, doğma yurd yerinə əsl vətəndaşlıq hissləri ilə bağlanmaları oldu.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR