22 Dekabr 2024, Bazar

2012-ci il baş vermiş maraqlı hadisələr, əlamətdar günlər və görülmüş işlərlə yaddaqalan oldu. Dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda ötən ilin yekunlarına nəzər saldıqda görürük ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında davam edən iqtisadi sabitlik və mədəni quruculuq hər birimizin həyatında dərin izlər buraxıb.

İşgüzar insanlar sosial-mədəni həyatın zənginləşməsinə yönəlmiş hər bir quruculuq addımının nə qədər çətin mərhələlərdən keçdiyini yaxşı bilirlər. İndiki liberal, yəni sərbəst iqtisadi fəaliyyət və söz azadlığı dövründə işgüzar insanların sayı da əvvəlki vaxtlarla müqayisədə dəfələrlə çoxdur. Başqa sözlə, indiki bazar iqtisadiyyatı və sərbəst sahibkarlıq şəraitində hər bir kəs cəmiyyətə faydalı olan biznes ideyaları ilə qısa müddətdə yaxşı gəlir əldə edib iş sahibi kimi tanına bilər. Eyni imkanlar demokratik cəmiyyət quruculuğunun məhsulu kimi azad söz sahibi olmaqla da yaranmışdır. Yəni bu yazını oxuyan hər bir oxucumuz istəsə, fikirlərini sosial şəbəkələr vasitəsilə bir an içində bütün dünyaya çatdıra bilər. Amma zamanın və texnologiyanın yaratdığı fürsətlər nə qədər artsa da, iqtisadi həyatda hər şey düşünülən kimi sadə və itisürətli deyil. Cəmiyyətdə mənafelərin gündən-günə dərinləşməsi, insanların sosial-mədəni tələbatlarının artması, qloballaşmanın yaratdığı kəskin beynəlxalq rəqabət, bir çox iri dövlətləri bürümüş maliyyə-iqtisadi böhranların təsirlərindən qorunmaq kimi onlarla belə faktlar bu yazıda göstərə biləcəyimiz çətinliklərin cüzi bir hissəsidir.

Azərbaycanın müasir inkişaf yolu ulu öndər Heydər Əliyevin siyasi kursunun və iqtisadi inkişaf strategiyasının əzmlə davamı ilə mümkün olmuşdur. Ölkəmizin regionlarının inkişafına göstərilən qayğı sosial dövlətin öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə ən tutarlı örnəkdir. Ölkəmizin mərkəzi şəhərlərindən tutmuş ən ucqar yaşayış məntəqələrinə qədər bütün regionlarında aparılan irimiqyaslı quruculuq tədbirləri arasında Naxçıvan Muxtar Respublikasında əldə olunmuş uğurların öz xüsusi yeri, çəkisi vardır. Blokadada yaşayan bir regionun iqtisadiyyatının daxili resurslar hesabına qısa müddət ərzində ixracyönümlü bir inkişaf xətti götürməsi bu gün bir çoxlarında heyrət doğurur. Bu, Vətən sevgisi və qətiyyətli iradənin hasilə gətirdiyi növbəti bir intibah dövrünün barlı bağının halal məhsuludur desək, yanılmarıq. İndi Naxçıvanda yaşayıb işləmək hər zamankından daha zövqlü, daha məhsuldar olmuşdur. Azad sahibkarlığa verilən imkanlar qısa müddət ərzində muxtar respublikanın idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Regionda sənaye məhsulu istehsalı ildən-ilə artmaqdadır. 2012-ci ildə istifadəyə verilmiş onlarla təhsil, səhiyyə, mədəniyyət obyektləri, dünya standartları səviyyəsində inşa olunmuş hamar yollar təkcə naxçıvanlıların deyil, muxtar respublikaya səfər edən yüz minlərlə turistin də rahatlığı üçün yaradılmışdır. 
Hər bir ölkədə, regionda görülmüş işlərin ən başlıca nəticəsi özünü makroiqtisadi sabitliyi təmin edən iqtisadi artımda göstərir. Bu baxımdan, 2012-ci ildə Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsulun həcminin əvvəlki ilə nisbətən 12 faiz artaraq 2 milyard 14 milyon manata çatması, hər şeydən əvvəl, regionda iqtisadiyyatın bütün sahələrinin, xüsusən də real sektor kimi tanınan sənaye və digər istehsal sahələrinin inkişafına göstərilən diqqət və qayğı sayəsində mümkün olmuşdur. İqtisadi inkişafın mövcud səviyyəsinin əhalinin sosial-mədəni tələbatlara cavab verə bilməsi üçün zəruri olan makroiqtisadi sabitliyin yaradılması isə çoxşaxəli iqtisadiyyata keçidlə sıx bağlıdır. Bu da, öz növbəsində, mövcud tələbatlara cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılması ilə mümkündür. Naxçıvan Muxtar Respublikası üçün bu vacib məsələ 2012-ci ildə də diqqət mərkəzində saxlanılmışdır. Əhalinin heç bir sıxıntı çəkmədən dünyadakı bütün insanların alıb istehlak etdikləri hər bir maddi neməti, mədəni xidmətləri burada – Naxçıvanda da əldə edə bilməsi muxtar respublika rəhbərinin əsas qayğısı olmuşdur. Muxtar respublikada bir sıra irimiqyaslı layihələrlə yanaşı, yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəlif təyinatlı 84 istehsal və xidmət müəssisəsi yaradılmışdır. Bu gün muxtar respublikada 115 növdə, 335 çeşiddə ərzaq, 229 növdə, 524 çeşiddə qeyri-ərzaq məhsulları istehsal olunmaqdadır. Artıq muxtar respublikada 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bütün bunlar isə sahibkarlıq fəaliyyətinə göstərilən diqqət və verilən güzəştli dövlət maliyyə dəstəyi hesabına mümkün olmuşdur. Muxtar respublikada 2012-ci ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 19 hüquqi və 1325 fiziki şəxs qeydiyyata alınmış, 7996 yeni iş yeri yaradılmışdır. Bu işlərin məntiqi davamı olaraq isə bu gün Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi artaraq 87 faizə çatmışdır. Cari ildə muxtar respublikada əhali gəlirlərinin artaraq 1 milyard manatdan çox olması, həyat və istehsalat risklərini azaldan sığorta işinin təşkili, əməyin mühafizəsi, enerji təhlükəsizliyi, elektron resursların yaradılması, ordu quruculuğu və digər sahələrdə həyata keçirilən məqsədyönlü tədbirlər ümummilli lider Heydər Əliyevin Naxçıvan haqqında arzularının gerçəkləşməsinə yönəlmiş nəhəng layihələrin yalnız bir hissəsidir.
Bu qədim Azərbaycan torpağının sakinləri yaşadıqları yurdun çiçəklənməsi naminə hər cəfaya hazır olduqları kimi, onun tarixinə, milli dəyərlərinə, xalq adətlərinə, milli mətbəxinə də həssasdırlar. Ona görə də burada vüsət alan quruculuq tədbirləri sosial həyata təsiri ilə bərabər, naxçıvanlıların mənəvi tələbatlarını da dərinləşdirmişdir. Bu baxımdan, “Milli dəyərlər ili” elan olunmuş 2012-ci ili Naxçıvanda həyata keçirilən irimiqyaslı layihələrlə birgə ən uğurlu, ən dəyərli sosial-mənəvi inkişaf ili də adlandıra bilərik. 2012-ci ildə muxtar respublikada elm, təhsil, mədəniyyət, mətbuat və digər humanitar sahələrdə aparılan bütün işlərdə milli dəyərlərimizin qorunması və onların təbliği sahəsində əsl həmrəylik müşahidə olunmuş, keçirilmiş çoxsaylı tədbirlərlə bu vacib məsələyə ümumxalq rəyi verilmişdir. Artıq sübut olunmuşdur ki, xalqın öz dəyərlərinə sahib çıxmasından, onları yaşadıb gələcək nəsillərə çatdırmasından böyük qürur yoxdur. Tanrının insana verdiyi ömürdə ona əmanət olunmuş bütün dəyərləri qoruyub zənginləşdirmək, onları xalqın malı etmək isə ən gözəl quruculuq, ən böyük savabdır.


Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR