23 Dekabr 2024, Bazar ertəsi

Bir çox duyğuları bir-birimizə çatdırmaq üçün çiçəklərdən, xüsusilə güllərdən  istifadə edirik. Sevgi, təəssüf və ya izhar etmək istədiyimiz digər duyğular. Çiçək və güllər insana sevinc, fərəh, inam gətirir. Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayiət edən təbii gözəlliklərdir. Belə ki, Vətən uğrunda öz canlarını qurban verən şəhidlərimizin məzarlarını gül-çiçəklə bəzəyirik. Dünyaya  övlad bəxş edən anaları ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, xüsusi günlərdə ilk ağla gələn, məktəb həyatına ilk qədəm qoyan övladlarımızın ən müqəddəs varlıq hesab etdiyimiz müəllimlərə qiymətli hədiyyəsi də elə gül dəstəsi olur. Ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar.

 Qədimdən bəri gül sevgi və firavanlıq simvolu sayılır. Güllər əsrlərboyu rəssam və şairlərin diqqətini çəkib və yaradıcı insanlar üçün ilham mənbəyi olub. Onlar hətta yuxuda da xoş təsirini bizdən əsirgəmir, həmin yuxu da müsbət yozulur. Bəlkə də, elə buna görə analar öz balasına laylasında belə deyirlər:

Layla dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül bağın olsun,
Kölgəsində yatasan.

Güllərdən insana müsbət həyat enerjisi süzülür, gül adı gələndə istər-istəməz insanın əhval-ruhiyyəsi yüksəlir. Müxtəlif nemətlər düzülmüş süfrədə gül olanda insanda xoş ovqat yaranır. İnsanların həyat səviyyəsi yaxşılaşdıqca zövqlər daha da yüksəlir, təbiətə, gözəlliyə daha həssas yanaşılır. Hər kəs nemətlərin ən yaxşısına sahib olmağa can atır. Bu günün reallığı belədir...
Bu gözəl, müxtəlifrəngli və mənalı güllərin necə qayğı ilə yetişdirildiyi haqqında məlumat almaq üçün yaxın günlərdə Babək rayonunun Zeynəddin kəndində yerləşən gülçülük təsərrüfatına yollanırıq. Əsəd Abbasovun və ailəsinin zəhmətlə əkib-becərdiyi təsərrüfatı gəzirik. Bahar ətirli gül-­çiçəklərin biri açıb, biri qönçə, digəri təzə pöhrədir. Baxmaqdan doymadığımız al-əlvan gülləri görəndə insan biranlıq ətraf aləmdən ayrılıb xəyallara dalır. İstixanada qaynar iş prosesi gedir. Kimi gül dərir, kimi isə gül buketləri hazırlayır. Burada soyuducu anbar da inşa olunub, qablaşdırılmış güllər orada saxlanılır, sonra isə satış ünvanlarına göndərilir.
Müsahibim deyir ki, 18 ildir, gül satışı ilə məşğuluq. Əvvəllər digər ölkə və şəhərlərdən gül gətirib Naxçıvan şəhərində özümüzə məxsus “Al çiçəyim” mağazasında satmışıq. Naxçıvanda sahibkarlıq mühitinin inkişafına yaradılan geniş şəraitdən istifadə edib, gülə olan tələbatı ödəmək üçün 2014-cü ilin aprel ayında gülçülük təsərrüfatı yaratdıq. Hazırda 6 min 500 kvadratmetr olan sahədə 12 istixanaya 9 növdə gül şitili əkilib. Bu güllər gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də seçilirlər.
Bir ailənin birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 7-8 nəfər ailə üzvü həvəslə çalışır.
Ailə təsərrüfatının üzvü Vətən Abbasov deyir ki, müdrik atalarımızın qızıldan qiymətli sözü var: “Güc birlikdədir”. Biz bu birliyin gücünü, əzmini ailə təsərrüfatını yaradandan sonra bir daha gördük. İstixanalarda çalışanların hamısı bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün öz məsuliyyətini dərindən dərk edir. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və firavan yaşamaq deməkdir. Dövlətimizi sağ olsun ki, bizə belə şərait yaradıb. Təbiətlə ünsiyyətdə olmaq və güllərə qulluq etmək onları seyr etmək qədər gözəldir.
Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərib ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir. Gül şitillərini qardaş Türkiyədən gətirdiklərini deyən müsahibim onu da bildirir ki, həmin gül şitillərinə görə muxtar respublikanın gömrük-keçid məntəqələrində heç bir rüsum ödəmirlər. Bu da ailə təsərrüfatlarının fəaliyyətlərinə göstərilən qayğının daha bir nümunəsidir.
Müsahibim Naxçıvan bazarına gül çıxarmaqla yanaşı, Bakıya da gül göndərdiklərini, orada da yaxşı alıcı qazandıqlarını deyir, daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyduqlarını qeyd edir.
Gözəlliyi, gül-çiçəyi görmək, duymaq, ona qayğı göstərmək xoş əhval-ruhiyyənin əlamətidir. Təbii ki, mühitinə görə güllər hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır, bəzən isə bir gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olur. Çünki çiçəklər həyat, sevgi rəmzi daşıyır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR