Naxçıvan Muxtar Respublikasının sərt iqlim-hava şəraitinə və mürəkkəb relyefə malik olmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində burada aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm nəticələr əldə olunmaqdadır.
Cari ildə də kənd təsərrüfatının müxtəlif sahələri üzrə əldə olunmuş irəliləyişlər bu sahədəki müsbət dinamikadan xəbər verir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən son beş il ərzində istər əkin sahələrinin artımında, istərsə də ümumi kənd təsərrüfatı məhsulu istehsalında stabil artım qorunub saxlanılıb.
Muxtar respublikanın məhdud torpaq resurslarının əkin dövriyyəsinə qatılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində bu göstərici cari ildə də artımla qeydə alınıb və nəticədə, 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Bu, 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.
Ərzaq təhlükəsizliyində mühüm əhəmiyyətə malik olan taxılçılıqla yanaşı, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılıb və 2019-cu ildə 3228 hektar sahədə kartof əkini aparılıb. Bu da 2018-ci ildə əkilmiş sahədən 13 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradıb.
Aqrar sahənin infrastruktur təminatında soyuducu anbarların və istixana təsərrüfatlarının mühüm rolu vardır. Bunların vasitəsilə ilboyu əhalinin təzə meyvə-tərəvəz məhsullarına olan tələbatını ödəmək mümkündür. Cari ildə Şərur rayonunda bir soyuducu anbar genişləndirilib, Babək rayonunda bir, Şərur rayonunda iki soyuducu anbarın yaradılması, iki soyuducu anbarın genişləndirilməsi hazırda davam etdirilir. Bundan əlavə, Babək rayonunda bir istixana təsərrüfatı yaradılıb, Şərur və Ordubad rayonlarının hər birində bir istixana təsərrüfatının yaradılması davam etdirilir.
Aqrar sahədə əl əməyinin müasir texnikanın köməyi ilə azaldılması təsərrüfatların rentabelli işləməsində mühüm şərtdir. Bu baxımdan “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2019-cu ilin yanvar-iyun aylarında 309 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Bu dövrdə məhsul istehsalçıları 7079 tondan artıq mineral gübrə ilə təmin olunub.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı cari ildə də diqqətdə saxlanılıb, 5 heyvandarlıq təsərrüfatı yaradılıb, 1 heyvandarlıq təsərrüfatı genişləndirilib. Hazırda 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-iyun aylarında 4 milyon 60 min 100 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 59,7 faiz çoxdur. Nəticədə, ölkəmizin əksər iqtisadi rayonlarında qaramalın, qoyun və keçilərin sayında bir il öncəyə nisbətən azalma olub, muxtar respublikada isə, əksinə, bu sahədə artım qeydə alınıb.
Arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. 2019-cu ilin ilk altı ayında bu sahədə müvafiq tədbirlər görülüb, 4 arıçılıq təsərrüfatının yaradılması və 2 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə cari ilin yanvar-iyun aylarında 241 min 100 manat kredit verilib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,8 faiz çoxdur. Ümumilikdə, cari ilin ilk altı ayında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə 5 milyon 83 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 66,7 faiz çoxdur.
Aqrar sektor ailə təsərrüfatları üçün geniş fəaliyyət sahəsidir. “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli sərəncamlarının icrası, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən digər tədbirlər və bu sahənin daim diqqətdə saxlanılması iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmaqdadır.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 2,8 faiz çox, yəni 133 milyon 451 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu dövrdə muxtar respublikadan 40 milyon 358 min 700 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac edilib.
Göründüyü kimi, mürəkkəb təbii-iqlim şəraitində iqtisadiyyatın vacib sahəsi olan kənd təsərrüfatında mühüm nəticələr əldə olunmaqda, muxtar respublikanın ixrac potensialı artmaqdadır. Bütün bunlar isə dayanıqlı iqtisadi inkişafın əsas şərti kimi diqqəti cəlb edir.
Əli CABBAROV