Muxtar respublikamızda daxili istehsalın artırılması müxtəlif növ məhsullar üzrə tələbatın tam şəkildə ödənilməsinə imkan yaradıb. Bu mənada, xüsusən yay aylarında böyük tələbata malik olan pivə istehsalı həmin sahədə idxaldan asılılığın aradan qaldırılmasına və məşğulluq məsələlərinə də mühüm təsir edir.
2006-cı ildən fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan 60-a yaxın işçi istehsal etdiyi məhsul üzrə keyfiyyət prinsiplərini ön planda tutaraq istehlakçı məmnuniyyətinə nail olmağı qarşıya məqsəd qoyub. Müəssisə rəhbəri Seyfəddin Rəhimov onlara göstərilən dövlət qayğısının bu məsələdə böyük rol oynadığını vurğuladı. O bildirdi ki, xammalı Belçika, Çexiya, Slovakiya və Almaniya kimi ölkələrdən gətirilən Naxçıvan pivəsi Avropa mənşəli texnologiya vasitəsilə istehsal edilir ki, bu da hazır məhsulun yüksəkkeyfiyyətli olmasına səbəb olur. Aparılan marketinq araşdırmalarına görə, “Prestij Naxçıvan Pivəsi” yerli alıcılarla bərabər, muxtar respublikamıza gələn turistlərin də həvəslə aldığı məhsullardandır. Hər bir sahədə yeni texnologiyanın tətbiqi, son nəticədə, yüksək keyfiyyət və məhsuldarlıq deməkdir. Bu müəssisədə də yenilənməyə göstərilən diqqət öz bəhrəsini verir. Belə ki, bu il istehsal xəttində Çexiyanın “CHEOPS” şirkətinin istehsalı olan 50 min avro dəyərində avadanlıqlar alınması üçün müqavilə bağlanılıb. Yeni avadanlıq məhsul istehsalını artırmağa birbaşa təsir edəcək. Cari ilin ilk 7 ayı ərzində isə müəssisədə 36 min 578 min dekalitrdən artıq pivə istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 10 min 386 dekalitr çox deməkdir. Şübhəsiz, isti yay günlərində sərin içkilərə tələbatın 70-80 faizədək artdığı bir dövrdə daha çox məhsul istehsal olunub satışa göndərilməsi müəssisənin rəqabət qabiliyyətinin artmasını sübut edən əsas amillərdəndir.
“Prestij Naxçıvan Pivəsi” MMC, həmçinin muxtar respublikamızda və ölkəmizin digər yerlərində həvəslə alınan “Darıdağ” mineral suyunun da istehsalı ilə məşğuldur. Culfa rayonunun Gülüstan kəndində yerləşən mineral sular sexində qablaşdırılan “Darıdağ” təbii mineral müalicəvi süfrə suyuna muxtar respublikamız ilə yanaşı, ölkəmizin digər yerlərində də tələbat vardır. Belə ki, ilin əvvəlindən burada 18 min dekalitrdən artıq həcmdə mineral su müxtəlif həcmli taralarda qablaşdırılıb.
Hər il olduğu kimi, bu il də müəssisə uğurlu fəaliyyətini davam etdirir. Dövlətimizin sahibkarlığın inkişafına verdiyi dəstəkdən bəhrələnən bu müəssisə öz işinin həcmini genişləndirməklə muxtar respublikamızın sosial-iqtisadi inkişafına daha çox töhfə verməyə çalışır.
Əli CABBAROV