Günün istənilən saatında şəhərimizin hüsnünə yaraşıq verən rəngbərəng vitrinlərlə bəzənən marketlərə üz tutub səliqə ilə yığılmış tər çörəklərdən istədiyimiz qədər ala bilirik. Çörəyimiz bol olduğu üçün, necə deyərlər, evə əlidolu, üzüağ gedirik. Daha nə saatlarla çörək növbəsi gözləyən var, nə də ki “marketdə çörək qurtarıb, gərək bir-iki saatdan sonra yenə gedim görüm tapa bilərəm?” – deyən. Elə süfrə başında da tez-tez böyüklərin keçmişin acı xatirələrini yada salaraq: “İlahi, bizi bir daha çörəklə imtahana çəkmə”, – deməsi, o illərdə yaşananlar barədə edilən söhbətlər firavan, əmin-amanlıq, bolluq içində yaşadığımız bugünkü dövrün necə qiymətli olduğunu biz gənc nəslə aşılayır...
Təbii ki, çörəyin hasilə gəlməsi düşündüyümüz qədər də asan deyil. Taxılın əkilməsi, becərilməsi, yığılması, dəyirmanda üyüdülərək un halına salınması, bişirilərək marketə gətirilməsinə qədərki prosesi incələsək, bu işin necə böyük zəhmət tələb etdiyini görərik. Ancaq muxtar respublikamızda aparılan məqsədyönlü tədbirlər nəticəsində ilbəil bu proses daha da asanlaşır, insanlara rahat işləməsi, məhsul bolluğu üçün hərtərəfli şərait yaradılır. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, mineral gübrələr və müasir suvarma sistemləri ilə təmin olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kreditlərin verilməsi, eyni zamanda dövlətimiz tərəfindən ayrılmış yardımlar aqrar sahənin davamlı inkişafına yol açır. Sistemli şəkildə həyata keçirilən kompleks islahatlar sahibkar-torpaq münasibətlərinin elmi əsaslarla müasir təsərrüfatçılıq formasında inkişaf etdirilməsini reallaşdırır, bu isə məhsuldarlığın yüksəlməsinə səbəb olur. Təsadüfi deyil ki, artıq son bir neçə ildir, muxtar respublika sakinlərinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına ödənilir.
Kənd təsərrüfatının aparıcı sahəsi sayılan taxılçılığın inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlərin bəhrəsini builki biçin kampaniyasının nəticələrini əks etdirən statistik göstəricilərdə də aydın görmək mümkündür. Belə ki, 2019-cu ilin məhsulu üçün əkilmiş 33 min 308 hektar taxıl sahəsindən 102 min 984 ton məhsul tədarük edilib, məhsuldarlıq orta hesabla hər hektardan 30,9 sentner olub.
Təbii ki, əkinçilikdə, xüsusilə dənli taxıl bitkilərinin məhsuldarlığının yüksəldilməsində başlıca amillərdən biri keyfiyyətli toxumla əkin aparılmasıdır. Bu məqsədlə kondisiyalı toxum yetişdirilməsi mühüm şərtdir. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarları keyfiyyətli toxumla təmin etmək üçün “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatı fəaliyyət göstərir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında verilmiş tapşırıqlarla əlaqədar 2019-cu ildə muxtar respublikada payızlıq taxıl əkinlərinin aqrotexniki qaydalara uyğun aparılması və hazırlıq işlərinə dair avqustun 16-da müşavirə keçirilib. Müşavirədə qeyd olunub ki, payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikanın torpaq mülkiyyətçilərinə 5000-5500 ton toxum tələb olunur. Bunun üçün “Bərəkət Toxumçuluq” Təsərrüfatında 600 ton, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında isə 100 ton yüksəkkeyfiyyətli buğda və arpa toxumları mövcuddur. Yerli təsərrüfat sahibləri də özləri üçün toxum ehtiyatı tədarük ediblər. Bundan əlavə, ölkəmizdəki digər toxumçuluq təsərrüfatlarından muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun elit və 1-ci reproduksiyalı buğda və arpa toxumları gətiriləcək. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının qarşısında bir sıra vəzifələr qoyulub. Həmin tapşırıqların icra vəziyyətini öyrənmək üçün “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə yollandıq, iş prosesi ilə tanış olduq.
Öyrəndik ki, 2017-ci il aprelin 4-də yaradılan cəmiyyətin ötən dövr ərzində maddi-texniki bazası xeyli möhkəmləndirilib və intensiv metodların tətbiqi hesabına həmin təsərrüfatda yüksəkkeyfiyyətli məhsuldar toxum sortlarının yetişdirilməsi həyata keçirilir. Hazırda təsərrüfatın 2000 hektar torpaq sahəsi, 6 kombaynı, 5 traktoru, 5 toxumtəmizləyən aqreqatı olmaqla, ümumilikdə, 36 adda 86 texnika və avadanlığı vardır.
“Bərəkət Toxumçuluq” MMC-nin direktoru Cəfər Müzəffərov deyir ki, bu gün muxtar respublikada kənd təsərrüfatı sahələrinin, xüsusilə də əkinçiliyin inkişaf etdirilməsi, yüksək məhsul əldə olunması, yeni toxum sortlarının yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təbii ki, münbit torpaq və sağlam toxum olanda, necə deyərlər, əkinçilərin əli boşda qalmır, yüksək və keyfiyyətli məhsul istehsalına nail olurlar. Sevindirici haldır ki, toxumçuluq təsərrüfatları ilə yanaşı, ayrı-ayrı torpaq sahibləri də toxumçuluğun inkişafında fəallıq göstərir, nəticədə, son dövrlərdə fərdi təsərrüfatlarda da keyfiyyətli toxum sortları yetişdirilməsinə nail olunur. Bildiyimiz kimi, məhsuldar toxumun əldə olunmasında aqrotexniki qulluğun göstərilməsi ilə bərabər, əkinlərin vaxtlı-vaxtında suvarılması da əsas şərtdir.
Ötən dövr ərzində “Bərəkət Toxumçuluq” Təsərrüfatının fəaliyyətini genişləndirməsi, burada əkinlərin yüksək səviyyədə keçirilməsi və istehsal olunan məhsulun keyfiyyətli toxum materialına çevrilməsi üçün 1023 hektar sahədə qapalı suvarma sistemləri tikilib istifadəyə verilib. Təsərrüfatda keyfiyyətli və yüksək məhsuldarlığa malik toxumlar tədarük etmək üçün əkinlər şırım üsulu ilə aparılır. Bu üsulun üstün cəhətləri çoxdur. Belə ki, şırım üsulu ilə suvarılan torpaq yaxşı rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisinə yol verilmir, əkilən sahə quraqlığa qarşı davamlı olur. Əkinlərdə muxtar respublikanın torpaq-iqlim şəraitində sınaqdan keçirilmiş “Quality”, “Qobustan”, “Fatimə”, “Qılçıqsız” buğda sortlarından istifadə olunur. 2018-ci ilin payızında təsərrüfatda 2019-cu ilin məhsulu üçün 1037 hektar torpaq sahəsində taxıl əkini aparılıb. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2500 tona yaxın məhsul istehsal olunub, 600 ton toxum vim aqreqatından keçirilərək dərmanlanıb və toxum materialı paketlənərək satışa hazır edilib. Müqayisə üçün deyək ki, 2018-ci ilin məhsulu üçün 613 hektarda əkin aparılıb, 1284 tondan artıq məhsul tədarük edilib.
Göründüyü kimi, təsərrüfatın fəaliyyəti ilbəil genişlənir, məhsul istehsalının həcmi artır. Qarşıdakı illərdə təsərrüfata məxsus torpaq sahəsinin hamısında əkin apararaq məhsuldarlığın 6000 tona çatdırılması əsas məqsəddir. Hazırda 2020-ci ilin məhsulu üçün ayrılmış ərazinin 800 hektara yaxın hissəsində şum aparılıb, şumlama işləri, toxum təmizlənməsi və dərmanlanması tədbirləri uğurla həyata keçirilir.
Atalarımız haqlı olaraq deyiblər ki, güc birlikdədir, birlik olan yerdə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Müşahidələrimizdən aydın olur ki, dövlətimizin “Bərəkət Toxumçuluq” MMC-də çalışan zəhmətsevər insanların səmərəli fəaliyyətləri üçün yaradılan əlverişli iş şəraiti onları birlik nümayiş etdirməyə, əl-ələ verib günü-gündən çiçəklənən muxtar respublikamızın inkişafına töhfələr verməyə sövq edir. Qazanılan nailiyyətlər isə el arasında deyilən bir kəlamı xatırladır: Birlik harada, dirilik də orada...
Nail ƏSGƏROV