Hər fəsildə barlı-bərəkətli meyvə bağları, təbiət gözəllikləri ilə cənnəti xatırladan yurdumuzun adla deyilən meyvələri təkcə respublikamızda deyil, ondan kənarda da məşhurdur. Yazın son aylarında göycə, ərik, yayın istisində şaftalı, üzüm yeşiklərə yığılıb ən şirin pay kimi qohuma, qardaşa göndərilir.
Muxtar respublikamızın ən böyük bölgəsi olan Şərur isə digər meyvələri ilə yanaşı, həm də şaftalısı, hülüsü ilə tanınır. Hər il olduğu kimi, bu il də rayonun bərəkətli torpaqlarında bitən ağaclardan şaftalı, şələli, hülü toplanıb uzaq rayonlarda həmyerlilərimizin süfrələrinin bəzəyinə, bu sahə ilə məşğul olanların isə qazanc mənbəyinə çevrilir.
Rayonda bu meyvəni əkib-becərənlər çoxdur. Şaftalı daha çox Aşağı və Yuxarı Daşarx, Danyeri, Oğuz, Xanlıqlar, Zeyvə, Düdəngə, Mahmudkənd, Siyaqut kəndlərində yetişdirilir. Rayonda şaftalı bağlarının sahəsi ilbəil daha da genişləndirilir. Artıq bir neçə müddətdir ki, məhsul yığılır. Naxçıvan-Sədərək yolundan keçənlər alyanaq meyvələrlə bəzənmiş şaftalı bağlarının seyrinə çıxmaqla yanaşı, yolboyu istədikləri təsərrüfatdan bu ətirli meyvədən də alıb, dadına baxa bilirlər.
Hazırda rayonun şaftalı bağlarında növbəti meyvə yığımını həyata keçirən bağbanlar məhsul bolluğundan razıdırlar. Dərəkənd sakini Muraz Məmmədzadə Yuxarı Daşarxda saldığı 2 hektar şaftalı bağında ailə üzvləri ilə birlikdə çalışır. Şaftalı bağları az sahədən yüksək gəlir əldə etməyə imkan verir. Bağda yaz, yay və payız aylarında yetişən yerli növlər mövcuddur. İndiyə kimi 2 hektar bağdan 50 tondan artıq məhsul toplanılıb. Şaftalıya yerli bazarda böyük tələbat olduğundan satışında çətinlik yaranmır.
Ailə təsərrüfatı başçısı ilə söhbət zamanı şaftalının digər meyvələrlə müqayisədə daha çox qulluq tələb etdiyini bildirir:
– Bağdakı tinglərin növləri arasında “zəfəran” üstünlük təşkil edir. Bu növün qeyri-adi ətri var. Meyvənin iki çeşidi daha məşhurdur. Ağımtılı daha şirin, sarımtılı isə daha ətirli olur. Bol məhsul əldə etmək üçün ağaclara ilboyu qulluq lazımdır. Ağacların gövdəətrafı vaxtaşırı yumşaldılmalı, lazımi minerallar uyğun miqdarda verilməli, dərmanlama vaxtında aparılmalıdır. Bir sözlə, bu meyvənin nazını çəkməlisən ki, barını-bəhərini də görəsən. Ataların “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar” məsəli hər zaman özünü doğruldur.
Muraz onu da bildirir ki, əkib-becərdiyi bağdan hər il bol məhsul əldə etmək üçün daha məhsuldar və tələbat çox olan şaftalı növlərini artırır. Meyvəni, əsasən, yerli bazarlarda satır. Torpağa bağlı zəhmət adamı onu da əlavə etdi ki, rayonda şaftalının 50-dən çox növü becərilir. Bəzən tezyetişən şaftalı növləri çiçək açanda qeyri-sabit hava şəraitindən tozlanma prosesi pozulur. Bu il isə hava şəraiti bağbanların ürəyincədir. İl ruzili, barlı-bərəkətli olanda həm alıcı sevinir, həm də əkib-becərən.
Təsərrüfat sahibi uzun illərdir, bu meyvəni əkib-becərməsindən danışdıqca mövzu ilə bağlı araşdırmalar zamanı muxtar respublikamızda müxtəlif növləri yetişdirilən şaftalı meyvəsinin faydaları barədə əldə etdiyim məlumatları xatırlayıram.
Bu meyvəni ta qədimdən nənə-babalarımız uzunömürlülük və sağlamlıq rəmzi hesab ediblər. Şaftalı şirəsi ürək ritminin pozulması, qanazlığı, mədə-bağırsaq xəstəlikləri zamanı qəbul olunur. Dərini qidalandırır. Şaftalı bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır. Onun tərkibindəki C vitamini orqanizmi virus və infeksiyalardan qoruyur, A vitamini itigörmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir. Bir şaftalıda cəmi 50 kilokalori enerji olsa da, uzun müddət toxluq hissi yaradır. Nahardan sonra da əla desert sayılır. Bu dadlı meyvə həm də əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Zəngin B qrupu vitaminləri mənbəyidir. Yuxunu normallaşdırır, stresin öhdəsindən gəlməyə kömək edir.
Hər gün, yay-qış fərqi yoxdur, bağda ağaclara qulluq edib qayğısına qalan, əvəzində isə yaxşı məhsul götürən Muraz Məmmədzadənin – bu torpağa bağlı, zəhmətsevər insanın əməyi yazının əvvəlində xatırlatdığımız “Bağa baxarsan bağ olar...” məsəlinin heç də əbəs yerə deyilmədiyini bir daha təsdiqləyir. İnamla çalışıb, “Səndən hərəkət, məndən bərəkət” ümidi ilə ruzisini Tanrıdan diləyən bu halal torpaq adamından mən də “Zəhmətiniz hədər getməsin. Ruziniz bol, torpağınız bərəkətli olsun”, – deyə ayrılıram.
Ramiyyə ƏKBƏROVA